Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2343/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 04 noyabr 2015-ci il təvəllüdlü X4 və 07 oktyabr 2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 220 manat sabit pul məbləğinin, ümumilikdə 440 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, iş 2(005)-3968/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş X4 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda ümumilikdə 340 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. X2 7 yaşı var və X5 6 yaşı var. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlardan biri orta məktəbdə təhsil alır və digəri də 15 sentyabr 2023-cü il tarixindən etibarən orta məktəbdə təhsil almağa başlayacaq. Ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə gec-gec görüşür və gec-gec maraqlanır. Uşağın bütün qayğısının ehtiyacını tamamilə iddiaçı çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin bir müddət işləmədiyini, lakin son 3 aydır ki əvvəl işlədiyi yerdə satıcı işlədiyini, təxminən 600 manat əmək haqqı aldığını bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh satıcı işlədiyindən və gəliri az olduğundan iddiaçının tələb etdiyi alimenti ödəmək imkanına malik olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 doğulmuşdur. Atası Cavabdeh, anası X6r; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Atası Cavabdeh, anası X6r; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3968/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Kərimova (Ələkbərova) Xədicə Əmrah qızının Cavabdeh ilə xx.xx.2014-cü ildə 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 1113 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 04 noyabr 2015-ci il təvəllüdlü X7 və 07 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək iddiaçı (anası) Kərimova (Ələkbərova) Xədicə Əmrah qızının yanında saxlanılması, 04 noyabr 2015-ci il təvəllüdlü X7 və 07 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170 manat sabit pul məbləği olmaqla, ümumilikdə 340 manat alimentin tutularaq iddiaçı Kərimova (Ələkbərova) Xədicə Əmrah qızına ödənilməsi qət edilmişdir; - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir; - mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X8 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X9 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğinin X5 xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı uşaqlar üçün yaşayış minimumunun və onların xərclərinin artmasına istinad edərək həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən xeyli az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən aliment müəyyənləşdirilərkən müvafiq dövrün həyat standartları və uşaqların ehtiyaclarının səviyyəsi əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu artırılmışdır. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin artırılacaq məbləği ilə bağlı qeyd olunmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, alimentin təyin edilməsi zamanı yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə istinad edilməsi düzgün olsa da, aliment məbləğinin məhz həmin yaşayış minimumu həcmində müəyyən edilməsinə dair qanunvericilikdə hər hansı birbaşa göstəriş yoxdur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğ kimi digər valideyndən tutulmalı olması qeyd edilmişdir. Qeyd olunmalıdır ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun adıçəkilən Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyildir. Məhkəmə qətnaməsi icra olunmaq üçün çıxarılır, istər valideynlərin, istərsə də uşağın vəziyyətini hər hansısa bir şəkildə çətinləşdirməyə gətirib çıxarmamalıdır. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalı, müəyyən edilən aliment məbləği qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğdə olmalıdır. Bu zaman hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün tədbirlər görülməli, həmçinin konkret iş üzrə yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Məhkəmə qeyd edilənləri, cavabdehin gəlirlərini nəzərə alaraq hazırkı vəziyyətdə alimentin məbləğinin artırılaraq iki uşağın saxlanması üçün ümumilikdə 400 manat (hər uşaq üçün 200 manat) müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumuna yaxın məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-200, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3968/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2343/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2343/2023
10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver