Məhkəmə qərarları › İş №2(005)-2346/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2346/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2346/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.11.2014-cü il təvəllüdlü - X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh Rafik oğlundan tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 27.07.2016-cı il tarixli, 2(075)-4998/2016 nömrəli qətnaməsi ilə İddiaçı, Cavabdeh arasındakı nikah pozulmuş və 01.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 70 (yetmiş) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. O, aliment məbləğinin həcminin artırılmasına dair iddia ərizəsi il məhkəməyə müraciət etmişdir. Şəki rayon Məhkəməsinin 18.12.2017-ci tarixli, 2(075)-6502/2017 saylı qətnamasi ilə tərəflərin birgə nikahdan doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 85 (səksən beş) manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. X4 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artması ilə əlaqədar olaraq iddiaçı aliment məbləğinin həcminin artırılmasına dair məhkəməyə müraciət etmişdir. Şəki rayon məhkəməsinin 10.06.2019-cu il tarixli, 2(075)- 1191/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 120 (yüz iyirmi) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qismən təmin edilmişdir. Hal-hazırda X4 7 yaşı var. Şəki rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın səhhətində çox ciddi problemlər vardır. Pisxo-nevroloq və Qastroenteroloq həkimləri tərəfindən, nevroloji-psixoloji və qastroenteroloji diaqnozlar qoyulmuşdur. Hal-hazırda "Büllur" klinikasında müalicə alır, səhhətindəki problemlər sinir oyanıqlığı əqli gerilik beyinin qidalanmaması beyinə oksigen çatmamazlığı və mədə-bağırsaq problemləri daxil olmaqla, məsrəfləri yetərincə artmışdır. Cavabdeh X3 maddi vəziyyəti yaxşı olduğundan ikinci dəfə ailə həyatı qurmuşdur. Həm özünün, həm də ailəsinin imkanları genişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirməmiş, xəstə uşağını atıb getmiş, uşağı ilə maraqlanmamış, uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa vaxtında ödəməmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə məhdud imkanlarla, borcxərclərlə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın mənəvi təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yazılı etiraz təqdim edərək, sabiq həyat yoldaşı İddiaçı ilə aralarındakı münaqişələrin onun anası tərəfindən baş verdiyini, öz uşağı ilə maraqlandığını və alimenti vaxtında ödədiyini bildirmişdir. Hal-hazırda X6 ilə 2016-cı ildə ikinci dəfə ailə həyatı qurduğunu, o nikahdan 2017-ci il təvəllüdlü oğlu olduğunu qeyd etmişdir. Səhhətində olan ciddi problemlərə görə hazırda heç yerdə işləmədiyini bildirmişdir. Xəstəliklə bağlı sənədləri də etiraz ərizəsinə əlavə etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12.11.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 437480 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X7 01.11.2014-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; "xxxx" MMC-nin 05.04.2021-ci il tarixli arayışının məzmununda “X2, 2014-cü il təvəllüdlü ondan ötrü ki, o, həqiqətən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 05.04.2016-ci il tarixində verilmiş növbəti 089233 №-li müddətsiz lisenziya əsasında fəaliyyət göstərən «xxxx» MMC-də "Psixomotor inkişafın ləngiməsi" diaqnozu qoyulmuş və müvafiq müalicələr olunmuşdur” qeyd edilmişdir; Şəki Rayon Məhkəməsinin 2(075)-1191/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli Qətnaməsinin surətinə əsasən 01 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Həmidova (İmamverdiyeva) Sahibə İlqar qızına ödənilməsi qət edilmişdir; Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 01.11.2014-cü il təvəllüdlü - X7 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın iddiaçının (anasının) yanında qalması müəyyən edilmiş, cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutulmuşdur. Daha sonra Şəki Rayon Məhkəməsinin 2(075)-1191/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği dəyişdirilərək, 01 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Həmidova (İmamverdiyeva) Sahibə İlqar qızına ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğin yaşayış minimumundaq az olduğunu, buna görə də alimentin dəyişdirilərək, hər ay sabit məbləğdə 200 manat müəyyən edilməsini tələb edir. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aylıq gəlirinin 120 manat ilə müəyyən edilən məbləğdə alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 2(075)-1191/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 01.11.2014-cü il təvəllüdlü - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1191/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 01.11.2014-cü il təvəllüdlü - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər aya görə 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar