Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2356/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdehlər - qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması tələbi”nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız olunması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə imzalanmış və 3M-478 № ilə reyestrdə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2lə aralarında bağlanmış xx.xx.2018-ci tarixli 3M-478 reyestr №li və Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2018-ci tarixli 3M-576 reyestr №-li kredit müqavilələrinin bağlandığı andan etibarsız hesab olunmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 ilə uzun müddətli birgə iş birliyi olmuş, müxtəlif malların tədarükü və alqı-satqısı ilə əlaqədar ticarətlə məşğul olmuş, hətta birgə gəlirləri də olmuşdur. Lakin Cavabdeh2 ilə bağlı həyata keçirmək istədikləri ticarət əməliyyatı Cavabdeh1 günahı ucbatından baş tutmamışdır. Bu ticarət əməliyyatı ideyasının müəllifi özü olduğundan dəymiş ziyanın təkbaşına özü tərəfindən ödənilməsini tələb etmiş, bu zaman daha əvvəllər əldə etdikləri gəlirləri nəzərə almamış və cavabdehlərin istəklərini onun edəcəyinə əmin olmaları üçün onu uydurma kredit müqaviləsini imzalamağa məcbur etmişlər. Bu məqsədlə onu xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna məni apararaq orada guya cavabdehin özü və onun yaxın adamı olan Türkiyə vətəndaşı Cavabdeh2 tərəfindən ona 362.100 (üç yüz altmış iki min yüz) manat məbləğində pulu 213.000 (iki yüz on üç min) ABŞ dolları ekvivalenti ilə borc vermələri barədə müqaviləyə imza atmağa məcbur etmişlər. Həmin müqavilə 3M-478 № ilə reyestrdə qeyd edilmişdir. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun xüsusu notariusu X3 yanında müqaviləyə imza atarkən notariusun Cavabdeh1 ilə yaxın münasibətlərdə olmasını müşahidə etmişdir. Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qeyd edilən müqavilə üzrə hər hansı məbləğdə pul verilməmişdir. Müqavilədə göstərilən borc məbləğinin guya notariusun depozit hesabına qoyulması və rüsum çıxıldıqdan sonra guya həmin məbləğin onun tərəfindən hesabdan çıxarılması rəsmiləşdirilmişdir. Notariat kontorunda quraşdırılmış kameraların həmin tarixdə qeydə aldığı videogörüntülərə baxış keçiriləcəyi təqdirdə, onun həqiqətən də cavabdehlərdən hər hansı məbləğdə pul vəsaitini almadığı, həmçinin depozitə qoyulmuş pul məbləğini hesabdan qəbul etmədiyi aydın olacaqdır. Qeyd edilənlərə əsasən hesab edir ki, aralarında bağlanlmış xx.xx.2018-ci il tarixdə imzalanmış kredit müqaviləsinin və xx.xx.2018-ci il tarixdə imzalanmış kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə cavabdehlər - qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia barədə ərizə ilə məhkəməyə müraciət edərək 249212 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı oglu ilə aralarında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 362.100 (üç yüz altmış iki min yüz) manat, (213.000 (iki yüz on üç min) ABŞ dolları ekvivalenti ilə) məbləğində pul vəsaitinin İddiaçı alınaraq 181050 manat (106500 ABŞ dolları) Cavabdeh1, 181050 manat (106500 ABŞ dolları) Cavabdeh2 verilməsi, xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 61560 manat 40 qəpik (36212.00 ABŞ dolları) məbləğində pulun İddiaçı alınaraq Cavabdeh1 verilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə müəyyən olunmuş müddət başa çatdıqdan sonra "Borc verənlər" tərəfindən İddiaçı müqavilə üzrə olan öhdəliyin yerinə yetirərək pulun qaytarılması tələbinə dair dəfələrlə müraciət etməklərinə baxmayaraq hazırki vaxta qədər hər-hansı məbləğ ödənilməmişdir. Tərəflər arasında olan borc münasibətləri Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada hərhansı hüquq pozuntusuna yol verilmədən rəsmiləşdirilmişdir. Mülki Məcəllənin göstərilən müddəaları baxımından onlar arasında borc (kredit) müqavilələri bağlanmışdır. Belə ki, "borc alan" digər şəxslərdən götürdüyü, lakin cavabdehə verdiyi anda ona məxsus pul vəsaitini cavabdehə verməsini, cavabdeh isə həmin pul vəsaitinin qaytarmasını öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəfər arasında yaranmış münasibətlər Mülki Məcəllənin 739.1 -ci maddəsinin dispozitiv şərtlərinə tam uyğundur və "borc alanın" hansı məqsədlər üçün (şəxsi istifadə, kommersiya fəaliyyəti və s.) həmin pul vəsaitinin götürməsi bu münasibətlərə təsir etmir. Tərəfər arasında bağlanmış borc (kredit) müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış və "borc verənlərin" iddia tələbləri də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. "Borc alan"- İddiaçı hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki. o. borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq aldığı borc məbləğlərini tam olaraq qaytarılmalı olduğu halda, öhdəliyi ümumiyyətlə icra etməmiş və aldığı 249212.00 ABŞ dolları məbləğindən hazırki vaxtadək hər-hansı qismini qaytarmamışdır. Ona görə də ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 borc (kredit) müqavilələri üzrə "Borc alan"- İddiaçı pul vəsaitlərinin geri qaytarılmasını tələb etməkdə haqlıdırlar və qarşılıqlı iddia tələbi əsaslıdır. İş üzrə tərəflər arasında borc müqaviləsinin bağlanması və öhdəlik münasibətlərinin yaranmasını təsdiq edən sübutlar (müqavilələr) təqdim olunmuşdır. Həmçinin iddia ərizəsinin özündən müəyyən olunur ki. tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər - qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X6 ilkin iddiaya münasibətdə iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı 2018-ci ildə müqavilə bağlandığı halda 2 ildən artıq müddət keçdikdən sonra müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Eyni zamanda kredit müqavilələri qanuna uyğun olaraq bağlanmış və notarial qaydada təsdiqlənmişdir. Qeyd edilənlərə görə ilkin iddianın rədd edilməli və qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, Telmanın şəriki Elxan adlı şəxsin yanında işləmişdir. Həmin vaxtı cavabdehləri şirkətdə görmüşdür. İddiaçı qarğıdalı satışında cavabdehlər Səlimə və Sametə kömək etməyimi xahiş etmiş, o da qarğıdalını başqa Vüqar adlı şəxsə satıb pulunu Səlimə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, İddiaçı hüquqi məslələri ilə bağlı yanında işləyir. Cavabdehləri 13 saylı Dövlət Notariat Kontorunda görmüşdür. İddiaçı kredit müqaviləsini imzalasa da həmin məbləğ ona təqdim olunmamışdır. Məhkəmə tərəflərin izahatlarını və çıxışını dinləyib, təqdim edilmiş sübutları və şahid ifadələrini araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə “pul tələbi”nə dair iddia isə təmin edilməlidir. Məhkəmə hesab edir ki, tələblər bir-birinə bağlı olduğundan hər iki iddia tələbinə birlikdə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən və həmin notariat işindən görünür ki, Borc verənlər Cavabdeh1 ilə Cavabdeh2 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitini (213000 ABŞ dolları ekvivalenti ilə) Borc alan İddiaçı borc verir. Borc alan krediti xx xxxxxx 2018-ci il tarixinədək Borc verənlərə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Həmin müqavilə əsasında “xxxx” ASC-də 13 saylı dövlət notariat kontorunun hesabına xx.xx.2018-ci il tarixli B-347 saylı məktuba əsasən 181050 manat Cavabdeh1 tərəfindən, 181050 manat isə Cavabdeh2 tərəfindən köçürülmüşdür. İş materiallarında olan, Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən ilkin iddia üzrə iddiaçının vəkilinə ünvanlanmış məktuba əlavə olunmuş xx.xx.2018-ci il tarixli, B 347 №li məktubun surətindən görünür ki, Bakı şəhəri 13 saylı notariat ofisinin dövlət notariusu Kəmalə Hüseynzadə ünvan 2 №-li ünvanda yaşayan Cavabdeh1 və türk vətəndaşı Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq olunduqdan sonra notariusun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün “xxxx” ASC-nin 4 saylı şöbəsinə onun bankda olan hesabına qəbul olunması barədə məktub ünvanlamışdır. Həmçinin məktuba 181050 (bir yüz səksən bir min əlli) manat məbləğində pul məbləğinin Cavabdeh1 və 181050 (bir yüz səksən bir min əlli) manat məbləğində pul məbləğinin Cavabdeh2 tərəfindən, həmçinin 362,10 (üç yüz altmış iki manat 10 qəpik) manat xidmət haqqının Cavabdeh1 tərəfindən Bakı şəhəri 13 saylı notariat ofisinə ödənilməsi barədə xx xxxxxxxx 2018-ci il tarixli qəbzlər əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən və həmin notariat işindən görünür ki, Borc verən Cavabdeh1 61560 (altmış bir min beş yüz altmış) manat məbləğində 36212 ABŞ dolları ekvivalentilə pul vəsaitini Borc alan İddiaçı borc verir. Borc alan krediti xx xxxxxx 2018-ci il tarixinədək Borc verənlərə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarında olan notariat işindən və ilkin iddia üzrə iddiaçının vəkilinə ünvanlanmış cavab mə\ktubundan görünür ki, Bakı şəhəri 13 saylı notariat ofisinin dövlət notariusu Kəmalə Hüseynzadə ünvan 2 №-li ünvanda yaşayan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 61560,40 (altmış bir min beş yüz altmış manat 40 qəpik) manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq olunduqdan sonra notariusun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün “xxxx” ASC-nin 4 saylı şöbəsinə onun bankda olan hesabına qəbul olunması barədə xx.xx.2018-ci il tarixdə B 400 nömrəli məktub ünvanlamışdır. Həmin notariat işi materiallarına əlavə edilmiş qəbzdən görünür 61560,40 (altmış bir min beş yüz altmış manat 40 qəpik) manat məbləğində pul məbləği və 123,20 (yüz iyirmi üç manat 20 qəpik) manat xidmət haqqı Cavabdeh1 tərəfindən “xxxx” ASC-də 13 saylı dövlət notariat kontorunun hesabına xx.xx.2018-ci il tarixli B-400 saylı məktuba əsasən köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Borc verənlər Cavabdeh1 ilə Cavabdeh2 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitini (213000 ABŞ dolları ekvivalenti ilə) Borc alan İddiaçı borc vermişdir. Borc alan krediti xx xxxxxx 2018-ci il tarixinədək Borc verənlərə qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən Cavabdeh1 61560,40 (altmış bir min beş yüz altmış manat 40 qəpik) manat məbləğində pulu (36212 ABŞ dolları ekvivalenti ilə) Borc alan İddiaçı borc verir. Borc alan krediti xx xxxxxx 2018-ci il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Daha sonra xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən və həmin notariat işindən görünür ki, Borc verən Cavabdeh1 61560 (altmış bir min beş yüz altmış) manat məbləğində 36212 ABŞ dolları ekvivalentilə pul vəsaitini Borc alan İddiaçı borc vermişdir. Qarşılıqlı iddiaçı iddia müddətinin tətbiq edərək ilkin iddia tələbinin rədd edilməsini xahiş etmiş, qarşılıqlı iddianın isə kredit müqavilələri əsasında tutulmasını xahiş etmişdir. İddiaçı Borc verənlər Cavabdeh1 ilə Cavabdeh2 borc pul almaması, aralarında borc münasibətləri olmaması, Bakı şəhəri 9 saylı notariat ofisində cavabdehin ona kreditə pul verməməsi, həmin müqavilənin yalan əqd olduğu, müqavilənin həqiqəti əks etdirməməsi həmin müqavilənin başqa əqdi pərdələmək məqsədilə bağlanması kimi xüsasatlarla əsaslandırmağa çalışmışdır. Məhkəmə ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi tərəflər arasında xx xxxxxxxx 2018-ci il və xx xxxxxxxx 2018-ci il tarixlərdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin bağlanmasından iddiaçının da tam olaraq xəbəri olmuş və bütün proseslərdə bilavasitə iştirak etmişdir. Ancaq bütün bunlara baxmayaraq, İddiaçı mübahisələndirilən müqavilədən, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərdən məlumatlı olmasına baxmayaraq keçən illər ərzində buna mane olan əsaslar olmadan həmin müqavilənin etibarsızlığını məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə ilkin iddia tələbinin rədd edilməsini məqbul hesab edir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə gəldiyi nəıticəni aşağıdakılarla əsaslanıdırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında qeyd edilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hazırki iş üzrə olan belə müqavilələr kateqoriyasına aid olan müqavilələrin bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu baxımdan məhkəmə qarşılıqlı iddia tələbinin əsaslığını araşdırarkən müəyyən etmişdir ki, Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi ilə borc verənlər Cavabdeh1 ilə Cavabdeh2 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitini (213000 ABŞ dolları ekvivalenti ilə) İddiaçı borc vermiş, borc alan krediti xx xxxxxx 2018-ci il tarixinədək borc verənlərə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında “xxxx” ASC-də 13 saylı dövlət notariat kontorunun hesabına xx.xx.2018-ci il tarixli B-347 saylı məktuba əsasən 181050 manat Cavabdeh1 tərəfindən, 181050 manat isə Cavabdeh2 tərəfindən köçürülmüşdür. Digər müqavilə üzrə isə qarşılıqlı iddiaçı Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə kredit müqaviləsi notarial qaydada bağlayaraq 61560 (altmış bir min beş yüz altmış) manat məbləğində 36212 ABŞ dolları ekvivalentilə pul vəsaitini borc alan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vermişdir. Borc alan krediti xx xxxxxx 2018-ci il tarixinədək Borc verənlərə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 61560,40 (altmış bir min beş yüz altmış manat 40 qəpik) manat məbləğində pul vəsaitinin müvafiq müqavilə üzrə İddiaçı verilməsi üçün “xxxx” ASC-nin 4 saylı şöbəsinə onun bankda olan hesabına qəbul olunması barədə xx.xx.2018-ci il tarixdə B 400 nömrəli məktub əsasında köçürülmüşdür. Beləliklə, müəyyən məhkəmə tərəfindən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq xx xxxxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli kredit müqavilələri bağlanmışdır. Hər iki müqavilədə müəyyənləşdirilmiş müddət ərzində qarşılıqlı iddia üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilk iddia üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması tələbi”nə dair ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi Cavabdeh1 və 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi Cavabdeh2 xeyrinə; xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 manat (altmış bir min beş yüz altmış manat 40 qəpik) məbləğində pul vəsaiti Cavabdeh1 xeyrinətutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ilkin iddiaya görə ödənilmiş dövlət rüsumunun iddia təmin edilmədiyindən ilkin iddia üzrə iddiaçıya aid edilməsini, qarşılıqlı iddia üzrə isə rüsuma dair tələb olmadığından qarşılıqlı iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 xeyrinə; xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 manat (altmış bir min beş yüz altmış manat 40 qəpik) məbləğində pul vəsaiti (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2356/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2356/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver