Məhkəmə qərarları › İş №2(005)-2360/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2360/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2360/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması, mənzilə köçürülməsi və mənzildən, evdən fərdi yaşayış qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması, mənzilə köçürülməsi və mənzildən, evdən fərdi yaşayış qaydalarının müəyyən edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, mənzilə köçürülməsi və mənzildən, evdən fərdi yaşayış qaydalarının müəyyən edilməsi haqqında qətnamə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı X3 ilə xx xxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan övladları yoxdur. Ailə qurduqları vaxtdan əri ilə birgə təsərrüfat aparmış və hər ikisi də birgə çalışaraq birgə maddi vəsait hesabına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (özbaşına tikilinin) sökülüb yenidən artırılmasını və təmirini etmişlər. O, həmin fərdi yaşayış evində uzun illər mərhum həyat yoldaşı ilə birlikdə yaşamış, birgə fəaliyyət göstərmiş, ortaq təsərrüfat aparmış və bu günədək həmin evdə yaşayır. Həyat yoldaşı həmin fərdi yaşayış evlərinin (özbaşına tikililərin) özəlləşdirilməsi barədə layihənin mövcud olması barədə məlumat almışdı və həmin evi onun adına özəlləşdirməyi planlaşdırırdı. Həyat yoldaşı xx xxxx 2020-ci il tarixdə uzun sürən ağır qaraciyər xərçəngindən dünyasını dəyişmişdir. Həmin fərdi yaşayış evinin hüquqi sənədləri olmasa da, onların həmin evə özəlləşdirmə ilə mülkiyyət hüququ əldə etmək gözləntiləri olmuşdur. Sözügedən fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınmışdır. X3 öldükdən sonra onun birinci nikahdan olan qızı Cavabdeh onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Cavabdeh tərəfindən həmin evə gəldiyi gündən etibarən müxtəlif təhqirlərə məruz qalır. Belə ki, onun tərəfindən davamlı olaraq qorxudulur, bezdirilir, müxtəlif vasitələrlə onun həmin mənzildən çıxıb getməsini tələb edir. Cavabdeh ilə birlikdə eyni evdə yaşamaq onun üçün mənəvi və psixoloji olaraq ağır çətinliklər törədir. Bununla da həmin yaşayış sahəsindən əlverişli formada və asudə zamanlarında dincəlməyinə, normal günlük yaşantısını davam etməyinə ciddi maneələr yaradılır. Bununla da onun yaşadığı evdən əlverişli formada istifadə etməyi qeyri-mümkün hal almışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili X5 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndələri vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkilinin izahatını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Nahidə 2004cü ildən yaşayır. Cavabdeh Lalə də əvvəlklər həmin evdə yaşayıb. Sonradan Lalə ailə həyatı qurduöundan son vaxtlara kimi həmin evə gəlməyib. Təxminən 3 aydan artıqdır ki, Lalə Nahidəni evdən çıxarıb. İş materiallarında olan ASAN5 tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 08708461 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X3 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxx 2004-cü il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov VVADQ tərəfindən xx xxxx 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 157392 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 xx xxxx 2005-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 372 nömrəli qeyd aparılmışdır. Nikaha daxil olduqdan sonra ərə “Əliyev”, arvada isə “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 076487 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 2020-ci il tarixdə qaraciyər hüceyrəli xərçəng xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxx 2020-ci il tarixdə 93 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan 55 saylı MKİS tərəfindən verilmiş 059392 nömrəli Arayışın surətindən görünür ki, İddiaçı PY UA 38/10 küçəsi, 135 nömrəli evdə yaşayır. İş materiallarında olan “xxxx” ASC tərəfindən təqdim edilmiş Bildiriş Xəbərdarlığın surətindən görünür ki, ünvan 2 ünvanının işıq xətti İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusuna cavab olaraq xx xxxxxxx 2020-ci il tarixdə verilmiş **********86 nömrəli Məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, PY, UA 38/10, 135 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-ci maddəsinin tələbinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki,İddiaçı X3 ilə xx xxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan övladları yoxdur. Ailə qurduqları vaxtdan əri ilə birgə təsərrüfat aparmış və hər ikisi də birgə çalışaraq birgə maddi vəsait hesabına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (özbaşına tikilinin) sökülüb yenidən artırılmasını və təmirini etmişlər. O, həmin fərdi yaşayış evində 2004-cü ildən bu günədək həmin evdə yaşayır. Əri xx xxxx 2020-ci il tarixdə uzun sürən ağır qaraciyər xərçəngindən dünyasını dəyişmişdir. Həmin fərdi yaşayış evinin hüquqi sənədləri olmamışdır. Sözügedən fərdi yaşayış evinə qeydiyyat vəsiqəsi əsasında qeydiyyata alınmışdır. X3 öldükdən sonra onun qızı Cavabdeh onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və iddiaçını həmin mənzildən çıxartmışdır. Məhkəmə, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tədbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin 2004-cü il tarixdə yarandığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıda qeyd olunan maddi hüquq normaları analogiya üzrə tədbiq edilməlidirlər. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin maddənin dördüncü hissəsinə görə, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd olunan Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin maddənin ücüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericiliyin yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçının həmin mənzilə köçürülməsi barədə tələbi əsaslıdır. Məhkəmə iddiaçının mənzilə “istifadə hüququnun tanınması və mənzildən evdən fərdi yaşayış qaydalarının müəyyən edilməsi” tələbinə dair hissədə hesab edir ki, tələb əsassızdır. Belə ki, iddiaçıın tələbindən də göründüyü kimi iddia edilən mənzilin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Həmin mənzil əmlak kimi dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Digər tərəfdən yaşayış qaydalarının müəyyən edilməsi üçün mənzilin plan-sxemi mövcud deyildir. Bu səbəbdən iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pulun 5 manat məbləğində olan hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 5 manat isə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçıünvan 1 ünvanında yerləşən evə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. Cavabdeh5 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar