Məhkəmə qərarları › İş №2(005)-2363/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2363/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2363/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 noyabr 2021-ci il tarixdə borc müqaviləsinə əsasən ödənilməmiş 300.000 (üç yüz min) manat və ödənilmiş 590 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. 2021ci ilin aprel ayından onunla iş birliyi qurmaq haqqında danışıqları olmuşdur. Uzun danışıqlardan sonra aralarında bağlanmış 21 oktyabr 2021-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh 3(üç) il müddətinə qaytarmaq şərti ilə 300.000 (üç yüz min) manat pul vermişdir. Aralarında yazılı müqavilə bağlanmış iddiaçı müqavilə şərtlərinə əməl etmişdir. Müqavilədə nəzərdə tutulan 300.000 manat pulu cavabdehə həmin gün vermişdir. Cavabdeh nağd olaraq iddiaçının verdiyi 300.000 manat pulu almış, lakin aldığı pulu qaytarmamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq, iddiaçıya verməli olan pulunu qaytarmır. Ona görə də məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iddiaçının vəkilinin izahatlarını araşdırıb hesab edir ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla məhkəməyə verildiyindən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən proses iştirakçısı mülki işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin MPM-in 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 11-ci bəndinə görə nəzərə alınmalıdır ki, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş çıxarışlardan görünür ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) fərdi sahibkar statusuna malik olan fiziki şəxslər kimi dövlət qeydiyyatına alınmışlar. Beləliklə, məhkəmədə müəyyən edilir ki, hazırki mübahisənin subyektləri fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Eyni zamanda iddianın predmeti, həmçinin mübahisənin xarakteri, iddia ərizəsinin dəlillərindən görünür ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən yaranmışdır. Kommersiya məhkəmələri başlıca olaraq müxtəlif hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər arasında yaranan mübahisələri araşdırır. Burada “hüquqi şəxs” dedikdə, həm müxtəlif dövlət orqanları, həm mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq kommersiya xarakterli qurumlar (şirkətlər, MMC-lər, səhmdar cəmiyyətləri, idarə, müəssisə və təşkilatlar), həm də qeyri-kommersiya təşkilatları (ictimai birliklər, fondlar və s.) başa düşülür. Beləliklə, EMİS-dən əldə olunmuş çıxarışdan müəyyən olunur ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasındakı borc münasibətlərinin işin faktiki hallarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi şübhəsizdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə, şərh olunanlara əsasən, işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2363/2025 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar