Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-237/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6900 AZN əsas, 1007,37 AZN faiz, 21,42 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 7928,79 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 99,48 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6900 manat məbləğində kredit xətti açılmışdır. X2 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 8 iyul 2023, şənbə tarixinə "xxxx" KB ASC-yə 6900 AZN əsas, 1007,37 AZN faiz, 21,42 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 7928,79 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə EMİS vasitəsi ilə ərizə təqdim edərək məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, "xxxx" Kommersiya Bankı ASC-dən hər hansı kredit götürmədiyini və müqavilə bağlamadığını, sadəcə virtual bank olan “Leobank”dan bank kartı götürəndə müqavilə imzaladığını, artıq 1.5 ildir ki, heç bir əmək haqqı almadığını, bu səbəbdən ödənişlərində gecikmələrin olduğunu, bank tərəfindən karta pul vəsaiti yükləndiyini, o da həmin vəsaitdən istifadə etdiyini, əsas borcu qəbul etsə də, faiz məbləğinin hesablanmasına etiraz etdiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka xx.xx.2023-cü il tarixə olan borcu 6900 manat əsas, 1007,37 manat faiz və 21,42 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7928,79 manat təşkil etmişdir. - Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizə və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh faiz dərəcəsi 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6900 manat məbləğində kredit verilmişdir. - "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinə yaranmış bütün borc məbləğinin 3 iş günü müddətində ödənilməsi, əks halda kredit müqaviləsinin ləğv ediləcəyi və bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1295 №-li rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, bank tərəfindən tərtib edilmiş cədvəl məlumatları və "xxxx" X4 Səhmdar Cəmiyyəti İlə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli, X2 qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh maliyyə arayışı müddətinə, yəni xx.xx.2023-cü il tarixinə "xxxx" X3 Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi, müəyyən edilir: əsas borc üzrə — 6895,05 manat; faiz borcu üzrə — 2601.75 manat: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, bank tərəfindən tərtib edilmiş cədvəl məlumatları və "xxxx" Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2021-ci il tarixli, X2 qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh rəyin verildiyi müddətinə, yəni xx.xx.2024-cü il tarixinə "xxxx" X3 Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi, müəyyən edilir. əsas borc üzrə --- 6895,05 manat; faiz borcu üzrə — 3997.31 manat: Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit razılaşması bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş üzrə mötəbər sübut olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1295 №-li ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, maliyyə arayışının və rəyin verildiyi tarixlərə 02 aprel 2024-cü il tarixli, 9/1295 №-li kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə olan kredit üzrə əsas borcu 6895,05 manat təşkil edir. Müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən həmin müddətə mövcud olan gecikmiş borcun ödənilməsini, habelə banka olan bütün borcun xx.xx.2023-cü il tarixinədək ödənilməsini və kredit müqaviləsinin ləğvini xahiş edir. Belə olanda məhkəmə qeyd edir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə xx.xx.2023-cü il (bildirişdə qeyd olunan) tarixdən birtərəfli qaydada xitam verilmişdir. Çünki iddiaçı cavabdehə qeyd olunan tarixədək bütün borcun ödənilməsini təklif etmiş, lakin məlum olduğu kimi həmin tarixdə borc cavabdeh tərəfindən ödənilməmiş, beləliklə də onlar arasındakı öhdəlik münasibətlərinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır və cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna görə yaranmış 634,8 manat pul məbləği tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddia tələbində qeyd cərimə məbləğinin əsas borca münasibətdə uyğun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi cərimə məbləğinin tutulması hissəsində təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə cərimə borcu olaraq 21,42 manat məbləğində pul vəsaiti ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 99,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 99,48 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda 100 manat mühasibatlıq ekspertizasının xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6895,05 manat əsas borc, 634,8 manat faiz borcu, 21,42 manat cərimə, ümumilikdə 7551,27 manat borc və 99,48 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı «Unibank” KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6895,05 manat əsas borc, 634,8 manat faiz borcu, 21,42 manat cərimə borcu olmaqla, ümumilikdə 7551,27 (yeddi min beş yüz əlli bir manat, iyirmi yeddi qəpik) borc və 99,48 (doxsan doqquz manat, qırx səkkiz qəpik) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-237/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-237/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver