Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2370/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul məbləğinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul məbləğinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 40000 (qırx min)manat və 2000 (iki min) Avro məbləğində əsas borcun, vurulmuş ziyanla əlaqədar əldən çıxmış faydaya görə 25000 (iyirmi beş min) manat olmaqla cəmi 65000 (altmış beş min) manat və 2000 (iki min) Avro məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh bir neçə ildir ki, tanıyır, cavabdehin fərdi qaydada tikinti işləri götürərək işlədiyini bilirmiş və onu yaşadığı ünvanın yaxınlığında mütəmadi olaraq görürmüş. 2016-cı ilin may ayının əvvəllərində yaşadığı evin yaxınlığında Elçini görmüş və o, söhbət zamanı yaxşı bir tikinti işi götürdüyünü və iş baş tutsa onu da həmin işə cəlb edəcəyini bildirmişdir. Bu söhbətdən bir müddət keçəndən sonra 2016-cı ilin yay aylarında Elçin onunla görüşərək götürdüyü tikinti işi ilə bağlı ona on gün müddətinə 40000 (qırx min) manat pul lazım olduğunu bildirmişdir. O, Elçinə mənzil şəraitini yaxşılaşdırmaq üçün qənaət etməklə pul topladığını bildirmiş və Elçinin çox xahiş və təkidlərindən sonra qeyd etdiyi məbləğdə pulu ona 10 gün müddətinə verməyə razılaşmışdır. Pulu götürərkən Elçin onu ən geci 10 günə verdiyi məbləğdə pulu qaytaracağına bir daha əmin etdi. Lakin Elçin həmin müddətdə onun puluu qaytarmadığından həmin vaxtdan 20 gün keçdikdən sonra pulunu geri almaq üçün Elçinə müraciət etdikdə O, aldığı pulu işə yönəltdiyini bildirmiş və 5-10 günə pulu qaytaracağına söz vermişdir. Ancaq o verdiyi vədə növbəti dəfə əməl etmədiyindən 2016-cı ilin avqust ayının 9-da Elçinlə yenidən əlaqə saxlamış, Elçin bu zaman ona şəxsən “borcun etirafı barədə” notarial qaydasında müqavilə bağlamağı təklif etmişdir. O, Elçinin təklifi ilə razılaşmış, 2016-cı ilin avqust ayının 10-da onunla Bakı şəhəri 21 saylı notariat kontoruna getmiş, Notarius müqaviləni hazırlamış, Elçini və onu müqalənin şərtləri ilə tanış etmiş və əgər müqavilənin şərtlərinə əməl olunmadığı halda Elçinin qanun qarşısında məsuliyyət daşıyacağını bildirmişdir. Həmin vaxt Elçin müqavilənin heç bir şəıtini pozulmayacağını və müqavilədə gsötərilən vaxtdan daha tez pulu qaytaracağına söz vermişdir. Bundan sonra da Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayınmış və 2016-cı ilin oktyabr ayının əvvəllərində Elçinlə görüşdükdə pulu nə vaxt qaytaracağını soruşarkən o, hazırda mağaza işlətdiyini və reklam işləri ilə məşğul olduğunu bildirmişdir. Lakin ona təcili 4000 (dörd min) manat pul lazım olduğunu və həmin pulu ona versəm, həm mənim 40000 (qırx min) manatımı, həm də 4000 (dörd min) manatı qaytaracağını bildirmişdir. O, Elçinə maddi durumunun çox pis olduğunu, hətta çörək almağa belə çox çətinliklə pul tapdığını bildirmiş, lakin Elçinborcunun qaytarmasını istəyirsə ona kömək etməyini xahiş etmişdir. O, məcburiyyət qarşısında qalaraq şəhid ailəsi olan baldızı Ulduz Abdullayevaya müraciət etmiş, sonuncu onun xahişini yerə salmaış və özündə olan 2000 (iki min) Avro məbləğində pulu 10 gün müddətinə qaytarmaq şərtilə ona vermişdir. O, həmin pulu xx.xx.2016-cı il tarixdə yaşadığı ünvanın qarşısında Elçinə vermişdir. Elçin onun baldızının şəhid ailəsi olduğunu bilirmiş. Bundan sonra Elçin artıq ondan gizlənməyə başlamış, telefon zənglərimə cavab verməmiş, onu həm də şəhid ailəsi olan baldızının yanında xəcalətli etmişdir. O, Elçini tapmaq üçün ümumi tanışları olan Yusifə müraciət etmiş, Yusif onunla görüşərkən Elçinin onu da aldadaraq 100000 (yüz min) ABŞ dolları məbləğində pulunu aldığı və ona verdiyi vədləri Yusifə də verdiyi məlum olmuşdur. O, həm də onun aldatdığı digər şəxslərin olduğunu bildirmişdir. Bir qədər sonra o, 2017-ci ilin iyun ayında müqaviləni bağladığı notariat kontoruna müraciət edərək, Elçinin ondan götürdüyü pulları qaytarmaması barədə məlumat vermiş və notarius tərəfindən Elçinə öhdəliklərini yerinə yetirməsi ilə bağlı xx.xx.2017-ci il tarixli bildiriş göndərilmişdir. 2018-ci ilin əvvəlləri o, Elçinlə görüşərək pulu qaytarmasını tələb etdikdə Elçin çox adama borclu olduğunu, artıq borclarından az miqdarda olanları hissə-hissə qaytardığını bildirərək, ona pulun qaytarılmasına şərait yratmasını xahiş etmişdir. Elçinin vəziyyətinin belə olduğunu, onun tərəfindən kimlərəsə borclarının qaytardığını inanaraq, yenə də ona şans verərək pulu qaytarmasına şərait yaratmışdır. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, Elçin heç kimə pul qaytarmayıb, Yusifə də heç bir manat olsun belə pul ödəməyib və ona danışdıqlarını bir çox insanlara danışaraq borclu olduğu insanların etibarımızdan sui-istifadə edib. O, uzun illərdir ki, verdiyi pulunu, həmçinin şəhid ailəsi olan baldızı Ulduz Abdullayevanın 2000 Avro məbləğində pulunu Elçindən ala bilmir. Hesab edir ki, Elçin müəyyən edilmiş qaydada cavab verməlidir. Bundan əlavə Cavabdeh yenə də könüllü olaraq öz əli ilə ona iltizam yazaraq aldığı 40000 (qırx min) manat və 2000 (iki min) Avro pulu xx xxxxxx 2018-ci il tarixə qaytaracağını bildi rsə də bu günədək pulu geri qaytarmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh onun 40000 manat və 2000 Avro məbləğində pul vəsaitini uzun müddət saxlayaraq ondan istifadə etdiyinə görə əlavə olaraq ona 25000 (iyirmi beş min) manat məbləğində maddi zərər vurmuşdur və həmin zərər də onun tərəfindən ödənilməlidir. Bundan sonra da ötən müddətdə cavabdehə müraciətləri nəticəsiz qaldığından o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli Bakı şəhəri 21 saylı notariat kontorunda təsdiqlənmiş reyestrdə 3M-366 nömrəsi altında qeyd olunmuş mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 40000 (qırx min) manat məbləğində pul aldığını və borcunu xx.xx.2016-cı il tarixə qədər tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən əl ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı xx xxxxxx 2016-cı il tarixdə xx xxxxxxxx 2016-cı il tarixdə qaytarmaq şərtilə 40000 (qırx min) manat məbləğində pulu iş görmək adı ilə almış lakin deyilən müddətdə geri qaytarmamışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı əlavə olaraq 2000 (iki min) Avro məbləğində pul aldığını və hər iki borcunu xx.xx.2019-cu il tarixinə qədər tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 21 saylı notariat kontorunun Xüsusi notariusu tərəfindən borclu Cavabdeh ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan və ona əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı müraciəti əsasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunda təsdiqlənmiş reyestrdə 3M-366 nömrəsi altında qeyd olunmuş borcun etiraf edilməsi haqqında müqavilə ilə bağlı borcluya bildiriş göndərilmiş və bildirişin ona göndərildiyi tarixdən 30 gün müddətində borcun qaytarılması üzrə öhdəliyin yerinə yetirilməsi izah olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Mədaxil Qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 40000 (qırx min) manat və 2000 (iki min) Avro məbləğində pulun cavabdehdən tutulması hissəsində iddia təmin edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2016-cı il tarixdə mövcud borcun etiraf edilməsi (mücərrəd) haqqında müqavilə bağlayaraq Cavabdeh İddiaçı 40000 (qırx min) manat məbləğində borcu olduğunu müvafiq qaydada rəsmiləşdirmiş, cavabdeh həmin müqavilə ilə mövcud borcu xx xxxxxxxx 2016-cı il tarixədək qaytaracağı haqqında öhdəlik götürmüşdür. Bundan sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh İddiaçı əlavə olaraq 2000 (iki min) Avro məbləğində pul aldığını və hər iki borcunu xx.xx.2019-cu il tarixinə qədər tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə İddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı borclunun onun 40000 manat və 2000 Avro məbləğində pul vəsaitini uzun müddət saxlayaraq ondan istifadə etdiyinə görə əldən çıxmış faydaya görə ona 25000 (iyirmi beş min) manat məbləğində maddi zərər vurduğunu və həmin zərərin də ona ödəməsini tələb etsə də bu barədə sübut təqdim edə bilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin 40000 (qırx min) manat və 2000 (iki min) Avro məbləğində əsas borcun cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməli, iddia tələbinin qalan hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumuna dair tələb olmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 40000 (qırx min) manat və 2000 (iki min) Avro məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2370/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2370/2020
30.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver