Məhkəmə qərarları › İş №2(005)-238/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-238/2025

19.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-238/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X17 hüquq varisi X7 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X20, X24, X21 və "xxxx" MMC cəlb edilməklə) vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və X22 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X17 və "xxxx" MMC-nin etibarnamədən sui-istifadə edərək dəyərindən 7 dəfə aşağı qiymətə bağladıqları icarə müqaviləsi ilə ona son 21 ay üçün vurulan maddi ziyan və əldə çıxmış fayda olan 88950 manat pulun, 358 manat dövlət rüsumunun, cəmi 89308 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək mirasın açıldığı gündən başlayaraq 28 ay üçün vurulmuş zərərin 20000 manatdan hesablanaraq ödənilməsini, eləcə də vəsatət təqdim edərək, "xxxx" MMC-yə münasibətdə iddia tələbinin azaldılmasını və mülki iş üzrə cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Cavabdeh X30 məhkəmə icraatının gedişində, xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən hüquq varisi X12 (arvadı) ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası-X25 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikası Kiyev şəhərində vəfat etmiş və cənazəsi Azərbaycana gətirilərək Gədəbəy rayonunda dəfn olunmuşdur. Mərhumun İddiaçı, onun bacısı Mamedli Nurana, qardaşları Mamedov Samir və Mamedov Ruslanla birlikdə ümumi 4 vərəsəsi vardır, vərəsəlik işi tamamlanmış, mülklərə çıxarışlar alınmışdır. O, mərhumun ölümündən sonra məlumat almışdır ki, əmisi (cavabdeh) X30 gənc qardaşının, yəni mərhum X5 günlərindəki xəstəliyindən və daha sonradan ölümündən istifadə edərək onlara külli miqdarda maddi zərər vurmuşdur. Belə ki, cavabdeh mərhumun verdiyi etibarnamədən sui-istifadə edərək, mərhuma məxsus olmuş, hazırda vərəsələrə aid ünvan 1 ünvanında yerləşən, 1202,8 kv.m obyekti real icarə dəyərindən 7 dəfə daha ucuz məbləğə "xxxx" MMC-yə icarəyə vermişdir. Azərbaycan Respublikası Ticarət və X10 Birliyi tərəfindən keçirilmiş ekspertiza zamanı icarə haqqının bazar qiyməti 20000 manat müəyyənləşdirilmiş, ancaq müqavilədə icarə haqqı aylıq 3057 manat qeyd olunmuşdur. Bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tərəfindən müraciət olunmuş və vergi xidməti "xxxx" MMCyə vergidən yayınma ilə əlaqəli sanksiya tədbiq etmişdir, məhz icarəni qeyri-rəsmi az göstərərək vergidən yayınma faktına görə MMC-nin öncələr ölkədə nümayəndəsi olduğu ACCA (X9) şirkətinin lisenziyası ləğv edilmişdir. Beləliklə, son 21 ay ərzində ümumi 88950 manat maddi ziyan vurmuş və ona çatmalı olan faydanın əldən çıxmasına səbəb olmuşdur. Məbləğ bazar qiyməti olan 20000 manatla müqavilə qiyməti olan 3057 manat arasındakı fərqin, yəni 16943 manatın 21 aylıq hesablamasından və mülkün yarısının ona düşən, yəni ¼ hissəsindən bölünərək hesablanmışdır. Cavabdehin vəkili Vəkil1 iddiaya etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, X12 iş üzrə cəlb edilməli deyildi. Belə ki, qanunverici ölmüş iki şəxs arasındakı münasibətlərdən irəli gələn dəymiş zərərin və ya ehtimal olunan gəlirin varislik qaydasında vərəsələri arasında aydınlaşdırmasını müəyyən etməmişdir. İddia tələbinin məzmunundan da aydındır ki, o, iddiaçının məhz mərhum atası X15, mərhum əmisi X22 verdiyi etibarnaməyə əsasən "xxxx" MMC ilə aralarında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı ilə bağlıdır. Hazırda mülki iş maraqlarına toxunan X25 və onun qardaşı X30 öldüklərinə görə tapşırığın məzmun, mahiyyət və icrasının hansı səviyyədə olmasını müəyyən etmək mümkün deyil. Hətta fərz olunsa ki, icarə haqqı ödənilməmişdi, onda əmlakın mülkiyyətçisi tərəfindən qardaşına qarşı iddia qaldırıla bilərdi, iddia tələbi üzrə subyektiv hüquq iddiaçıya yox, onun mərhum atasına məxsus olmuşdur. Atası isə sağlığında İddiaçı həmin əmlakla bağlı heç bir tapşırıq, vəkalət və təmsilçilik səlahiyyəti verməmiş, əksinə o, səlahiyyətləri öz qardaşına vermişdir. Bundan başqa, iddiaçı dəymiş zərər, onun həcmi və onunla əlaqəsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kiyev şəhərində yaşayan və atasının yanında olan digər vərəsə Mamedov Samir əmisi tərəfindən mütəmadi olaraq icarə haqqının göndərildiyini təsdiq edir və atasının icarə haqqı ilə bağlı ondan narazı qaldığını dilə gətirmədiyini bildirir. X40 uzun müddət ağır formada böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyinə görə dializə aparılırdı və bununla əlaqədar heç bir yerdə işləmirdi. Əgər icarə haqqı göndərilməsə idi, onda o, vəsaitsiz necə yaşaya bilərdi? X36 ağır xəstəliyi dövründə ona qulluq edən qadına da mərhum Zamanov Zaman tərəfindən aylıq pul vəsaiti ödənilirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, maddi zərər müqaviləni bağlayan şəxs tərəfindən vurulmuşdur. Belə ki, X31 tərəfindən daşınmaz əmlakın 3000 manata icarəyə verilməsi ağlabatan deyildir. Çünki həmin obyektin yerləşdiyi yer kifayət qədər yaxşıdır. Zamanov Zaman müqavilə üzrə müəyyən edilmiş qiymətdən əlavə pul almış, xx.xx.2023cü il tarixdə iddiaçı "xxxx" MMC-dən icarə haqqı tələb edən zaman məbləğin 3057 manat müəyyənləşdirildiyi bildirilmişdir. Ekspert tərəfindən obyektin qiyməti 20000 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən 2021-2025-ci illər ərzində aylıq 3057 manat icarə haqqı ödənilmiş, 2025-ci ilin may ayında isə yeni müqavilə bağlanmaqla aylıq məbləğ 18000 manata dəyişdirilmişdir.Əslində cavabdehə hər ay 3057 manat yox, 20000 manat pul ödənilirdi. Onlar vergidən yayınmaq üçün məbləği az göstərmişlər. Hər bir halda cavabdeh sağlığında hüquqazidd hərəkətləri ilə iddiaçıya zərər vurmuşdur. İddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş X20 bildirmişdir ki, qeyri-yaşayış sahəsi icarəyə verilən zaman atası sağ olmuşdur. Uşaq olduğu dövrlərdən obyekt icarəyə verilmiş və əsas gəlir mənbələri olmuşdur. 2012-ci ildən kirayə haqqı 20000 manat idi, atası dünyasını dəyişdikdən sonra isə necəsə kirayə haqqının 3000 manat olması məsələsi ortaya çıxmışdır. Ekspert rəyində məbləğ 20000 manat qeyd edilmiş, Vergi Xidmətinə şikayət etdikdən sonra Xidmət 20000 manatı nəzərə alaraq “Barattson" MMC-ni 150000-160000 manat arası vergidən yayınmaya görə cərimələmişlər. Onlar Ukraynada yaşamışlar, buna görə də 20000 manatın hansı formada ödənildiyini bilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X17 nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, X25 qardaşı Zamanov Zamana obyektini idarə etməsi üçün etibarnamə vermiş, o da müqavilə bağlamışdır. Mürşüd dünyasını dəyişdikdən sonra etibarnaməyə xitam verilmiş, Zamanov Zamanın fəaliyyəti olmamışdır. Bundan başqa isə iddiaçı notariusda ərizə yazaraq mirası qəbul edib. İddiaçının mirası qəbul etdiyi halda iddia qaldırması düzgün deyildir və subyektiv hüququ yoxdur. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 1202,8 kv.m, olan daşınmaz əmlak xx.xx.2013-cü il tarixdə Mamedov Mürşüdün adına qeydiyyata alınmışdır; - xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” X30 (Ukrayna Kiyev şəhər notariusu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 1966 reyestr nömrəli etibarnamə əsasında X15 əvəzinə) ünvan 3 ünvanında yerləşən, ümumi ölçüsü 1202,8 kv.m olan obyektin 764,15 kv.m-lik yaşayış sahəsini (binanın 2-ci, 3-cü və 4-cü mərtəbəsində ancaq xidmətə yararlı hissəni) “İcarəçi” "xxxx" MMC-yə icarəyə verməyi, “İcarəçi” isə aylıq 3057 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 5 il müddətinə, yəni xx.xx.2026-cı ilədək bağlanmışdır; - İ-OK seriyalı, 588378 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2022-ci il tarixdə Ukraynanın Kiyev şəhərində vəfat etmişdir; - xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 vərəsələri: Mamedli Nurana, İddiaçı, X32 və X18r, onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1202,8 kv.m olan mənzildən ibarətdir; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 1202,8 kv.m, olan daşınmaz əmlak üzərində xx.xx.2023-cü il tarixdə, hər birinin ¼ hissədə olmaqla, Mamedli Nurana, İddiaçı, X32 və X16 hüquqları qeydiyyata alınmışdır; - xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev 5 ünvanda yerləşən 4 mərtəbəli binanın 2, 3 və 4-cü mərtəbələrinin (ümumilikdə) real icarə haqqı 1 kv.m üçün 17 manat olmaqla, sövdələşmə qiyməti nəzərə alınaraq 20000 manat müəyyən edilmişdir; - xx.xx.2024-cü il tarixli Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cü maddələrini əsas tutaraq, "xxxx" MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, internet saytlarında (bina.az; yeniemlak.az; tap.az və sair), eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilən ünvan 5 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 2024-cü il üçün aylıq icarə haqqının 1 kv.m-nin orta bazar qiyməti təxminən 16,42 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir; - xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, bir tərəfdən X26, İddiaçı, X32 və X27, digər tərəfsən isə "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X28 aşağıdakı məsələlər barədə razılığa gəlmişlər:

1. X3 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli İcarə Müqaviləsini xx.xx.2025-ci il tarixindən qüvvədən düşmüş hesab edirlər və xx.xx.2025-ci il tarixli yeni icarə müqaviləsini bağlayırlar. Tərəflər yeni bağlanmış icarə müqaviləsinə tam əməl olunması və müqavilə öhdəlikləri üzrə heç bir kobud pozuntu törətməmək (ödəniş gecikməsi, obyektin zərər görməsi və digər kobud pozuntu) niyyətlərini bəyan edirlər;

2. Tərəflər bir-birilərinə qarşı mübahisə predmetini ünvan 3 ünvanında yerləşən icarə sahəsi ilə bağlı tələblər (eyni predmet ilə bağlı bütün əlaqəli tələblər daxil olmaqla) üzrə işlərdə bir-birinə qarşı iddialarından məhkəmədə imtina etməyi öz üzərlərinə götürürlər;

3. ünvan 3 ünvanında yerləşən icarə sahəsi üzrə bu saziş imzalandığı gündən bütün əvvəki dövrə aid bir-birilərinə qarşı heç bir borc tələbinin (o cümlədən əldən çıxmış fayda, dəymiş zərərin əvəzi və s. bütün eyni və ya oxşar mənalı hüquqi ifadələr) olmadığı haqqında razılığa gəlirlər;

4. İddiaçı "xxxx" MMC-nin işgüzar nüfuzunun yüksəldilməsi üçün "xxxx" MMC-nin beynəlxalq partnyorlarına ACCA, AİCPA-CİMA, İDP İELTS Australia təşkilatlarına "xxxx" MMC ilə əldə olunmuş razılıq, icarə müqaviləsinin yenilənməsi, heç bir iddianın olmamağı və hal-hazırda hər hansı bir pozuntu olmamağı haqqında yazılı məlumat verir. - xx.xx.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” X26, İddiaçı, X32 və X27 ünvan 3 ünvanında yerləşən, ümumi ölçüsü 1202,8 kv.m olan binanın 2-ci, 3-cü və 4-cü mərtəbələrində yerləşən yaşayış sahəsini “İcarəçi” "xxxx" MMC-yə verməyi, “İcarəçi” isə aylıq 18000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 1 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək bağlanmışdır; - xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətlərindən görünür ki, X17 vərəsələri: X8r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlaklar "xxxx" X6 nizamnamə kapitalında mərhum X22 məxsus 30% paydan, ban nömrəsi JTJBK11S692401731, mühərrikin nömrəsi J060175 və buraxılış ili 2008-ci il olan “Lexus RX350” minik markalı, **-OZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 1v saylı binanın həyətində dəmir qaraj ünvanında yerləşən ümumi sahəsi 20,1 kv.m olan qeyri-yaşayış sahəsindən ibarətdir; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 356,85 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mərhum X25 tərəfindən ona məxsus ünvan 3 ünvanında yerləşən, ümumi ölçüsü 1202,8 kv.m olan obyektə dair qardaşı X22 etibarnamə verilmişdir. X30 xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın 764,15 kv.m-lik yaşayış sahəsini (binanın 2-ci, 3-cü və 4-cü mərtəbələrində ancaq xidmətə yararlı hissəsini) "xxxx" MMC-yə 5 il müddətinə icarəyə vermiş, aylıq icarə haqqı 3057 manat müəyyənləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X15 qanuni vərəsəsi olan və adı çəkilən daşınmaz əmlak üzərində ¼ hissədə paya malik İddiaçı isə obyektin əlverişli infrastruktur və şəraitə malik ərazidə yerləşməsinə və real icarə haqqının 20000 manat təşkil etməsinə əsaslanaraq, vurulmuş maddi ziyanın əvəzi kimi 28 ay üçün qeyd edilən məbləğə uyğun icarə haqqının hesablanaraq ona düşən hissəsinin cavabdeh X17 vərəsəsi X4 tutulmasını xahiş etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq qaydada nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə İddiaçı, barəsində icarə haqqı mübahisələndirilən ünvan 1 ünvanında yerləşən, ümumi ölçüsü 1202,8 kv.m, yaşayış sahəsi 764,15 kv.m təşkil edən daşınmaz əmlakın mülkiyyətçisi olan X15 qanun üzrə vərəsəsidir. Həmin daşınmaz əmlak xx.xx.2021-ci il tarixdə X15 verdiyi etibarnamə əsasında X30 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmiş, müqavilə üzrə dəymiş maddi zərərlə bağlı isə iddia X1 deyil, onun vəfatından sonra vərəsələrindən biri olan övladı tərəfindən qaldırılmışdır. Bu baxımdan məhkəmə İddiaçı iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İcarə müqaviləsinin predmeti olan daşınmaz əmlakın X19 məxsus olması və onun sağlığı dövründə etibarnamə əsasında cavabdeh tərəfindən icarəyə verilməsi işin mübahisələndirilməyən halıdır. Bu baxımdan, X25 hazırda daşınmaz əmlakın mülkiyyətçisi olduğundan və əmlak onun mülkiyyətində olduğu vaxtdan, cavabdehin 5 il müddətinə bağladığı icarə müqaviləsi əsasında başqasının sahibliyində və istifadəsində olduğundan, əmlakla əlaqəli özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək və vurulmuş ziyanı tələb etmək hüququna malik olmuşdur. xx.xx.2022-ci il tarixdə X25 vəfat etdikdən sonra, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhumun vərəsələri Mamedli Nurana, İddiaçı, X32 və X27, hər biri miras əmlak olan mübahisələndirilən mənzildən 1/4 hissədə pay almışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 3 mart 2023-cü il tarixli Qərarına görə, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyriəmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2020-ci il 24 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsini əhatə edir (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Bu baxımdan, icarə müqaviləsi əsasında X15 uzun müddət mülkiyyətində olmuş və icarəyə verilmiş daşınmaz əmlakı ilə bağlı yaranmış hüquq münasibətləri üzrə maddi zərərin ödənilməsinə əsaslanan subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq onun ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə Mamedov Mürşüdün miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında vərəsələrinə keçmişdir. Lakin hazırki iş üzrə iddiaçı miras qoyanın sağlığında deyil, mirasın açıldığı gündən başlayaraq zərərin vurulduğunu iddia edir və onun tutulmasını xahiş edir. Mülki Məcəllənin 1243.3 və 1255-ci (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan) maddələrinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi mirasın qəbulu zamanı vərəsənin hüquqları mirasın açıldığı gündən yaranır və həmin tarixdən mülkiyyəti hesab olunur. Qəbul edilmiş miras mirasın qəbulu müddətindən asılı olmayaraq, mirasın açıldığı vaxtdan miras qoyana məxsus hesab edilir. Qeyd olunduğu kimi, iddiaçı mirasın açıldığı gündən mülkiyyətində olan əmlakın cavabdeh tərəfindən sağlığında real qiymətlərə uyğun icarəyə verilməməsinə, real dəyərinin onlardan gizlədilməsinə görə vurulmuş zərərin ona düşən hissəsini tələb edir. Məhkəmə iddia tələbinin X7 yönəldilə bilməsinə münasibətdə qeyd edir ki, icarə hüquq münasibətlərini yaradan hüquqi fakt qismində müqavilənin bağlanması məhz etibarnamə əsasında, səlahiyyətli şəxs - X17 hərəkətləri nəticəsində baş tutmuşdur. Bu səbəbdən hüquqlarının pozulduğunu hesab edən İddiaçı cavabdeh qismində X23 göstərməkdə haqlı olmuşdur. xx.xx.2025-ci il tarixdə X30 vəfat etdiyindən cavabdeh tərəf vərəsəsi X12 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə görə (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan), vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə məhkəmə şərh olunan maddələrin tələblərini rəhbər tutaraq və iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsaslanaraq belə bir qənaətə gəlir ki, X2 Zaman Muxtar oğlunun vərəsəsi olduğundan, o, miras açıldığı gündən, yəni X17 vəfat etdiyi xx.xx.2025-ci il tarixdən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrilmişdir. İşin hallarından göründüyü kimi, mərhum X25, övladları Ukraynada yaşamış və xarici ölkədə yaşadığından, daşınmaz əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını X22 ötürmüşdür və həmin etibarnamə əsasında cavabdeh sözügedən icarə müqaviləsini bağlamışdır. Aylıq icarə haqqı məbləği 3057 manat olaraq göstərilmişdir. İddiaçı tərəfin bildirdiyinə görə “İcarəçi” "xxxx" MMC tərəfindən X22 hər ay obyektin real icarə haqqı olan 20000 manat pul ödənilirdi, X15 yaşadığı dövrdə çəkindiyindən aldığı real icarə haqqını bütövlükdə qardaşına göndərsə də, qardaşı vəfat etdikdən sonra müqavilə üzrə “razılaşdırılmış” 3057 manat pulu qardaşının övladlarına ödəməklə kifayətlənmişdir. Əmlakın real icarə qiymətinin dəfələrlə yüksək olması faktı, "xxxx" MMC-nin sifarişi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən aparılmış və Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küçəsi, ev 5 ünvanda yerləşən 4 mərtəbəli binanın 2, 3 və 4-cü mərtəbələrinin (ümumilikdə) real icarə haqqının 1 kv.m üçün 17 manat olmaqla, sövdələşmə qiyməti nəzərə alınaraq 20000 manat müəyyən edilməsi ilə nəticələnən ekspert rəyi, habelə iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin atalarının ölümünə kimi 20000 manat icarə haqqı ödənilməsi ilə əlaqədar məhkəmə iclaslarındakı çıxışları ilə üst-üstə düşmüşdür. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 152.8 və 362.1-ci maddələrinə uyğun olaraq mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (Mülki Məcəllənin 359.1 və 359.3-cü maddələri). Göründüyü kimi, təmsilçi təmsil etdiyi şəxsin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərməklə, hərəkətləri təmsil olunan tərəfin hərəkətləri hesab edilir və təmsil etdiyi şəxslə üçüncü şəxs arasında hüquq münasibətinin yaranmasına gətirib çıxarır. Nəzərə alınmalıdır ki, hüquqi təsisat olaraq təmsilçilikdən istifadə edilməsi mülki dövriyyənin ehtiyaclarına cavab verməklə müxtəlif səbəblərdən (müvafiq əqdin bağlanması üçün lazımi bilik və səriştənin olmaması, xaricdə olma, xəstəlik kimi şəxsi xarakterli hallar və s.) irəli gələ bilər ki, bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və ya digər qayda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Qadağaların mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Daşınmaz əşya ilə bağlı təmsilçiliyin mülkiyyət sahibi (etibarnamə verən) üçün ciddi hüquqi nəticələr doğurduğu nəzərə alınarsa, təmsil edilənin və mülki münasibətlərin digər subyektlərinin hüquqlarının qorunması, mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından belə etibarnamələrin verilməsi halında şəxsin iradə ifadəsinin həqiqiliyinin, qanunauyğunluğunun yoxlanılması zəruridir. Eləcə də təmsilçi vasitəsilə bağlandığı təqdirdə həmin əqdin həqiqətən təmsil edilənin iradə ifadəsi olduğunu təsdiq edən sənəd etibarnamə olduğundan, bu etibarnamələrdə onu verən şəxsin iradə ifadəsinin məzmununun aydın şəkildə ifadə olunması vacibdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2025-ci il tarixli Qərardadı). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hazırki iş üzrə etibarnamə əsasında icarə müqaviləsi bağlayan X30 dürüst rəftar etməyərək, dəfələrlə aşağı icarə haqqını müqavilə şərti kimi müəyyənləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə 4 mərtəbəli binanın 2, 3 və 4-cü mərtəbələrinin (ümumilikdə) real icarə haqqının 1 kv.m üçün 17 manat olmaqla, 20000 manat; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli ekspert rəyi ilə obyektin qeyri-yaşayış sahəsinin 2024-cü il üçün aylıq icarə haqqının 1 kv.m-nin orta bazar qiymətinin təxminən 16,42 manat müəyyən edilmiş dəyəri, habelə xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə əldə olunan razılıq əsasında X15 vərəsələri və "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli icarə müqaviləsi ilə daşınmaz əmlakın aylıq icarə haqqı kimi şərtləşdirilmiş 18000 manat icarə haqqı ilə xx.xx.2021-ci il tarixli icarə müqaviləsində nəzərdə tutulmuş aylıq 3057 manat icarə haqqı arasında əhəmiyyətli dərəcədə fərq mövcuddur. İşin hallarından da göründüyü kimi, vərəsələrin tələbi əsasında icarəyə götürən əvvəlcə müqavilənin müddətinin bitməməsinə əsaslanaraq icarə müqaviləsi bağlamaqdan imtina etsə də, xx.xx.2025-ci il tarixdə yeni icarə müqaviləsi bağlayaraq icarə haqqını 18000 manat müəyyən etmişdir. Qeyd edilənlər cavabdehin dürüst olmayan hərəkətləri nəticəsində iddiaçıya zərər vurulduğunu təsdiq edir. Belə ki, tədris kursları (qeyri-yaşayış sahəsi) kimi istifadə edilən 1000 kv.m-ə yaxın sahənin 3057 manata icarəyə verilməsi heç bir halda təmsil etdiyi şəxsin mənafeyi naminə atılmış addım kimi qiymətləndirilə bilməz. Bu baxımdan cavabdehin sağlığında icarə haqqı olaraq hər ay 3057 manat pul alması ağlabatan deyildir. Halbuki mülki qanunvericiliyin tələbinə əsasən, təmsilçi əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. O da qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi sağlığında həmin əqdi bəyənmiş olsa belə, bu hal əmlakın yeni mülkiyyətçilərinin vurulmuş zərəri tələb etmək hüququndan mərhum etmir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Mülki Məcəllənin 778.3-cü maddəsinə əsasən, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun X17 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri aşkar olunmuşdur. Nəzərə alınmalıdr ki, əgər X30 tərəfindən hüquqdan suiistifadə edilməklə hüquq pozuntusu törədilməsə idi, X15 vərəsəsi olan iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri daha yüksək olacaqdı. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə X12 miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına, vurulmuş zərərə görə məsuliyyət daşıyır. Zərərin məbləğinə gəlincə məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh qismində X17 vərəsəsi olan X12 çıxış etdiyindən və sonuncu, miras əmlakı qəbul edərək miras qoyanın öhdəliklərinə görə məsuliyyət daşıdığından, X15 öldüyü gündən, yəni mirasın açıldığı gündən iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı xx.xx.2022-ci il tarixdən 28 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək dəymiş zərər qismində real icarə haqqının cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə tərəfindən keçirilmiş ekspert rəyi ilə 2024-cü il üzrə icarə haqqı 1 kv.m üçün 16,42 manat, tərəflər arasında bağlanmış yeni icarə müqaviləsində isə 1202 kv.m sahənin hər kv.m. 14,97 manat, digər qiymətləndirmə rəyində 17 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspert rəyində 2021, 2022 və 2023-cü illər üzrə elanlar olmadığından qiymətləndirmə aparılması mümkün olmamışdır. Məhkəmə prosessual qənaət prinsipini, işə baxılma müddətlərini, iş materiallarında mövcud olan ekspert rəylərini və icarə müqaviləsini nəzərə alaraq, 1 kv.m üçün icarə haqqının ortalama 16 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi ölçüsü 1202,8 kv.m olan obyektin 764,15 kv.m-lik yaşayış sahəsi icarəyə verilmişdir. Aylıq icarə haqqının məbləği 764,15x16=12226,4 manat, 28 ay üçün 342339,2 manat təşkil edir. Bu halda miras əmlak üzərində ¼ paya malik iddiaçıya 85584,8 manat düşür. 28 ay üçün iddiaçıya ödənilmiş 3057 manat pulun ¼ hissəsi, yəni 21399 manat həmin məbləğdən çıxılarsa (85584,8- 21399) vurulmuş zərər 64.185,8 manat təşkil edir. O da qeyd edilməlidir ki, hazırki mülki işdə miras qoyanın borclarının miras əmlakdan çox olduğunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 vurulmuş zərərə görə 64.185,8 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 258 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh X4 tutularaq, (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X11, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh X4 vurulmuş zərərə görə 64.185,8 (altmış dörd min yüz səksən beş manat, səksən qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 258 (iki yüz əlli səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdeh X4 tutularaq, (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X11, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar