Məhkəmə qərarları › İş №2(005)-2390/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2390/2022

31.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2390/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2.500 manat əsas məbləğ və 45 manat dövlət rüsumu olaraq ödədiyi məbləğ, cəmi 2.545 (iki min beş yüz qırx beş) manat pul tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ilin dekabr ayında Cavabdeh Əlisahib oğluna onu işə düzəltmək üçün 2.500 manat pul vermişdir. O, keçmiş ərinin qohumudur. Lakin, vaxt keçməsinə baxmayaraq cavabdeh onu işə düzəltməmiş və buna görə də o pulunu ondan tələb etməyə başlamışdır. Cavabdeh pulu ona vermədiyinə görə bu ilin fevral ayında Abşeron rayon polis şöbəsinə müraciət etmiş, polisdə araşdırma aparılmış və cavabdeh pulu almasını etiraf etmiş, lakin pulu guya ona faiz olaraq verdiyini bildirmişdir. Polis cinayət işi başlanmasını rədd edib məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. Odur ki, məhkəməyə müraciət edir və pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını vacib bilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməmiş və yazılı etiraz təqdim edərək, 2020-ci il tarixdə qızına toy etmək ərəfəsində cehiz alarkən pulu tam düzəlmədiyindən əvvəldən faizlə pul verən kimi tanıdığı qohumu X3 zəng vurmuşdur. Ona ümumi vəziyyət barədə məlumat verərək pul lazım olduğunu bildirmiş, o da yalnız faizlə pul verə biləcəyini bildirmişdir. Cavabdeh məcburiyyət qarşısında qalaraq onunla razılaşmış və evinə gedərək 3000 manat pulu ondan götürmüşdür. Ödəniş barədə isə öz aralarında razılaşaraq hər ay 240 manat şəxsi kartına ödəniş etməyi öhdəsinə götürmüşdür. Bununla da hər ay yaşadığı ərazidə yerləşən marketdə olan poçterminal vasitəsi ilə 240 manat ödəniş etmiş, sonuncu aylarda 1000 manat cavabdehin 100 manat isə bacısı tərəfindən ödənilərək 3000 manatın əvəzinə cəmi 4000 manat X2 şəxsi kart hesabına ödəniş etmişdir. Cavabdeh borcunun tam şəkildə ödənildiyinə arxayın olaraq olunan ödənişlərin çeklərin saxlamamışdır. İddiaçı ona zəng vuraraq ödəniş olmadığını bildirəndə 3000 manat əvəzinə 4000 min manat ödədiyini bildirmiş, o isə ödədiyi pulları faiz kimi hesablandığını, əsas götürülən 3000 manatın 2500 manatını tələb etmişdir. Sonra iddiaçı faiz pulu vermək qanunsuzluğun başa düşərək Polis şöbəsinə ərizə verərək, guya cavabdeh pulu bundan işə düzəltmək adı ilə aldığını bildirmişdir. Aydınlaşdırılandan sonra sübuta yetirilmədiyinən işin icraatına xitam verilmişdir. İddiaçıya olan borcunu qaytarmışdır. "xxxx" ASC tərəfindən verilmiş çıxarışla tanış olmuş, həmin çıxarışda ödəniş etdiyi tarixlərlə bağlı məlumat tapmamışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin TŞ-nin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Abşeron RPİ-nin TŞ-də toplanmış materiallar əsasında Cavabdeh izahatında “şikayətçi İddiaçı Lazım qızını 2011-ci ildən tanıyır. Sonuncu onun qaynı Anar Babyevin həyal yoldaşıdır. O, İddiaçı onun barəsində dediklərinin şər-böhtan olduğunu, taksi sürücüsü işlədiyini, heç kimi işə düzəldə biləcək imkanın olmadığını bildirmişdir. 2020-ci ildə qızının ailə qurması ilə əlaqədar olaraq cehiz almaq məqsədilə pul axtardığı zaman qaynı Anarın evinə getmişdir. Söhbət zamanı Vüsalə ona pul tapa biləcəyini, həmin pulu 8% olmaqla faizə götürəcəyini demiş, o isə bu şərtlə razılaşmışdır. Bundan sonra Vüsalə 2500 manat məbləğində pulu ona Xırdalan şəhəri, AAAF-park y-kdə baldızı Könül Babayevanın, qaynı Anarın və qayçapası Qətibənin iştirakı ilə vermişdir O, aldığı pulun qarşılığında hər ay 8%-lə 240 manat pulu Vüsaləyə ödəyəcəyini, lakin onun ödədiyi pulun əsas borcdan çıxılmadığını, əsas borcun olduğu kimi qaldığını bir dəfəlik ödəməli olduğunu bildirmişdir. O, pulu aldıqdan sonra Vüsalənin öz adına Kapital Banka məxsus karta hər ay 240 manat pul ödəmişdir. 2021-ci ilin dekabr ayından bankdan kredit götürərək 1000 manat nağd pulu İddiaçı adına olan hesab nömrəsinə ödəniş terminalı vasitəsilə köçürmüş və faizi ödəyə bilmədiyi üçün sonuncudan dayandırmasını xahiş etmişdir. Onlar arasında olan razılaşmaya görə əsas borcdan hər ay 100 manat pul ödəmişdir. 2022-ci ilin yanvar ayında 100 manat pulu İddiaçı adına olan hesab nömrəsinə göndərmiş, lakin fevral ayında ödəyə bilməmişdir. O, İddiaçı faizə götürdüyü 3000 manatın əvəzinə hər ay 240 manat ödəməklə ümumilikdə 2880 manat bir, 1000 manat bir və 100 manat bir olmaqla ümumilikdə 3980 manat pul ödədiyini bildirmişdir. O, əlavə olaraq İddiaçı dediklərinin şər-böhtan olduğunu, sonuncudan işə düzəltmək məqsədilə pul almadığını qərəzli olaraq şikayət etdiyini qeyd etmişdir” qeyd olunmuşdur; xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə 2500 manat məbləğində pulu cavabdehə verdiyini və cavabdehin isə qısa müddət ərzində pulu ona qaytarmalı olduğunu bildirir. Nəticədə İddiaçı cavabdehin qanunsuz hərəkətlərinə görə özünə məxsus pul vəsaitindən məhrum olunmuşdur. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 2500 manat pul cavabdehə iddiaçı tərəfindən verilmişdir. Bu halı tərəflər mübahisələndirmir, bu hal tərəflərin izahatı ilə təsdiq olunur. Cavabdeh isə 2500 manatı iddiaçıdan aldığını etiraf edir, lakin həmin pulun qaytarılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləğdə vəsaitin cavabdehə borca verilməsinin sübut edilməsindən ibarətdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavaddehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir. Cavabdeh hazırkı iş üzrə pulun qaytarılmasını sübut etmək vəzifəsini daşıyır. Lakin Cavabdeh 2500 manat məbləğin idddiaçıya qaytarılmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh iddiaçıya olan borcunu iddiaçıya məxsus "xxxx" ASC-də olan bank hesabına köçürülməsini bildirsə də, məhkəmə iclasında həmin hesabdan çıxarış cavabdehə təqdim edilmiş, köçürdüyü məbləğləri hansı bankomatdan (ATM və ya ödəniş sistemləri vasitəsilə) edilməsini göstərməsi təklif olunmuş, lakin cavabdeh həmin ödənişlərin hesabdan çıxarışda əks olunmadığını bildirmişdir. Belə olan halda, cavabdeh iddiaçıdan aldığı pul məbləğini qaytarmasını sübut edə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2500 AZN məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar