Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2393/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 2000 (iki min) manat əsas pul vəsaitinin və 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun, cəmi olaraq 2040 (iki min qırx) manat pulun alınaraq ona - İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı X1 vasitəsilə tanış olduğu Cavabdeh özünü yüksək vəzifəli bəzi şəxslərin, Fövqəladə Hallar Nazirliyində doğma əmisinin yüksək vəzifə sahibi olduğunu, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin İlqar adlı vəkilin dostu kimi təqdim edəndən sonra bildirmişdir ki, istənilən məsələni həll edib yoluna qoya bilmək gücündədir. Sonrakı görüşlərində hətta Cavabdeh ən bahalı yüksək mərtəbəli binalardan birində yaşadığını, bir neçə obyektlərinin olduğunu fəxrlə bildirmişdir. Get-gedə cavabdehə inanmağa başlamışdır. Və növbəti görüşlərinin birində yaxın qohumu olan bir nəfəri FHNnin nəzdindəki X2 Xidmətində işə düzəlməsində kömək etməsini cavabdehdən xahiş edəndə, dərhal mobil telefon vasitəsilə kimlərəsə zəng vuraraq məsələnin həlli üçün 10.000 manat pula həll olunacağını dəqiqləşdirdiyini söylədi. Cavabdeh onu da bildirdi ki, 2.000 manat sənədlərlə birlikdə beh kimi, qalan 8.000 manat isə lap işin sonunda verilməlidir. Özü cavabdehin şirin dilinə inanaraq, onunla razılaşmışdır. Və Cavabdeh 2.000 manat pulu Bakı Şəhəri, Yasamal Rayonu, N.Hikmət küçəsində yerləşən “İSTANBUL'’ kafesində vermişdir. Cavabdeh ondan aldığı 2.000 manat pula dair Qəbz yazaraq imzalamışdır, şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Lakin cavabdehin söz verib öhdəlik götürdüyü vaxt vədə tamam olmasına baxmayaraq məsələ həll olunmadı və verdiyi 2.000 manat pulunu ala bilməmişdir. Cavabdeh onu inandırmaq üçün iki sənəd də göndərməyinə baxmayaraq cavabdeh tərəfindən aldanıldığını başa düşüb cavabdehlə onu tanış edən Qafar Zalovdan məsələyə müdaxilə edib kömək etməsini xahiş etmişdir, digər sivil vasitələrə əl atmışdır, amma faydası olmamışdır. Bütün bunlardan sonra Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi və halal pulunun əldə edilməsi məqsədilə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə də müraciət etmişdir. Bundan sonra cavabdeh onun telefon zənglərinə cavab verməmiş, onunla görüşməkdən yayınmağa başlamışdır. Yəni bütün mümkün variantlardan, sivil vasitələrdən istifadə etməyinə baxmayaraq Cavabdeh halal 2.000 manat pulunu ala bilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, cavabdehin iddianı etiraf etməsi barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh qəbzi yazıb öz imzası ilə təsdiq etmişdir ki, bu gün yəni xx.xx.2023-cü il tarixdə həmyerlisi İddiaçı 2000 (iki min) manat borc pul almışdır və söz verir ki bu pul vəsaitini 20 aprel 2023-cü il tarixinədək qaytaracaq. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən təqdim edilmiş yazılı ərizədən görünür ki, cavabdeh iddia tələbində göstərilən borcla razı olduğunu bildirmiş və hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi razılıq əsasında borc barədə razılıq əldə olunmuşdur. İddiaçı razılıq əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh bu günədək borcunu ödəməmişdir. Cavabdeh tərəfindən verilmiş qəbzdə o, 2000 (iki min) manat pul vəsaitini 20 aprel 2023-cü il tarixədək qaytaracağını bildirmişdir. Daha sonra cavabdeh öhdəliyini yerinə yetirməyərək, qeyd olunan məbləği geri qaytarmamışdır. İddiaçı qeyd olunan borcun təmin edilməsi üçün məhkəməyə müraicət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbində göstərilən borcla razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinə dair Cavabdeh etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 (iki min) manat pul vəsaiti və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul vəsaiti və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2393/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2393/2023
19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver