Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2396/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, İddiaçı Cavabdehnə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdehnə qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh MMC-dən 18.000 manat pulun və ödədiyi 144 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin direktoru X2 iddiaçının həyat yoldaşı Nümayəndə dostluq münasibətləri olmuşdur. Həmin MMC tikinti işləri ilə məşğul olur. Cavabdeh MMC-nin direktoru Əbülfəz iddiaçının həyat yoldaşından xahiş etmiş və demişdir ki, inşaat işləri ilə bağlı tender keçirilməlidir, tenderi udmaq istəyir, Laçında yol çəkiləcəkdir və həmin tenderə pul verməlidir, ona görə də ona təcili pul lazımdır və həyat yoldaşından 18.000 manat borc pul istəmişdir. Nümayəndə da buna razı olmuş və iddiaçıdan xahiş etmiş və öz bank hesabından cavabdehin hesabına xx.xx.2024-cü il tarixdə 18.000 manat pul ödəmişdir. Əbülfəz onlara demişdir ki, pulu ayın axırında qaytaracaqdır, lakin o pulu qaytarmamış və müxtəif bəhanələr gətirməyə başlamışdır. Lakin bu günə qədər həmin pulu ödəməmişdir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının mövqeyi Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İzahatında qeyd etdi ki, X2 ilə aralarında dostluq münasibətləri mövcud olmuş, iddia ərizəsində göstərilən məbləğdə pulu sonuncu kömək istədiyi, təcili borca ehtiyacı olduğunu bildirdiyi üçün göndərmişdi. Öz hesab kartında zəruri vəsait olmadığı üçün iddiaçının, yəni həyat yoldaşının hesabından göndərilmişdir. Üçüncü şəxslə Nümayəndə qardaşının arasında mənzil alqı-satqısı və digər pul-borc münasibətləri üzrə məhkəmə mübahisəsi olmuş, həmin iş üzrə qətnamə qəbul edilmiş, mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia təmin edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, üçüncü şəxs Cavabdeh MMC-nin direktorudur. İddiaçının həyat yoldaşı Nümayəndə ilə dostluq münasibətləri olmuş, aralarında borc verilmiş pula görə mənzillə bağlı mübahisə və məhkəmə işi olmuşdur. Nümayəndə həyat yoldaşının Cavabdeh MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə 18.000 manat pul ödəməsi bu məsələ ilə bağlıdır. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 400300E**********112 nömrəli hesabına 18 000 manat pul vəsaiti köçürülmüşdür. - İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş “Whatsapp” ani ismarıc xidməti vasitəsi ilə Nümayəndə və X2 arasında aparılan yazışmaların mətninə əsasən, Nümayəndə-Əbülfəz nə qədər ödəniş etmək lazımdır?....X2- “audit üçün 1500 azn,vergi borcu 17700 təminat məktubu, 3000 azn təminat məktubu üçün avans verməyə”; Nümayəndə-“Düzəlir Əbülfəz?”....X2-“Gedirik. Düzəlsə zəng edəcəm, olmasa ayın 5-dən ödəniş ödəyəcəm. Avansı alsam ödəyəcəm”; Nümayəndə- “Salam Əbülfəz mənim pulumu verdə zəhmət olmasa, dedin 10-na kimi verəcəm o da keçdi”.... Nümayəndə- “Əbülfəz öz problemini mənə niyə deyirsən ki? Mənə demişdin, pulunu alanda verəcəm. Danışdıq dedin heç bir narahatçılıq olmayacaq, məndə verdim indi belə deyirsən. Amma yenə aldanıram bax özün bilməsən”; X2- “2-3 maksimum ödəcəyəcəm. 5000 azn”; X2-Salam sənədi vermişik,bu gün alarsan,ilin sonuna alarsan”; Nümayəndə: “ Bax belə aldadaaldada il qurtardı. Belə danışmamışdır. Gələn ayın 4-nə kimi mənim pulumu verməsən verəcəm məhkəməyə incimə, xətirənə də dəyməsin” məzmununda ifadələr işlədilmişdir. - İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş CD disk materiallarında olan səs yazısından görünür ki, X2-“Bəxiyar, Allah köməyin olsun. İndi ən aşağısı 20 min manat pul lazımdı, çünki təminar məktubunu verməliyik. İndi bilmirəm, bəlkə də o hesabda qalmalıdır ki, 233 minə qarşı 2 milyon pul ödəsinlər. Vacibi budu. Bunnan da qurtarırıq. Onun 17700 manatı vergidir, 2500 manatı auditin ödənişidir. Pul düşən kimi hamsı köçməlidir..Qardaşıman, kömək rəm, mən sənə söz verdim də..Elə bil ki, bir köməyin dəyəcək mənə. Pul oturan kimi sənə qaytaracam. Üstündə nə desən verəcəm” məzmununda audio-yazı göndərmişdir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 144,60 manat dövlət rüsumu ödəmişdir. İşə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi : - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya - 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2-ci maddəyə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; - 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını mülki işin materialları ilə birlikdə tədqiq edərək bu nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X2 ilə iddiaçının həyat yoldaşı Nümayəndə arasında tanışlıq (dostluq) münasibətləri olmuş və müəyyən işlərlə əlaqədar borcla bağlı danışıqları ilə əlaqədar müəyyən razılaşmaları da olmuşdur. İşin bu halı iş materiallarında olan “Whatsapp” ani ismarıc xidməti vasitəsi ilə Nümayəndə və X2 arasında aparılan yazışmaların mətni, CD disk materiallarının məzmunu ilə təsdiq edilir. Lakin işin materiallarından görünür ki, Nümayəndə istədiyi 18 000 manat pul vəsaitini onun həyat yoldaşı olan İddiaçı tərəfindən X1 direktoru olduğu Cavabdeh 400300E**********112 nömrəli hesabına köçürülmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh MMC-nin direktoru X2 Cavabdeh MMC-nin hesabına xx.xx.2024-cü il tarixdə 18.000 manat pul ödəməsini Nümayəndə arasında ev məsələsi ilə bağlı ödənişlə əlaqədar olmasını göstərsə də, məhkəmə hesab edir ki, bu ödəniş 3-cü şəxsin qeyd etdiyi hala görə deyil, Nümayəndə və X2 arasında razılaşdırılmış borca görə olmuşdur. Belə ki, 3-cü şəxsin göstərdiyi kimi 18.000 manat pul ödəməsini Nümayəndə arasında ev məsələsi ilə bağlı ödənişlə əlaqədar olmuş olsa idi bunu ya nağd şəkildə özünə, ya da öz bank kart hesabına köçürülməsi yolu ilə həyata keçirilərdi. Lakin müəyyən edildiyi kimi, 18.000 manat pul vəsaiti X1 direktoru olduğu Cavabdeh MMC-nin hesabına köçürülmüşdür ki, bu hal da köçürülmüş vəsaitin 3-cü şəxsin göstərilən məsələ ilə bağlı olmamasını bir daha təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin hesabına keçirilmiş pul X1 Nümayəndə istədiyi pul vəsaiti olmuş, özünün də təşəbbüsü ilə həmin vəsait direktoru olduğu MMC-nin hesabına keçirilmiş, hazırda isə onun təyinatının borc deyil, aralarında olan mübahisə ilə bağlı ödəniş olmasını və MMC-nin bu pulu qaytarmalı olmasını göstərməklə pul vəsaitini MMC-nin hesabına köçürmüş və sözügedən şəxslər arasında olan məsələlərə heç bir aidiyyatı olmayan iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-i hesabına təyinatı göstərilmədən keçirilmiş pulu iddiaçının tələbi ilə qaytarmamaqla onun hesabına əsassız varlanmışdır. AR Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən “səs yazısı və ekran görüntüləri ilə bağlı bağlı qeyd edir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıı və ekran görünüsü şəkilləri sübut qismində dəyərləndirilə bilər. Məhkəmə daha sonra qeyd edir ki, varlanma öhdəlikləri bütün hüquqi faktlardan, yəni hərəkət və hadisələrdən, hüquqauyğun və hüquqazidd hərəkətlərdən, hüquqi aktlardan və hüquqi əməllərdən yarana bilər. Hüquqi faktlardan yalnız müqavilələr əsassız varlanma faktı kimi çıxış edə bilmir. Məhkəmə qeyd edir ki əsassız varlanma hüquqauyğun hərəkətlərdən də yarana bildiyi üçün hüquq pozuntusunun tərkib elementi olan təqsir bu halda məhz mülkiyyətçi tərəfindən əmlakın tələb edilib lakin qaytarılmadığı zamandan yaranır. Məhkəmə qeyd edir ki hazırda baxılan iş üzrə əsassız varlanma faktı kimi hüquqi əməl çıxış edir. Həmçinin məhkəmə qeyd edir ki, əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Başqa sözlə, qanunvericiliyə əsasən əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin cavabdehlərə münasibətdə mövcud olduğu müəyyən edilməmişdir. Qeyd edilən maddi hüquq normaları tələbin hüquqi əsası kimi çıxış etməklə mübahisə üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh iddiaçının hesabına əsassız varlınmışdır. Odur ki, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Məhkəmə üçüncü şəxsin nümayəndə və vəkilinin etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, tərəf aralarında başqa pul-borc münasibətlərinin olduğunu, mənzilə görə pulun ödənildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsassız olmasına və irəli sürülən dəlillərin təkzib edilməsi baxımından hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 18.000 manat pul tutularaq İddiaçı verilsin. Mülki iş üzrə ödənilmiş 144 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2396/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2396/2025
19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver