Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2409/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan minik markalı avtomobillərə dair Cavabdeh ilə müxtəlif şəxslər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması (status kvonun bərpası) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, onunla Cavabdeh arasında 2007-ci ildən qeyri - rəsmi ər-arvad münasibətləri olmuşdur. Nikahıları isə xx xxxxxx 2008-ci il tarixdə 597 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Onların birgə nikahlarından iki övladı - xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Onların arasında olan ər-arvad münasibətləri pozulduğu üçün və cavabdeh öz doğma övladlarının maddi təminatını ödəmədiyi üçün o 2019-cu il tarixdə alimentin təyin edilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4311 /2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu ill təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair Daşkəsən rayon Məhkəməsinə müraciət etmişdir və Daşkəsən Rayon Məhkəməsinin 2(030) - 10/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə onun arasında bağlanmış, Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2008-ci il tarixdə 597 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydi aparılarkən ona nikahdan əvvəlki “Səttarova” soyadını bərpa etmək hüququnun olmasının izah edilməsi, boşanmadan sonra tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X2 onun yanında saxlanılması qət edilmişdir. Bildirir ki, cavabdehlə birgə nikah dövründə aşağıda qeyd edilən əmlakları əldə etmişlər. Mersedes C180 minik markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı, Tofash Shahin minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı,Opel Vcctra minik markalı, **-RO-*** övlət qeydiyyat nişanlı, Vaz 21074 minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı, Opel Vectra minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı, Opel Vectra B minik markalı, 90-RJ-İ78 dövlət qeydiyyat nişanlı, Vaz 21154 minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı, Mersedes Benz cl 80 minik markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı, Tofash Shahin minik markalı, 10-Om-423 dövlət qeydiyyat nişanlı, Volkswagen Jetta minik markalı, **-LM- *** dövlət qeydiyyat nişanlı,Tofaş Şahin minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı, Tofash Shahin minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo minik markalı, 90-L11-669 dövlət qeydiyyat nişanlı, Mercedes C230 minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı, KİA Magentıs minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı, Mersedes Benz 190 minik markalı, İO-OG-343 dövlət qeydiyyat nişanlı, Mersedes Benz E240 minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı, Vaz 21061 minik markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı, Lamberet Yanmqoşqu markalı, 99-ZE375 dövlət qeydiyyat nişanlı, BMW 520 minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı 21.Opel Vectra minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı, Nissan Sunny minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı 24.X10 markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı, Volkswagen Passat minik markalı, **-BS-*** dövlət Qeydiyyat nişanlı, X10 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 270 minik markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz. 190 minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C220 minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı, Mercedes E200 minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı, Mercedes C 180 minik markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı, X9 HST minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz C180 minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 190 minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı, Vaz 21074 minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı, Vaz 210740 minik markalı, **- XC-*** dövlət qeydiyyat nişanlı 37.Opel Vectra minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı, BMW 5401 minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı minik markalı avtomobilləri əldə etmişdik. Cavabdeh yuxanda adları qeyd edilən avtomobilləri icarə verdiyini ona bildirmişdir. Onu da qeyd edir ki, onlar birgə nikah dövründə əldə etdiyi evlərini də onu aldadaraq dayısının adına keçməsi üçün imzalatdırmışdır. Birgə nikah dövründə əldə etdiyi, evi dayısının adına keçirdikdən 1 ay sonra onu azyaşlı övladları ilə birlikdə küçəyə atmışdır. O da məcbur qalıb övladları ilə birlikdə atasının yanına sığınmışdır. Cavabdeh həyat yoldaşı olduğu üçün ona inanmış və hər bir dediyini etmiş. Sonradan ona məlum olmuşdur ki, cavabdehin tək dərdi onun əmlaklarıdır. Azyaşlı övladları ilə onu evdən qovandan sonra ona məlum olmuşdur ki, yuxanda qeyd etdiyi avtomobilləri də onun imzası və razılığı olmadan başqa şəxslərə satmışdır. Avtomobillərin kimlərə satılması barədə bütün məlumatları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir. Həmin avtomobillər müxtəlif vaxtlarda satılmış və heç birisinin alqı-satqısında o iştirak etməmişdir. Yuxarıda qeyd edilən avtomobillər satılan zaman onun iştirakı və razılığı olmadığı üçün Cavabdeh ilə müxtəlif şəxslər arasında bağlanmış alqı-satqı müqavilələri ləğv edilməlidir. Ona görə də bir vətəndaş kimi hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Daşkəsən Rayon Məhkəməsinin 2(030)-10/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində xx xxxxxx 2008-ci il tarixdə 597 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, xx xxxxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X1 Simuzər Mehman qızının yanında saxlanılması qət edilmişdir. AR DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli məktubu ilə xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh adında qeydiyyatda olan, qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən və etibarnamə əsasında istifadəsində olmuş nəqliyyat vasitələri barədə məlumatların kompyuter çıxarışı təqdim edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə görə, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-ci maddəsinə görə, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müxtəlif şəxslərlə cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələri üzrə avtomobillər üçüncü şəxslərə satıldığından, həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, mübahisələndirilən alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Belə ki, müxtəlif vaxtlarda bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ondan sonra bağlanmış alqı-satqı müqavilələrinin, habelə onun hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Bu baxımdan üçüncü şəxslərin əmlakları cavabdehdən əldə edən zaman onlarda əqdin legitimsizliyi barədə şübhə yaranmadığından, üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığından, onlar vicdanlı alıcı qismində qəbul olunur. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə habelə İddiaçı izah edir ki, o, digər əsaslardan çıxış edərək, hazırki mübahisəli “**-LM-***” dövlət qeydiyyat nişanlı “KİA Magentıs” minik markalı avtomobilin satışından ona dəymiş zərərin ödənilməsi və s. tələblərlə cavabdehə qarşı iddia irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2409/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2409/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver