Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2417/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6” kursunun rəhbəri X1 zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun və məhkəmə xərcləri olaraq 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə “X6” kursuna 250 manat məbləğində pul ödəyərək, kursa daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə onunla kursun rəhbəri cavabdeh X4 arasında rəsmi olaraq müqavilə bağlanmış və kursa başlamışdır. Həmin müqavilənin 1-ci bəndində kursun müddəti 15 gün və kursla bağlı ödənişin məbləği 250 manat təşkil etdiyi qeyd edilmişdir. Lakin müqavilənin şərtləri cavabdeh tərəfdən kobud şəkildə pozulmuşdur. Müqavilədə kursun müddəti 15 gün müəyyən olunsa da, 15 gün kursda iştirak etmədən kursun müddətinin bitdiyi bildirilmişdir. Hətta kursa başlayanda kursun sonunda dərhal işlə təmin olunacağı ilə bağlı vəd verilmişdir. Lakin qeyd olunanların heç biri cavabdeh tərəfindən təmin olunmamışdır. Bu səbəbdən 250 manat məbləğində pulu geri istəsə də, cavabdeh artıq 7 aydır ki, ödənilmiş pul vəsaitini geri qaytarılmaqdan boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçının yazıldığı yer kursdur, salon deyil ki, iddiaçını bir müddət sonra işə götürsünlər. Sözügedən yer yekunda yalnız sertifikat ilə tələbələri təmin edir. İddiaçı kursları keçib yekunda da sertifikatını almışdır. Həmçinin iddiaçıya işləmək üçün başqa salonda iş təklif edilmiş, lakin iddiaçı kurs keçdiyi yerdə işləmək istədiyini bildirmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. İddaçı, cavabdehin nümayəndəsi və vəkilinin izahatına münasibət olaraq bildirdi ki, ona işləmək üçün başqa yerdə iş təklif edilmiş, lakin ona müqavilə bağlanan zaman şifahi olaraq deyilmişdir ki, kursu bitirəndən sonra o, “X6”-nin özündə işləyəcəkdir. Bu səbəbdən başqa yerdə yox, “X6”-də işləmək istədiyini bildirmiş, lakin onun bu tələbi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. ;w İddiaçı tərəfindən “X6” kursunun rəhbəri X3 göndərilmiş pretenziyadan görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 3 gün müddətində maddi ziyan kimi vurulmuş zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun ödənilməsi xahiş etmiş, əks halda məhkəmə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli, 19 nömrəli müqavilədən görünür ki, “X6” ilə İddiaçı arasında kurs keçirilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən kursun müddəti 15 gün və ödəniş 250 manat təşkil edir. Müqavilənin 19-cu bəndinə əsasən kursu məsuliyyətli formada başa vurmuş tələbənin iş üçün müraciət edən zaman işə götürülməsi səlahiyyəti kursun rəhbərliyinə aiddir. Müqavilənin 21-ci bəndinə əsasən kursu yalnız uğurla və məsuliyyətli formada başa vurmuş tələbələrə sertifikat verilir; “AZEMİS” Elektron Məhkəmə Sistemindən görünür ki, X4 vergi ödəyicisi kimi ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdə kursda müəllimə işləyən Nigar adlı şəxslə iddiaçı arasında olan yazışmalar və audio yazılar əks edilmişdir. Yazışmalardan görünür ki, iddiaçı kursu bitirdikdən sonra “X6”-nin özündə işlə təmin edilmədiyi üçün narazıçılığını bildirir və kursa görə tərəfindən ödənilmiş 250 manat pulun geri qaytarılmasını tələb edir. Kursda müəllimə işləyən Nigar adlı şəxs isə iddiaçıya irad tutur ki, iddiaçıya digər salonda iş təklif edilmiş, lakin iddiaçı həmin salonda işləməyi özü qəbul etməmişdir. İddiaçı isə şifahi razılaşmada ona “X6” özündə işə götürüləcəyinə vəd edildiyini qeyd edərək, başqa yerdə yox, “X6” özüdə işləmək istədiyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kurs keçirilməsindən və bununla əlaqədar bağlanmış müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. Bu hal tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş müqavilə ilə təsdiq olunur. İşin mübahisələndirilən halı həmin müqavilə üzrə tələbənin, yəni iddiaçının kursu bitirməsindən sonra işlə təmin edilməsi ilə bağlıdır. İddiaçı ona “X6”-də işlə təmin edilmədiyi üçün cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsini iddia edir, cavabdeh tərəf isə öz növbəsində bildirir ki, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və iddiaçının tələbi müqavilədə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırki işdən göründüyü kimi, iddiaçı ilə cavadeh “X6” kursunun rəhbəri arasında dırnaq kursunun tədrisiylə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilədə kurs tərəfindən müəyyən olunmuş və özündə tərəflərin hüquq və vəzifələrini ifadə edən müddəalar əks olunmuşdur. İddiaçı “X6”-nin sosial şəbəkə hesabının statuslarında paylaşılmış elanlarda bu sahə üzrə işləmək istəyənləri işlə təmin edəcəkləri qeydinə əsaslanmış və kursun müvəffəqiyyətlə tələbə tərəfindən başa çatdırıldığı halda dərhal işlə təmin olunması vədinin kurs tərəfindən icra olunmaması halından şikayətçi olmuşdur. Lakin qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış və mövcud olmuş münasibətlər “X6” tərəfindən paylaşılmış elandakı təkliflərə deyil, tələbə ilə kursun rəhbərliyi arasında bağlanmış müqavilənin qüvvəsinə əsaslanmışdır. Müqaviləyə daxil edilmiş şərtlər arasında elanın məzmununda yer almış, kurs tərəfindən dırnaq xidmətləri sahəsində işləmək istəyənlərin işlə təmin edilməsi barədə vurğulanmış qeyd nəzərdə tutulmamışdır. İşə qəbul olunmayla əlaqədar müqavilənin müddəaları tələbənin iş üçün müraciət etdikdən və modellər üzərindəki əl işlərini təqdim etdikdən sonra yalnız rəhbərliyin səlahiyyəti altında onun işə götürülməsinin mümkünlüyünü ehtiva edir. Bu səbəbdən tələbə tərəfindən kursu bitirdikdən sonra mütləq şəkildə işlə təmin olunma iddiası əsassızdır və yalnız kursun səlahiyyətli rəhbəri tərəfindən qiymətləndirilməklə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.7-ci maddəsinə əsasən əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.4-cü maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Həmçinin tələbənin işlə təmin olunmaması “X6”-nin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmamışdır. Belə ki, “X6”-nin sosial şəbəkə hesabının statuslarında paylaşılmış elanlarda kursun təklifdə göstərilmiş şərtlərə cavab verən istənilən şəxslə müqavilə bağlamaq iradəsi aydın olmuş, yəni ümumi ofertaya istinad edilmişdir. İddiaçı tərəfindən isə “X6”-nin ünvanladığı ümumi oferta qəbul edilmiş, ofertaya cavab olan aksept qismində kursa müraciət etmişdir. Müraciət əsasında tələbə ilə kursun rəhbərliyi arasında müqavilə bağlanmışdır. 15 günlük kurs müddəti bitdikdən sonra isə rəhbərlik tərəfindən tələbənin işlə təmin olunmasına səy göstərilmiş, tələbəyə dırnaq xidmətləri göstərən salonların birində iş təklif edilmişdir. Tələbə kursun yönləndirdiyi salonda işləmək imkanını dəyərləndirməmiş və yalnız “X6”-nin özündə fəaliyyət göstərmək istədiyini bildirərək, təklifi rədd etmişdir. Bu təklifin rəddi “X6”-nin sosial şəbəkə hesabının statuslarında paylaşılmış elanlarda kursu bitirən şəxslərin başqa salonlara yönləndirilmədən, kursun öz filiallarında işlə təmin olunması qeydinə əsaslanmışdır. Lakin bu halda da tərəflər arasında yaranmış və mövcud olmuş münasibətlər “X6” tərəfindən paylaşılmış elandakı təkliflərə deyil, tələbə ilə kursun rəhbərliyi arasında bağlanmış müqavilənin təsir dairəsinə aid edilir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri sırasında tələbənin kursu bitirdikdən sonra onun başqa salonlarda deyil, məhz “X6”-nin özündə işlə təmin olunması müddəası mövcud olmamışdır. Müqavilədə belə bir müddəanın öz əksini tapmaması kurs tərəfindən öhdəliyin vicdanla yerinə yetirilməsində hər hansı bir qüsura yol verilməməsi qənaətinə gəlməyə və tələbə tərəfindən müqavilədə qeyd olunmamış hallarla bağlı tələbin irəli sürülərək akseptdən kənara çıxmanın müşahidə olunmasına gətirib çıxarır. Mübahisələndirilən digər bir hal CD-də əksini tapmış kursda müəllimə kimi işləyən Nigar adlı şəxslə iddiaçı arasında olmuş yazışmalar və audio yazılar təşkil edir. Lakin məhkəmə qeyd edir ki, Nigar adlı müəllimə kursda sadəcə müəllimə kimi fəaliyyət göstərir və hər hansı bir səlahiyyətli nümayəndə kimi kursu təmsil etmir. Kursa tələbələrin qəbulu, tədris, işlə təmin olunma və s. proseslərində həmin müəllimənin səlahiyyətverici və imperativ rolu yoxdur. Müəllimə kimi işləyən Nigar adlı şəxsin iddiaçı ilə kursla əlaqədar apardığı danışıqlar sadəcə məlumat xarakteri daşıyır və iddianın təmin edilməsi üçün möhtəbər sübut deyildir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, iddiaçı cavabdehdən maddi ziyan tələb etməkdə haqlı olmamışdır. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3 və 106.1-ci maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə isə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmişdir. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2417/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2417/2024
26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver