Məhkəmə qərarları › İş №2(005)-242/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-242/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-242/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “verilmiş pul məbləğlərinin və ödənilmiş dövlət rüsumunun cavabdeh şəxslərdən müştərək qaydada tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “verilmiş pul məbləğlərinin və ödənilmiş dövlət rüsumunun cavabdeh şəxslərdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 221.900 (iki yüz iyirmi bir min doqquz yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1984-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, N.Şalbuzov küçəsi, ev 11 ünvanda qeydiyyatdadır, lakin faktiki olaraq ünvan 1 ünvanında ailə üzvləri ilə-rəsmi nikahda olduğu həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Cavabdehlərdən Cavabdeh2 uşaqlıqdan tanıyır. O, İsmayıllı rayonunda onun qonşusu olmuş, onlar həmişə yaxşı münasibətdə olmuşlar. Mütəmadi olaraq onlar arasında telefon danışıqları baş tuturdu. Danışıqlarının birində Cavabdeh2 ona bildirmişdir ki, onun xalası, yəni digər Cavabdeh1 ünvanlı sosial yardım və pensiya almağı təşkil edir. Ona görə də, onun iki azyaşlı uşağı olduğundan, həmçinin onun özünün heç bir yerdə işləmədiyindən ona ünvanlı sosial yardım düzəldilməsini təklif etmişdir. O da öz növbəsində Cavabdeh2 bu təklifi ilə razılaşmış və 2018-ci ilin sentyabr ayında ona 1.200 (bir min iki yüz) manat məbləğində pul vermişdir ki, sonuncu xalasının vasitəsilə ona ünvanlı sosial yardım düzəltsin. Təxminən 2 (iki) ay keçdikdən sonra həqiqətən də Cavabdeh2 ona ünvanlı sosial yardım düzəltmiş, o hər ay 220 (iki yüz iyirmi) manat məbləğində olmaqla, 2018-ci ilin dekabr ayından 2019-cu ilin sentyabr ayınadək ünvanlı sosial yardım almışdır. Cavabdeh2 onu xalası Cavabdeh1 ilə də tanış etmiş və onların hər ikisi ona bildirmişdilər ki, ünvanlı yardım almaq və ya pensiya düzəltdirmək istəyənlər olduqda onlara xəbər etsin, bunun müqabilində ona buna görə hörmət edəcəklərini də demişdilər. O, yardım aldıqca tanıdığı və bildiyi insanlara məlumat verirdi ki, ünvanlı sosial yardım düzəldən insanlar və onlar yardım düzəldirlər. Bu gedişatla o 200 (iki yüz) nəfərə yaxın adamdan hərəsindən 1.200 (bir min iki yüz) – 4.500 (dörd min beş) manat məbləğində pul vəsaiti olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermişdir ki, cavabdeh şəxslər həmin insanlara ünvanlı sosial yardım və ya pensiya düzəltsinlər. Cavabdeh şəxslər də öz növbələrində onun təqdim etdiyi insanların çoxuna ünvanlı yardım və ya pensiya düzəldiblər. Lakin sonradan ona bəlli olmuşdur ki, cavabdeh şəxslər onları həvəsləndirmək üçün əslində heç bir rəsmi sosial yardım və ya pensiya düzəltmədən onlara kart açdıraraq, alqıqları pul məvaciblərinin bir hissəsini ilk bir neçə ay ərzində “Milli Ön” və digər ödəmə terminalları vasitəsilə həmin insanların kartına köçürüblər. Onlar isə belə zənn etmişlər ki, hər ay pensiya və ya müavinət alırlar. Bu hal ona 2019-cu ilin noyabr ayında bəlli olmuş və o da öz növbəsində cavabdeh şəxslərə heç bir adam təqdim etməmiş və verilmiş müvafiq pul vəsaitlərinin qaytarılmasını tələb etmişdilər. Qeyd edilməlidir ki, cavabdeh şəxslərin ondan aldıqları pul vəsaitləri 200 (iki yüz) nəfərədək olan imkansız adamların puludur, ümumi məbləğ 221.900 (iki yüz iyirmi bir min doqquz yüz) manat məbləğində təşkil edir. Bu məbləğin 142.850 (bir yüz qırx iki min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1, 79.050 (yetmiş doqquz min əlli) manat məbləğində pul vəsaiti isə Cavabdeh2 verilmişdir. Həmin şəxslərin bir çoxunu o cavabdeh şəxslərlə tanış etmiş və cavabdeh şəxslər onlara da söz vermişlər ki, verdikləri pul vəsaitlərini qaytaracaqlar. Lakin cavabdeh şəxslər heç bir məbləğdə pul vəsaiti qaytarmamışlar. Şikayətçilərdən müvafiq məbləğdə pul vəsaitlərini alıb cavabdeh şəxslərə verdiyi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, 221.900 (iki yüz iyirmi bir min doqquz yüz) manat məbləğində pul vəsaiti cavabdeh şəxslərdən alınaraq ona qaytarılmalıdır ki, onları əsl sahiblərinə qaytara bilsin. Həmin şəxsləri şahid qismində məhkəməyə gətirəcəkdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslərin heç biri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh şəxslər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X2 bildirmişdir ki, o iddiaçı şəxs İddiaçı həyat yoldaşını tanıyır. Cavabdeh1 onun iş yoldaşı olub. İddiaçının həyat yoldaşı müxtəlif vaxtlarda müxtəlif məbləglərdə Zərifəyə onun vasitəsilə ilə pul göndərib. Həmin göndərilən pulların məbləgini dəqiq bilmir. Məhkəmə iclasında ifadə verən şahid X1 bildirmişdir ki, o iddiaçı şəxsin həyat yoldaşıdır. O da öz növbəsində müvafiq qaydada ünvanlı sosial yardım düzəldilməsi üçün cavabdeh şəxs Cavabdeh1 ümumilikdə 40.000 (qırx min) manat məbləğə yaxın pul vəsaiti vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” X4 Səhmdar Cəmiyyətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxx 2021-ci il tarixli sorğuya cavab məktubunun məzmunundan görünür ki, xx xxxx 1979-cu il tarixdə anadan olmuş Cavabdeh2 məhkəmə qərarı ilə tələb olunan xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində bank əməliyyatlarının vəziyyətini əks etdirən cari hesablarından çıxarışların bank tərəfindən təsdiq olunmuş surətləri təqdim edilmiş, lakin Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində “xxxx” X4 Səhmdar Cəmiyyətində əmanət hesabları olmamışdır. Bununla yanaşı, Cavabdeh2 məhkəmə qərarı ilə tələb olunan dövr üçün məhkəməyə təqdim olunan hesablarına Abdullayeva (Novruzova) Günel Hacı qızı tərəfindən kassadan həyata keçirilmiş mədaxil əməliyyatlarına dair sənədlərin bank tərəfindən təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, həmin hesablar üzrə kassadan həyata keçirilmiş mədaxil əməliyyatları istisna olmaqla, digər mədaxil əməliyyatları “Cash-in” və ya “Milliön” vasitəsilə həyata keçirildiyindən, həmin əməliyyatların kim tərəfindən həyata keçirilməsi barədə məlumat vermək mümkün deyildir. xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək Abdullayeva (Novruzova) Günel Hacı qızı tərəfindən Cavabdeh2 hesabına nağd pulun plastik karta köçürülməsinə dair 13 adda qəbzdən görünür ki, qeyd edilən şəxsin adından müvafiq istiqamətdə ümumilikdə 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində pul vəsaiti köçürülmüşdür; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”-nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.[ Məhkəmə ilk olaraq qeyd edir ki, işlə bağlı mübahisələndirilməyən hallar ondan ibarətdir ki, xx xxxx 1979-cu il tarixdə anadan olmuş Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan dövr ərzində “xxxx” X4 Səhmdar Cəmiyyətində əmanət hesabları olmamışdır. Bununla yanaşı, Cavabdeh2 qeyd edilən dövr üçün məhkəməyə təqdim olunan hesablarına Abdullayeva (Novruzova) Günel Hacı qızı tərəfindən kassadan həyata keçirilmiş mədaxil əməliyyatlarına dair sənədlərin bank tərəfindən təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin hesablar üzrə kassadan həyata keçirilmiş mədaxil əməliyyatları istisna olmaqla, digər mədaxil əməliyyatları “Cash-in” və ya “Milliön” vasitəsilə həyata keçirildiyindən, həmin əməliyyatların kim tərəfindən həyata keçirilməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək Abdullayeva (Novruzova) Günel Hacı qızı tərəfindən Cavabdeh2 hesabına nağd pulun plastik karta köçürülməsinə dair 13 adda qəbzdən görünür ki, qeyd edilən şəxsin adından müvafiq istiqamətdə ümumilikdə 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə qeyd edir ki, hazırki tələblə iddiaçı şəxsin tələb etdiyi 221.900 (iki yüz iyirmi bir min doqquz yüz) manat məbləğində pul vəsaitinin yalnız 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində olan hissəsi öz hüquqi təsdiqini tapır. Eyni zamanda qeyd edilməlidir ki, müəyyən edilmiş pul vəsaiti iddiaçı şəxsin müvafiq iddia ərizəsində qeyd etdiyi kimi hər iki cavabdeh şəxsdən deyil, yalnız Cavabdeh2 iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Belə ki, qeyd edilən məbləğ məhz Cavabdeh2 hesabına xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək nağd pulun plastik karta köçürülməsi ilə həyata keçirilmişdir. Bu baxımdan qanunun yuxarıda qeyd müddəalarını hazırki iddia tələbinə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 digər Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, müvafiq zərərin ödənilməsi ilə Cavabdeh2 dəymiş maddi ziyana görə məsuliyyət daşıyır, bu səbəbdən iddia qeyd olunan hissədə qismən təmin edilməli, Cavabdeh2 məhkəmə araşdırması zamanı müəyyən edilmiş 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin vurulmuş maddi zərərlə bağlı hissəsinin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hissədə əsaslıdır, iddiaçı həmin hissədə iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 məhkəmə araşdırması zamanı müəyyən edilmiş 38.550 (otuz səkkiz min beş yüz əlli) manat məbləğində maddi zərər İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə və digər Cavabdeh1 münasibətdə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 iddiaçı şəxsin xeyrinə tutulmalıdırı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qismən təmin edilsin. Cavabdeh Cavabdeh2 38.550 (otuz səkkiz min beş yüz əlli) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qalan hissədə və Cavabdeh1 münasibətdə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar