Məhkəmə qərarları › İş №2(005)-2424/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2424/2021

06.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2424/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfrəov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7325 manat məbləğində pul vəsaiti, habelə 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24.01.2014-cü il tarixli, seriya RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 20, mənzil 35 iddiaçının tam mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11.11.2020-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20 say ı evin, 35 nömrəli mənzili İddiaçı tərəfindən Cavabdeh bir il müddətinə, 100 manat aylıq icarə haqqı ödəməklə icarəyə verilmişdir (İcarə müqaviləsi Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmişdir). Həmin müqavilənin 7-ci bəndi ilə icarəçi tərəfindən icarəyə götürüldüyü əmlakın ikinci əldən icarəyə verilməsi qadağan edilmişdir. Lakin cavabdeh müqavilənin qeyd edilən bəndi ilə şərtləndirilmiş müddəanın tələblərini kobud şəkildə pozaraq, iddiaçının razılığı olmadan mənzili üçüncü şəxslərə icarəyə vermişdir, iddiaçı aralarında bağlanmış müqavilənin tələblərinin cavabdeh tərəfindən pozulduğunu və ona məxsus mənzildə hər hansı hüquqi əsas olmadan kənar şəxslərin yaşadığını bildikdən həmin şəxslərin mənzilin dərhal tərk edilməsini tələb etmişdir. İddiaçının bu qanuni tələbi qeyd edilən şəxslər tərəfindən icra edilsə də, mənzili tərk edən zaman həmin mənzildə yerləşən iddiaçıya məxsus ümumi dəyəri 4.335 manat təşkil edən əşyalar oğurlanmış və bundan əlavə mənzilin təmirinə ümumilikdə 2.990 manat ziyan vurulmuşdur (dəymiş ziyana dair ətraflı məlumatı əks etdirən siyahı iddia ərizəsinə əlavə edilmişdir). Bu məsələ ilə bağlı iddiaçı tərəfindən artıq Bakı şəh., Nərimanov rayonu 17 saylı polis bölməsinə ərizə ilə müraciət edilmiş və hazırda araşdırma aparılır. Göründüyü kimi, Cavabdeh tərəfindən 11.11.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinin tələbləri pozulmuş və nəticədə iddiaçının icarəyə verilmiş əmlakına ümumilikdə 7.325 (yeddi min üç yüz iyirmi beş) manat məbləğində ziyan dəymişdir. Qeyd edilən məbləğdə ziyanın Cavabdeh tərəfindən əmlakın kirayə müqaviləsi əsasında onun istifadəsinə verilmiş əmlakın üçüncü şəxslərin qeyri-hüquqi istifadəsinə verilməsi nəticəsində vurulduğundan kirayə verilmiş əmlaka dəyən zərər üçün cavabdeh məsuliyyət daşıyır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək, kirayə üçün götürdüyü mənzili dostlarına verdiyini, bir müddət orada tanışlarının yaşadığını bildirib, iddiaçının təqdim etdiyi təhviltəslim aktının onun tərəfindən imzalandığını, lakin həmin sənədin surətinin ona verilmədiyini, eyni zamanda mənzildə olan bəzi əşyalara ziyan vurulduğunu, həmin ziyanın isə iddiaçının iddia etdiyi həcmdə olmadığını qeyd edib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********* qeydiyyat nömrəli, 24.01.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1, 35 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan notarial qaydada bağlanmış 11.11.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1, 35 saylı mənzili Cavabdeh icarəyə verir.(1-ci bənd) “İcarəçi” icarəyə götürdüyü əmalakı ikinci əldən icarəyə verə bilməz. (7-ci bənd) İş materiallarında olan Nərimanov Rayon Pİ-nin 17-ci Polis Şöbəsinin 07.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış 2012/20 saylı rədd materialı Nərimanov Rayon Prokurorluğuna göndərilmiş və hazırki vaxtadək geri qaytarılmamışdır. İş materiallarında olan “X1” MMC-nin 06 iyul 2021-ci il tarixli 411 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə ümumilikdə 1167 manat ziyan dəymişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən oğurlanmış ev əşyaları ekspertizaya təqdim edilmədiyindən ev əşyalarının konkret istehsal yeri, modeli, istifadəyə yararlılıq dərəcəsi barədə məlumat olmadığına görə onların hazırki bazar qiyməti nəzəri və təxmini hesablama yolu ilə təxminən 1500 manat dəyərində qiymətləndirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 11.11.2020-ci il tarixli icarə müqaviləsinə əsasən, “İcarəyə verən” İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1, 35 saylı mənzili Cavabdeh icarəyə verir.(1-ci bənd) “İcarəçi” icarəyə götürdüyü əmalakı ikinci əldən icarəyə verə bilməz. (7-ci bənd) Cavabdeh müqavilə şərtlərini pozmuş, ünvan 1, 35 saylı mənzili ikinci əldən icarəyə vermişdir. İddiaçı müraciəti əsasında toplanmış 2012/20 saylı rədd materialı Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir. Hazırda iddiaçı ona 7325 manat məbləğində maddi ziyan dəydiyini bildirir, cavabdeh iddianı qəbul etmir, lakin iddiaçının təqdim etdiyi təhvil-təslim aktının onun tərəfindən imzalandığını, lakin həmin sənədin surətinin ona verilmədiyini, eyni zamanda mənzildə olan bəzi əşyalara ziyan vurulduğunu, həmin ziyanın isə iddiaçının iddia etdiyi həcmdə olmadığını qeyd edir. İlk növbədə məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də pulun ödənildiyini qeyd etdiyindən, o, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini daşıdığı halda, pulun iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Belə ki, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini pozaraq, icarəyə götürdüyü mənzili qanunsuz olaraq öz dostunun istifadəsinə vermiş, nəticə etibarilə də İddiaçı maddi ziyan vurmuşdur. Bundan sonra sonuncu cavabdehin hərəkəti nəticəsində itmiş və ya zədələnmiş əşyaları ilə bağlı hüquq mühafizə orqanına müraciət etmişdir. Beləliklə, maddi ziyanın mövcudluğu, həmin maddi ziyanın vurulmasında cavabdehin birbaşa olaraq təqsirliliyi, həmin hərəkətlə vurulmuş ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu şübhəsizdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində sadalanan əmlakların mövcudluğu, onların cavabdehə təhvil verilməsi, habelə mənzilin təmiri ilə bağlı faktiki halları sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı həmin hallara dair yalnız tərəflər arasında imzalanmış 08 noyabr 2021-ci il tarixli təhvil-təslim aktı təqdim edir. Bununla belə qeyd olunmalıdır ki, cavabdeh həmin aktı imzaladığını, əşyaların ona təqdim edilməsini, o cümlədən həmin əşyaların mütəxəssis rəyi ilə müəyyənləşdirilmiş dəyərini mübahisələndirmir. Bundan başqa cavabdeh həmin rəyin nəticəsi ilə bağlı hər hansı etirazının olub-olmamasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin aktdakı 9 adda olan əşyalar əsas götürülməklə, mülki işə əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmiş qiymətlərə əsasən maddi ziyanın həcmi hesablanmalıdır. Nəzərə alınsa ki, məhkəmə dəymiş maddi ziyanın həcminin hesablanmasında ixtisaslı biliyə malik deyil, o zaman iddiaçının təqdim etdiyi müstəqil fəaliyyət göstərən mütəxəssis rəyi ilə kifayətlənməlidir. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə həmin əşyalara aşağıdakı qiymətlər müəyyən edilmişdir. “Tefal” markalı ətçəkən maşın – 170 manat, “Braun” markalı şirəçəkən – 180 manat, “Bosch” markalı blender – 120 manat, “Sony Bravia” markalı TV – 470 manat, “Braun” markalı ütü 2 ədəd - 220 manat, “Sony” markalı DVD Player – 70 manat. Sözügedən aktda qeyd edilən digər əşyaların dəyəri ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə digər əşyalara münasibətdə iddia tələbini əsassız hesab edir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən əsaslıdır və Cavabdeh 1230 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1230 manat məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar