Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2443/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh 1 uşağa görə - qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə olan nikahı pozulmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur. Nikah pozulan zaman uşaq onun himayəsinə verilmişdir. Məhkəmə qətnaməsi ilə əvvəlcə alimentin məbləği 150 manat olaraq müəyyən edilmişdir. Daha sonra isə mediasiya prosesi ilə aliment məbləği 250 manat təyin edilmişdir. Hazırda məhkəməyə müraciət etməkdə məqsədi uşağın saxlanılması üçün 250 manatın yetərli olmamasıdır. Uşağın sosial, ailə və məişət xərcləri, həmçinin təhsil xərcləri 250 manatla qarşılanmır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı, 264327 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Hüseynova” soyadı verilmişdir; AZ-İV seriyalı, 351613 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 doğulmuşdur; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; Nərimanov rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-də aparıcı mütəxəssis vəzifəsində çalışır və əmək haqqısı 2841,14 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, onların bu nikahdan bir övladının doğulması, tərəflərin ailə münasibətləri baş tutmadığından, aralarındakı nikahın pozulması, uşağın iddiaçının yanında saxlanılmasını və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 İddiaçı ilə Cavabdeh övladıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı tutulan alimentin uşağın hazırki zamanda saxlanması üçün kifayət etmədiyini bildirir və alimentin hər ay qazancının ¼ hissəsi miqdarında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, cavabdehin hazırda ödədiyi aliment uşağın saxlanılmasına kifayət etmir. İddiaçının əldə edə biləcəyi pul vəsaiti isə (işləyərək əmək haqqı alması, yaxud valideynlərinin maddi köməkliyi və s.) uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, uşağın saxlanılması üçün aliment cavabdehin qazancından müəyyən hissə kimi, hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutulmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin artırılması barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7729/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2443/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2443/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver