Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-245/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Etibar Alievin Cavabdeh qarşı (açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməməsi, gecikdirilmiş müddətə görə faiz borcu; mənəvi zərər) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Etibar Alievin iştirakı ilə, İddiaçı Etibar Alievin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Etibar Aliev Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 10.000 AZN (on min manat) məbləğində borcun, həmin vəsaiti qanunsuz saxlamaqla faydalanmağına görə 2340,82 AZN (iki min üç yüz qırx manat səksən iki qəpik) məbləğində əldən çıxmış faydanın, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1463,01 AZN (min altı yüz altmış üç manat bir qəpik) pulun və mənəvi zərərə görə 3000 manat məbləğində pulun, ümumilikdə 16.803,83 manat pulun və ödənilmiş dövlət rüsumunun məbləği olaraq 140.41 AZN (yüz qırx manat qırx bir qəpik) məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Aliev Etibara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh ilə bir müddət öncə tanış olmuşuq. O, 2021-ci ildə mənə ona təcili 10.000 manat məbləğində pul lazım olduğunu, ona borc verməyimi və 20 günə qaytaracağını bildirmişdir. Mən də aramızda hər nə qədər münasibət olsa da, həm özümü sığortalamaq, həm də qanunvericiliyin tələblərinə görə 3000 manatdan artıq olan borc müqaviləsinin yazılı formada bağlanmasının zəruri olmasını bildiyim üçün bununla bağlı notariusa getməyi və borc müqaviləsinin orada rəsmiləşdirilməsini cavabdehə təklif etmişəm. Cavabdeh ilk növbədə buna razılaşmamış, mənim əks halda pulu verməyəcəyimlə bağlı mövqeyimin dəyişməz olduğunu gördükdən sonra məcbur olaraq buna razılaşmışdır. Bunun nəticəsində 31.05 2021-ci il tarixində Bakı şəhəri 21 saylı Notariat ofisində cavabdehlə aramızda borc müqaviləsi bağlanmış və mən 10.000 manat məbləğində vəsaiti notariusun depozit hesabı vasitəsilə cavabdehə təqdim etmişəm. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh həmin məbləği xx.xx.2021-ci il tarixinə, yəni 20 gün müddətində mənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan etibarən müqavilə üzrə öhdəlik yerinə yetirilməmiş, davamlı müxtəlif bəhanələr gətirilərək öhdəlikdən boyun qaçırılmışdır. Cavabdeh artıq uzun müddətdir ki, mənim ona olan güvənimdən istifadə edərək pulumu mənimsəmiş, hər dəfə bir sıra səbəblər gətirərək məni aldatmağa davam etmişdir. Mən hər dəfə onunla əlaqə saxladıqda “elimdə işim var, ondan yaxşı pul götürecəm", “qohumum Niyazi ilə birlikdə iş görürük, icarəyə götürdüyümüz yer var mağaza açırıq, gəl sən de şərik ol, pul qazanacam oradan”, "Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun qızının Port Baku yaşayış kompleksində yerləşən mənzilində çox bahalı mərmərdən kamın yığıram", “Əliyar Əliyev küçəsində yerləşən binada ata evimizi satırıq, ordan sənin pulunu verəcəm", “Pənah kişi ilə şərikli tikinti şirkətindən podrat müqaviləsi ilə sifariş götürəcəyik", “Şahin müəllimin villasını satıram", “Arif Paşayevin adamı Ruslanın sifarişi ilə İran Respublikasından mərmər gətirmişəm”, "Abbas dayının Bakıxanov qəsəbəsindəki obyektini satmışam” və s. bu kimi sözləri mənə deyərək sayı-hesabı olmayan müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışmışdır. Üstəlik bu məsələdən onun ailə üzvləri də xəbərdardır və mən onun atası ilə bu barədə danışdıqda mənə Elvinin, yəni cavabdehin öz işi olduğunu, buna qarışa bilməyəcəyini bildirmiş, hətta anasına aramızda notarial qaydada borc müqaviləsinin bağlandığını bildirdikdə, o, buna təəccüblənmiş və çox adamlardan pul aldığını, heç biri ilə yazılı müqavilə bağlamağa razı olmadığını və onların da pulunu qaytarmadığını bildirmişdir. Göründüyü kimi cavabdeh dələduz əməlləri ilə etibar və güvəndən sui-istifadə etməklə məşğuldur. Bunun nəticəsində də mənə maddi və mənəvi ziyan dəymişdir və gün keçdikdə dəyməyə davam edir. Buna görə də hesab edirəm ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci i tarixli borc müqaviləsinə əsasən 10.000 AZN (on min manat) məbləğində borcun, həmin vəsaiti qanunsuz saxlamaqla faydalanmağına görə 2340,82 AZN (iki min üç yüz qırx manat səksən iki qəpik) məbləğində əldən çıxmış faydanın, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1463,01 AZN (min dörd yüz altmış üç manat bir qəpik) pulun və mənəvi zərərə görə 3000 AZN (üç min manat) məbləğində pul, ümumilikdə 16.803,83 AZN (on altı min səkkiz yüz üç manat səksən üç qəpik) məbləğində pul cavabdehdən mənim xeyrimə tutulmalıdır. İşin mövcud hallarından və qanunvericiliyin bununla bağlı normalarının tələblərindən göründüyü kimi Cavabdeh aramızda bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 10.000 manat məbləğində borcu razılaşdırdıqları kimi iddiaçıya ödəməlidir. Mövcud qanunvericiliyin, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən də göründüyü kimi borc müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ mövcuddur. Hazırki işin hallarından da göründüyü kimi tərəfimdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdehə 10.000 manat məbləğində borc verilmiş və həmin öhdəliyin icrasının son müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Artıq həmin tarixdən etibarən cavabdehə etdiyim bütün xəbərdarlıqlara baxmayaraq borcun mənə ödənilməsi təmin edilməmişdir. Buna görə də hazırda xx.xx.2021-ci il tarixindən cavabdehə rəsmi pretenzivanın göndərildiyi xx.xx.2024- cü il tarixinədək olan müddət, yəni 2 il 338 gün müddəti ücün illik 5 faiz olmaqla hesablanmış 1463.01 manat pulun (1-ci il üçün 500 manat, ikinci il ücün 500 manat. 338 gün ücün isə 463,01 manat (338x500/365=463.01)) pulun cavabdehdən alınaraq mənə ödənilməsi üçün qanuni və hüquqi əsaslar yaranmışdır. Göründüyü kimi mülki qanunvericilikdə kreditorun vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etməsi halında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci madçfösi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququnun olması təsbit edilmişdir. Hazırki iş üzrə də iddia ərizəsinə əlavə etdiyim hesabdan çıxarış və bank bukletindən görünür ki, uzun müddətdir istifadə etdiyim və hal- hazıradək faydalana bildiyim “Xalq Bank" ASC-nin cashback kampaniyasına əsasən, kartda qalığa illik 8% miqdarında əlavə gəlir hesablanır və həmin bankda olan hesabımdan çıxarışdan görünür ki, artıq bir neçə dəfə həmin gəlir mənim karta məxsus hesabıma yüklənmişdir. Mən məhz bu vasitə ilə hesabımda olan vəsaitə hər il müəyyən miqdarda əlavə gəlir əldə edirəm və bu pul mənim gündəlik ehtiyaclarım üçün olduqca önəm daşıyır. Lakin cavabdehin artıq 3 ilə yaxın müddətdə mənə məxsus olan 10.000 manat vəsaiti özündə saxlaması səbəbindən mən həmin gəlirdən məhrum olmuşam və bu da mənim qanunvericliklə qorunan hüquqlarımın pozulmasına gətirib çıxarmışdır. Ona görə de hesab edirəm ki. daha öncəki punktda göstərdiyim hesablama mexanizmi ilə, yəni 2 il 338 gün müddətində 10.000 manat məbləğində pulun illik 8% faiz hesablamaqla əlimdən çıxan fayda hissəsi olan 2340,82 manat (1-ci il üçün 800 manat, 2ci il üçün 800 manat və 338 gün üçün 740,82 manat (338x800/365=740,82)) məbləğində pul cavabdehdən alınaraq mənim xeyrimə tutulmalıdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi zərər anlayışı sadəcə şəxsin əmlakına dəymiş real zərərlə ifadə olunmur, həm də qeyri-əmlak hüquqlarının pozulması nəticəsində hesablanmalı olan kompensasiya məbləğini də ehtiva edir. Hazırki iş üzrə də ərizənin giriş və təsviri hissəsində göstərdiyim kimi cavabdeh mənim ona olan inam və güvənimdən dəfələrlə istifadə edərək məni aldatmış, hər dəfə müxtəlif bəhanələr gətirərək borca verdiyim pulu mənimsəmiş və məni şiddətli formada əsəb keçirməyə vadar etmişdir. Bu haldan sonra mənim ətrafımdakı digər insanlara, hətta öz yaxınlarıma belə inamım zəifləmiş, cəmiyyətdə bir fərd olaraq sağlam münasibətlər qura bilməyimə olan inancım sarsılmışdır. Bunu aradan qaldırmaq üçün bir neçə dəfə psixoloji dəstək belə almağa məcbur olmuşam. Çarəsiz qalıb cavabdehin valideynlərinə müraciət etsəm də, onlar da övladlarının əməllərindən məsul olmadıqlarını bildirmiş və məsələyə laqeydlik göstərmişlər. Bu hal isə məni daha da ümidsizliyə sövq etmişdir və mən sonda məhkəməyə müraciət edərək qanunla qorunan mənafelərimin bu formada müdafiəsinə məcbur qalmışam. Qeyd edilənlərə əsasən, hər nə qədər keçirdiyim stres və mənəvi iztirabların ekvivalenti olmasa da, hesab edirəm ki, 3000 manat məbləğində mənəvi zərər məbləği cavabdehdən tutularaq mənə ödənilməlidir.” İddiaçı Etibar Aliev xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 10.000 AZN (on min manat) məbləğində borcun, həmin vəsaiti qanunsuz saxlamaqla faydalanmağına görə 2340,82 AZN (iki min üç yüz qırx manat səksən iki qəpik) məbləğində əldən çıxmış faydanın, qətnamə icra olunan tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmalı olan pulun və mənəvi zərərə görə 3000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun məbləği olaraq 140.41 AZN (yüz qırx manat qırx bir qəpik) məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Alıev Etibara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Etibar Aliev xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, Cavabdeh ona qarşı xeyli miqdarda ziyan vurmaqla törətdiyi əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətinin əlamətləri ilə xarakterizə edilən ictimai təhlükəli əməllərin törədilməsi kimi qiymətləndirilərək araşdırılması və qanunun istinad olunan maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməklə aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh 3 ildir ki borcunu ödəmir. Cavabdehə inanınmış, o isə güvənindən istifadə edərək onu aldatmışdır. Borc xx.xx.2021-ci ildə ödənilməli idi, lakin heç bir ödəniş edilməyib. Cavabdeh özünü iş adamı kimi təqdim edib onu aldatmışdır. Hazırda müxtəlif bəhanələrlə vaxtı uzadır. Pretenziya məktubu ilə müraciət edəndə də ona qarşı sərt reaksiya göstərmiş və bildirmişdir ki, hər ay 50 manat ödəniş edə bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, cavabdeh borcu 10000 manat hissədə qəbul edir. Lakin digər faiz borcunu qəbul etmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Alıev Etibar və Cavabdeh arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 31 may 2021-ci il tarixli kredit müqaviləsindən görünr ki, borc verən borc alana 10000 (on min) manat məbləğində notariusun depozit hesabı vasitəsi ilə pul borc verir. Borc alan krediti xx.xx.2021 tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. - Alıev Etibar tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ümumilikdə 16803,83 manat borcun 5 gün müddətində ödəməsi, öhdəlik icra olunmadığı təqdirdə borcun tutulması və s. tələblərlə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 9/9680 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza qarşısında qoyulmuş sual üzrə iddiaçı Alıev Etibar ilə Cavabdeh arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 31 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh xx.xx.2024-cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə) müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt (illik 5%) üçün hesablanmış faiz borcu 1.488,89 manat məbləğində müəyyən edilir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 31 may 2021-ci il tarixdə yazılı formada kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıdan 10000 (on min) manat borc almış və onu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin qeyd olunan tarixdə borcu qaytarmamaqla müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. İddiaçı pul məbləğinin qaytarılması barədə cavabdehə müraciət etməsinə baxmayaraq borc qaytarılmamışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ödədiyi 10000 manat məbləğində pulun, habelə ona əlavə olaraq əldən çıxmış fayda, illik 5% və mənəvi zərərə görə məbləğin Cavabdeh öz xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İddia tələbi 4 hissədən ibarətdir:
1. xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 10.000 manat məbləğində əsas borc;
2. 2340,82 manat məbləğində əldən çıxmış fayda;
3. gecikdirilmiş vaxt üçün illik beş faiz;
4. mənəvi zərərə görə 3000 manat. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə ilk olaraq iddia tələbinin 1-ci hissəsi üzrə qeyd edir ki, tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 31 may 2021-ci il tarixli kredit müqaviləsi olmuşdur. Həmin müqaviləyə əsasən, borcverən – iddiaçı öz vəzifələrini yerinə yetirmiş, borcalana – cavabdehə 10000 manat məbləğində pul borc vermişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qeyd olunan (10.000 manat) hissədə qəbul etdiyini bildirmişdir. Göründüyü kimi cavabdehin iddiaçıdan 10.000 (on min) manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətə - xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə hazırki tarixədək iddiaçıya borcunu ödəməməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Belə olan halda məhkəmə iş materiallarını, cavabdehin iddianı qeyd olunan hissədə etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 10.000 manat məbləğində borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 2-ci hissəsi üzrə əldən çıxmış fayda tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Məhkəmə qeyd edir ki, real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə hazırki iş üzrə cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydanın tutulması istisna olunur. Həmin maddəyə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Hazırki iş üzrə qaldırılmış iddia tələbində iddiaçı kart hesabında olan qalığa hesablanan əlavə gəlirdən məhrum olduğunu bildirərək ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Lakin tələb ehtimal əsasında müəyyən edilmiş, əldən çıxmış fayda şəklində zərərin müəyyənləşdirilməsi üçün yuxarıda qeyd edilən maddədə müəyyən edilən dispozisiya şərtlərinin olmasına, iddiaçının müvafiq gəliri əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə iddiaçı tərəfindən göstərilən tələbin əsasını təşkil edən hal əldən çıxmış faydanın olmasıdır. Lakin iddiaçının tələbinin əsasını təşkil edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi formada ziyanın dəyməsini müəyyən etmək mümkünsüzdür. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş iddia tələbinin bu hissədə əsassız olması təsdiq olunur. Məhkəmə iddia tələbinin 3-cü hissəsi üzrə ödənilməli faiz məbləğlərinə münasibətdə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh borc aldığı pul məbləğini xx.xx.2021-ci il tarixədək iddiaçıya geri qaytarmalı idi (2-ci bənd). Bununla belə, borc qeyd olunan tarixədək, habelə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilməsinə baxmayaraq hazırki tarixədək ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən pul vəsaitinin icrası gecikdirilmiş və bu gecikmə işdə olan sənədlərlə, habelə cavabdehin nümayəndəsi və vəkilinin izahatı ilə də öz təsdiqini tapmışdır. AR Mülki Məcəlləsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (445.7). Qanunvericiliyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (449.1) Bu maddənin mənasına görə borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı). Tərəflər arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yarandığından, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinə əsasən, illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı Cavabdeh kredit müqaviləsi müddəti bitdikdən sonra gecikdirilmiş vaxt (illik 5%) üçün hesablanmış faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 9/9680 №-li ekspert rəyi ilə Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 31 may 2021-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh xx.xx.2024cü il tarixə (iddia ərizəsinin verildiyi tarixə) müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt (illik 5%) üçün hesablanmış faiz borcu 1.488,89 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt (illik 5%) üçün hesablanmış faiz borcu məbləğini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 05 dekabr 2024-cü il tarixdə verilmiş 9/9680 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməli, cavabdehin gecikdirilmiş vaxt üçün xx.xx.2024-cü il tarixədək faiz borc məbləği ekspertin gəldiyi nəticəyə uyğun olaraq 1488,89 manat həddində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan hazırki tarixədək 6 aydan çox müddət keçməsini, kredit müqaviləsi üzrə borcun hazırki tarixədək ödənilməməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixədək olan müddətlə yanaşı, xx.xx.2024-cü il tarixdən qətnamə icra olunan tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə iddia tələbinin 4-cü hissəsi üzrə mənəvi zərər tələbinə münasibətdə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri sayır. Həmin Qərarda göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə qeyd edir ki, müqavilə üzrə öhdəliklərin pozulmasından irəli gələn zərərin (maddi və mənəvi) ödənilməsi işlərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə cavabdehin müqavilə üzrə öhdəliyininin təqsirli pozuntusuna yol verməsi müəyyən edilməlidir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi, iddiaçının hüquqlarının pozulduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Hazırki iş üzrə cavabdeh kredit müqaviləsi üzrə borcunu 2021-ci ilin iyun ayınadək qaytarmalı olmasına baxmayaraq (iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir) 3 ildən çox müddət ərzində ödəməmiş, bu isə iddiaçının hüquqlarının bərpa olunması məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, məhkəməyə müraciət etmək məcburiyyətində qalmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. İddiaçı artıq uzun müddətdir ki, hüquqlarının bərpa olunmasını cavabdehdən tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı olan kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulmasını, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin uzun müddətli hərəkətsizliyini, iddiaçının mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 500 (beş yüz) manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması barədə vəsatəti ilə əlaqədar qeyd edir ki, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Hazırki iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə onlar arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdeh müqavilə şərtlərini pozmuş, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Məhkəmə iddiaçının tələbi üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayət əlamətləri (dələduzluq və s.) aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. -191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehə münasibətdə qismən təmin edildiyindən, onun dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəsinə mütənasib olaraq 100 (yüz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın qeyd olunan faiz hissədə təmin olunması nəzərə alınaraq, cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 100 (yüz) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 10.000 (on min) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün xx.xx.2024-cü il tarixədək (illik 5 faizlə) 1488,89 (min dörd yüz səksən səkkiz manat səksən doqquz qəpik) manat və gecikdirilmiş vaxt üçün xx.xx.2024-cü il tarixdən qətnamə icra olunan tarixədək illik 5 % hesablanmaqla faiz borcu, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq iddiaçı Etibar Alievin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 10.000 (on min) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün xx.xx.2024-cü il tarixədək (illik 5 faizlə) 1488,89 (min dörd yüz səksən səkkiz manat səksən doqquz qəpik) manat və gecikdirilmiş vaxt üçün xx.xx.2024cü il tarixdən qətnamə icra olunan tarixədək illik 5 % hesablanmaqla faiz borcu, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq iddiaçı Etibar Alievin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva