Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2458/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)925/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən Zamanov İlkinin saxlanması üçün müəyyən olunun hər ay üçün aliment məbləğinin keçmiş illər üzrə indeksləşməsi aparıİmaqla yenidən hesablanması və Zamanovun bu günə olan borc məbləğinin indeksasiya edilərək birdəfəlik şəkildə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh ilə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, rəsmi nikahdan 2003-cü ildə Zamanov İlkin adlı bir övladları doğulmuşdur. 2008-ci il mart ayında iddia ərizəsi ilə alimentlə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)925/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə Cavabdeh hər ay bir uşağa görə 80 (səksən) manat məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. O vaxtın uşaqlar üçün yaşayış minimumu 59 manat təşkil edirdi. Cavabdeh alimenti ödəməmək üçün müxtəlif yollara əl atırdı. Ünvanı dəyişirdi ki, icraçılar onu tapa bilməsin. Hətta axtarışa belə verilmişdir. Birinci dəfə 2009-cu ildə Yasamal rayon məhkəməsi ona cərimə tətbiq edərək xəbərdarlıq edib. Lakin buna baxmayaraq Cavabdeh yenə də alimenti ödəməmişdir. 04 mart 2014-cü il Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5 Rauf tərəfindən ödənilməmiş aliment məbləğinə görə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamani icraçı bildirmişdir ki, Cavabdeh xx.xx.2008 il tarixli qətnaməyə əsasən təqribən 4000 manat borcu yaranmışdır. 2008-2014-ci illərdə ölkədə 2 dəfə devalvasiya olub, pul dəyərini itirib və bununla yanaşı həmin şəxs 7 il aliment ödəməmişdir. 2019-cu ildə iddiaçı, Nərimanov rayon məhkəməsinə aliment məbləğinin artırılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi təmin olunmuşdur. 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat təşkil edirdi. Bu dəfə həmin tarixdən aliment məbləğinin ödənilməsi məhkəmə tərəfindən Cavabdeh pensiya aldığı idarəyə yönəldilirdi. Lakin köhnə borclar yenə də qalmışdır. 2021-ci il iyun ayında şikayətlərdən sonra icraçı Qarayev Babək əvvəlki illərdən qalan ödənilməmiş aliment borcunu Cavabdeh pensiya aldığı idarəyə yönəltdi. Sənəddə görünür ki, 2021-ci il iyun ayına qədər Cavabdeh 6100 min manat borcu yaranıb, 5 ay ödəndikdən sonra borc 4000 manat oldu. Hal-hazırda borcu ödəmir. Hazırda aliment məbləği ümumi 4000 manat təşkil edir. Eyni zamanda keçən illər ərzində uşaq böyümüş və xərcləri də artmışdır. Ötən məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, alimentin artırılması tələbi ilə razı deyil, tərəflərin birgə nikahdan olan uşaqları artıq yetkinlik yaşına çatmışdır. Bu halları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1840/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Şəfəq oğlundan xx.xx.2021-ci il tarixdən başlayaraq, 19 iyun 2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilməsi qət edilmişdir; AZ-İ №386193 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1177 nömrə ilə qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 19 iyun 2003-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, uşağın iddiaçının (anasının) yanında qalması müəyyən edilmişdir. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1840/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh Şəfəq oğlundan xx.xx.2021-ci il tarixdən başlayaraq, 19 iyun 2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı hər ay üçün aliment məbləğinin keçmiş illər üzrə indeksləşməsi aparıİmaqla yenidən hesablanması və Zamanovun bu günə olan borc məbləğinin indeksasiya edilərək birdəfəlik şəkildə ödənilməsini tələb edir. İddiaçı ərizəsini aliment məbləğin artırılması barədə olmasını qeyd etsə də, nəticədə keçmiş illər üzrə indeksləşməsi aparıİmasını xahiş etmiş, göstərmişdir ki, hazırda uşaqlar üçün yaşayış minimumu 193 manatdır, keçən illər ərzində uşaqlar böyümüş və xərcləri də artmışdır. Məhkəmə iddia tələbi ilə bağlı onu qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulmuş və 19 iyun 2003-cü il təvəllüdlü X4 artıq yetkinlik yaşına çatmış, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hesablanmış aliment məbləğinin artırılması üçün əsas yoxdur. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1840/2021 saylı, 12 aprel 2021ci il tarixli qətnaməsinin icrası tamamlanmamış və Cavabdeh Şəfəq oğlunun 4000 manat aliment borcu mövcuddur. Buna baxmayaraq, iddiaçının hazırkı tələbi əsassızdır və rədd olunmalıdır. Digər tərəfdən, Mülki-Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddənin məzmunundan göründüyü kimi bu institutla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır. Mülki-Prosessual Məcəllənin 232.1-ci maddəsində nəzərdə tutulmuş indeksasiya institutunun tətbiqinin əsasları və qaydası, həmçinin mexanizmi həmin Məcəllədə göstərilməsə də, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 17 iyun 1992-ci il Qanununun 1-ci maddəsinə əsasən, İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Hazırkı iş materialları ilə icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunduğu andan bu günədək istehlak qiymətlərinin artması və inflyasiyanın artım səviyyəsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qərarının icrası zamanı inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı təsdiq olunmadığı halda bunun nəticəsində iddiaçıya zərər dəyməsi, həmçinin üzləşdiyi zərərin əvəzi olaraq ona ödənilməli olan pul məbləği indeksasiya oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment məbləğinin artırılması barədə tələbin əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş “aliment məbləğinin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2458/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2458/2022
29.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver