Məhkəmə qərarları › İş №2(005)-2467/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2467/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2467/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 265298,19 manat, faiz borcu üzrə 22729,29 manat olmaqla, cəmi 288027,48 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 265298,19 manat, faiz borcu üzrə 32633,76 manat olmaqla, cəmi 297931,95 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.04.2016-cı il tarixli, 13-06-04-2016-Eİ-AS nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 228 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, 275139,00 manat məbləğinde kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 MTK arasında zaminlik müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. 06.04.2016-cı il tarixli, 13-06-04-2016-Eİ-AS nömrəli kredit müqaviləsinə əsasən 29.03.2021-ci il tarixinə əsas borc üzrə 265298,19 manat, faiz borcu üzrə 22729,29 manat olmaqla, cəmi 288027,48 manat borc məbləği mövcuddur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat vərərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06.04.2016-cı il tarixli, 13-06-04-2016- Eİ-AS nömrəli Təminatlı Kredit Müqaviləsinin surətindən görünür ki, Borc verən Borcalana Borcalan ilə "xxxx" MMC arasında imzalanmış 01.04.2016-cı ıl tarixli 14/i nömrəli müqavilənin predmet olan mənzilin alınması üçün 275139 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Borcalan müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götümüşdür. Krediti 228 ay müddətinə illik 8% dərəcəsi ilə verilmişdir. "xxxx" ASC-nin 06.04.2016-cı il tarixli, 13-06-04-2016-Eİ-AS nömrəli zaminlik müqaviləsindən görünür ki, təqdim olunmuş müqavilədə "xxxx" ASC ilə Cavabdeh3 MMC ilə zaminlik müqaviləsi bağlanması qeyd olunsa da, müqavilənin Cavabdeh3 MMC tərəfindən imzalanmağına dair hissəsi əlavə edilməmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06.04.2016-cı il tarixli 13-06-04-2016- Eİ-AR nömrəli Zaminlik Müqaviləsinin surətindən görünür ki, Kreditorla Borclu arasında bağlanmış 06.04.2016-cı il tarixli, 13-06-04-2016-Eİ-AR nömrəli Kredit Müqaviləsinə əsasən 275139 manat məbləğində 228 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının taminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. 06.04.2016-cı il tarixli, 13-06-04-2016-Eİ-AS nömrəli Kredit Müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 228 ay müddətinə, illik 8% dərəcəsi ilə 275139 manat kredit verilmişdir. "xxxx" ASC “Nərimanov” filialının 06.04.2016-cı il məxaric orderindən görünür ki, Cavabdeh1 bank hesabına 275139 manat köçürülmüşdür. "xxxx" ASC “Nərimanov” filialının 29.03.2021-ci il tarixli, 1780A saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 265298,19 manat, faiz borcu üzrə 22729,29 manat kredit borcu yaranmışdır. Bank tərəfindən 19.02.2021-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMCyə göndərilmiş xəbərdarlıqdan görünür ki, ohdəliklərini 5 gün ərzində yerinə yetirməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin onlardan tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacağı xəbərdar edilmişdir. 21.01.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. 16.02.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 16.08.2021-ci il tarixli, 9/4024 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən almış kredit vəsaiti üzrə 29.03.2021-ci il tarixə əsas borcu 265152,69 manat, faiz borcu 22476,59 manat, 16.08.2021-ci il tarixə (rəy verilən tarixə) əsas borcu 265152,69 manat, faiz borcu 30549,02 manat təşkil edir. "xxxx" ASC “Nərimanov” filialının 17.09.2021-ci il tarixli, 39 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 265298,19 manat, faiz borcu üzrə 32633,76 manat kredit borcu yaranmışdır Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. "xxxx" ASC tərəfindən təqdim olunmuş 06.04.2016-cı il tarixli, 13-06-04-2016-Eİ-AS nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilədə "xxxx" ASC ilə Cavabdeh3 MMC ilə zaminlik müqaviləsi bağlanması qeyd olunsa da, müqavilənin Cavabdeh3 MMC tərəfindən imzalanmağına dair hissəsi əlavə edilməmiş, müqavilə natamamdır. Əlavə edilmiş həmin sənədlə Cavabdeh3 MMC-nin bank qarşısında zaminlik öhdəliyini götürdüyü müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı bankın nümayəndəsi Cavabdeh3 MMC ilə zaminlik müqaviləsini tam olaraq təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh3 MMC-dən zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımınca icra etmiş, lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri tam, vaxtında və lazımınca icra etməmişlər. Ona görə də məhkəmə iş üzrə 16.08.2021-ci il tarixli, 9/4024 nömrəli ekspert rəyini nəzərə alıb iddia tələbinin hədlərində işə baxılmasını mümkün sayaraq hesab edir ki, əsas borca görə 265152,69 manat, faiz borcuna görə 30,549,02 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 29,80 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2dan alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh1 tutularaq, 145 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 265152,69 manat əsas, 30549,02 manat faiz olmaqla, cəmi 287629,28 manat məbləğində borcun və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 29,80 manat «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 265152,69 manat əsas, 30549,02 manat faiz olmaqla, cəmi 295701,71 manat (iki yüz doxsan beş min yeddi yüz bir manat 71 qəpik) məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 29,80 (iyirmi doqquz manat 80 qəpik) manat «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulsun. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, 145 (bir yüz qırx beş) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar