Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2471/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən 8İ-1774 nömrə ilə qeyd edilib reyestrlə rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 51 saylı Notariat Ofisində ondan Cavabdeh2 ASC-nin xeyrinə 9190***-*******02L nömrəli müqavilə üzrə müddət üçün vaxtında ödənilməmiş 12425,91 manat pul məbləğinin, 25,83 manat cərimə peniyasının və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun, cəmi 12476,74 manat pulun tutulması barədə icra qeydi verilmişdir. İcra qeydi aparılan zaman ona bildiriş çatdırılmamışdır. Qeyd olunan icra qeydi aparılan zaman ona heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Onun istifadəsində qeyd etdiyi mobil nömrə olmasına baxmayaraq, nə "Bank Respublika” ASC tərəfindən, nə də ki, notarius tərəfindən ona rəsmi məlumat verilməmişdir. Göründüyü kimi notarius bildirişi mənə çatdırılmasından əmin olmadığı təqdirdə qərəzdi olaraq icra qeydi aparmışdır. Barəsində icra qeydi aparılmış kredit müqaviləsi üzrə borc məbləği mübahisəlidir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tərəflər arasında bağlanmış müqavilə üzrə real mübahisə vardır və 9190***-*******02L nömrəli müqavilə üzrə əsas borc, faizlər və cərimə düzgün hesablanmamış, həmin məbləğlər Bank tərəfindən əhəmiyyətli dərəcədə şişirdilmişdir. Həmin faiz və dəbbə pulunun müqavilə şərtlərinə uyğun hesablanmasına əmin olmaq notariusun səlahiyyətində deyil və notarius heç vaxt əmin ola bilməz ki, faiz və cərimənin hesablanması hissəsində mübahisəli hal yoxdur. Həmin hissədə məbləğin düzgün hesablanması yalnız mühasibatlıq sahəsində ekspertiza və ya mütəxəssis rəyi əsasında dəqiq məlum ola bilərdi. Müqavilə üzrə ödənişlərin hansı qaydada hesablanması, hansı məbləğin əsas borca, hansı məbləğlərin faiz və cərimə borcuna hesablanması məlum deyil. Cavabdeh2 ASC-nin nümayəndəsi X2 etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən "xxxx" ASC tərəfindən ona 120 ay müddətinə, illik 29% -dən çox olmamaq şərti ilə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixli sms razılaşmasına əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 18% dərəcəsi ilə (aylıq ödəniş 575.91 manat olmaqla hər ayın 05-dək ödənilmək şərti ilə) 19600 manat məbləğində kredit verilmişdir. Kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli restrukturizasiya razılaşmasının 2-ci bəndinə əsasən İddiaçı kredit limiti razılaşması çərçivəsində 48 ay müddətinə illik 18% haqq ödəmək şərti ilə 19600 manat məbləğində kredit verilmişdir və bu razılaşmanın imzalanması tarixinə borcalanın həmin kredit üzrə 12033,92 manat məbləğdə əsas borc, 0 manat faiz borcu mövcuddur. Qeyd edilən kredit üzrə faiz dərəcəsi 18% və kreditin son icra müddəti xx.xx.2027-ci il müəyyən edilmişdir. Həmin razılaşmanın 5-ci bəndinə əsasən, borcalan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu razılaşma üzrə ödənişləri vaxtında və lazımi qaydada "Kreditverən"in xeyrinə icra etməyi öz öhdəsinə götürür. Restrukturizasiya razılaşması bağlandıqdan sonra xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixdə ödəniş etməmiş, 90 gün gecikmə etmiş, xx.xx.2025-ci il tarixdə gecikmə ilə 477 manat, 5 manat, 3,50 manat olmaqla, cəmi 485,50 manat ödəniş etmiş, həmin məbləğin 478,28 manatı faiz borcuna, 4,78 manatı cərimə borcuna, 2,44 manatı isə komissiya xərcinə silinmişdir. İddaçı İddiaçı kredit öhdəliklərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə onun Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev106/44A, mənzil 167 ünvanına xx.xx.2025-ci il tarixdə pretenziya və icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Borclulara göndərilən bildirişdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixə banka olan borcun məbləği 12033,92 manat əsas borc, 391,99 manat faiz borc, 25,83 manat cərimə borcu olmaqla, cəmi 12451,74 manatdır. Göstərilən məbləğdə borcu banka ödəməlidir. Qanunvericlikdə müəyyən edilmiş müddətlər gözlənildikdən sonra Bank icra qeydinin aparılması üçün Qanuna müvafiq olaraq onun olduğu yer üzrə notariat ofisinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə baxılma müddətini, iddiaçı tərəfin məhkəmə iclaslarında iştirak etməməsini və cavabdehin işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi xahişini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasından görünür ki, "xxxx" ASC tərəfindən ona 120 ay müddətinə, illik 29%-dən çox olmamaq şərti ilə 50000 manat məbləğində kredit limiti ayrılmışdır; - xx.xx.2024-cü il tarixli, 9190***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan restrukturizasiya razılaşmasına əsasən, İddiaçı kredit razılaşması çərçivəsində 48 ay müddətinə illik 18 faiz haqq ödəmək şərtilə 19600 manat məbləğində kredit verilmidir; - xx.xx.2024-cü il tarixli 9190***-*******02L saylı, xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan restrukturizasiya razılaşmasına əlavə olan ödəniş cədvəlinə əsasən, restrukturizasiyası gününə ödənilməmiş əsasə borc məbləği 12033,92 manat təşkil etmişdir. Eyni zamanda İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 476,36 manat, sonuncu ay - xx.xx.2027-ci il tarixdə isə 476,58 manat olmaqla krediti faizləri ilə birlikdə cəmi 15242,74 manat borcu banka qaytarmalıdır; - Cavabdeh2 ASC-yə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 12033,92 manat əsas borc, 391,99 manat faiz borcu, cəmi 12451,74 manat məbləğində banka borcu vardır; - Hesabdan çıxarışdan görünür ki, İddiaçı restrukturizasiya razılaşması bağlandıqdan sonra ödənişlərdə gecikmə etmişdir; - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı borcun ödənilmədiyi təqdirdə icra qeydinin aparılacağı barədə xəbərdar edilmişdir. - Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ- 1774 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı 9190***-*******02L nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12425 manat 91 qəpik, 25 manat 83 qəpik (iyirmi beş manat səksən üç qəpik) məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12476,74 manat tutulması barədə qeyd aparılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu İddiaçı ilə borc verən Cavabdeh2 ASC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh2 ASC tərəfindən İddiaçı 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə əsasən, İddiaçı 19600 manat məbləğində illik 18 faiz dərəcəsi ilə 48 ay müddətinə kredit vermişdir. Öhdəliyin icrası gecikdirildiyindən kreditor Cavabdeh2 ASC-nin müraciəti əsasında borcun tutulması barədə icra qeydi verilmişdir. Hazırda iddiaçı bildirişin ona çatdırılmadığına, borcun düzgün hesablanmadığına əsaslanaraq icra qeydinin ləğv edilməsini xahiş edir. Cavabdeh2 ASC isə bildirişin tərəfə göndərildiyinə və borc tələbinin mübahisəsiz olduğuna istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o,kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. İş materiallarından görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi əsasında bank, 48 ay müddətinə 19600 manat kredit vermiş, kredit öhdəliyi borclu tərəfindən pozulmuş, xx.xx.2025-ci il tarixində borcla bağlı bildiriş göndərilmişdir. İddiaçı (borclu) notariusun icra qeydi verilərkən qanunvericiliyin iki tələbinin pozulduğunu, bildirişlərin ona çatdırılmadığını və borcun mübahisəsiz olmadığını, yəni borcun yüksək göstərildiyini iddia edir. İddiaçının borcluya bildirişin çatdırılmaması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə bildirişdə borcalanın ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 106/44A, mənzil 167 ünvanı qeyd edilmişdir. Hazırkı iddia ərizəsində də iddiaçı eyni ünvanı göstərmişdir. Bank tərəfindən həmin bildiriş göndərilmiş və qanunvericiliyin tələbinə uyğun olaraq da göndərildiyi tarixdən 5 gün keçdikdən sonra borcluya çatdırılmış sayılmışdır. Yuxarıda qeyd olunduğu kimi, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq, icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. İddiaçının borcun mübahisəli olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Hazırki iş üzrə borcun gecikdirilməsi, icra qeydinin aparılacağı barədə bildirişin borcluya göndərilməsi iş materialları ilə təsdiq olunur. Eləcə də bank tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (əsas kredit razılaşması, sms mətni, restrukturizasiya müqaviləsi, maliyyə arayışı, bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir halda tələbkar (kreditor) tərəfindən iddiaçıya (borcluya) borcun ödənilməsi, eləcə də icra qeydinin aparılacağı barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin ona göndərildiyini təsdiq edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. İcra qeydi aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Hazırki iş üzrə iddiaçı müvafiq tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, icra qeydinin ləğvi ilə bağlı formal tələb irəli sürmüşdür. Eyni zamanda iddiaçının dəfələrlə keçirilən məhkəmə iclaslarında iştirak etməməsi və cavabdeh tərəfindən təqdim edilən sübutlara münasibət bildirməməsi irəli sürülmüş tələbin formal olmasını bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2471/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2471/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver