Məhkəmə qərarları › İş №2(005)-2476/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2476/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2476/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı (Əmanətlərin Sığortalanması Fondunu maraqlı şəxs qismində cəlb edilməklə) “kompensasiyanın hesablanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı (Əmanətlərin Sığortalanması Fondunu maraqlı şəxs qismində cəlb edilməklə) “kompensasiyanın hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanan kredit müqaviləsi üzrə kompensasiyanın hesablanaraq, cavabdehdən tutulub onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum edir ki,09.07.2014-cu ildə "Cavabdeh1"Açıq Səhmdar Cəmiyyəti ilə o, X4 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 2724(iki min yeddi yüz iyirmi dörd dollar yeddi sent)ABŞ dolları kredit verilmişdir. 07 iyun 2017-ci il tarixində "Cavabdeh1"ASC-lə ********* saylı, 09.07.2014-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə saziş bağlanmış ,müqaviləyə əsasən kredit borcu restruktizasiya edilərək, son məbləğ 3.820 (üç min səkkiz yüz iyirmi dollar əlli yeddi sent ) ABŞ dolları həddində müəyyən edilmişdir. Sözügedən kredit borcunu o, vaxtından əvvəl tam şəkildə ödəmişdir. Belə ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin problemli kreditlərlə bağlı 2018-ci il tarixli fərmanına əsasən kredit müqaviləsi üzrə Ləgv prosesində "Cavabdeh1"ASC-dən ona düşən kompensasiyanı tələb edəndə ona bildirilmişdir ki, onun kredit müqaviləsi üzrə borcu qalıb. Mübahisəli məsələ ilə əlaqədar Nərimanov rayon məhkəməsinə müraciət etmişdi. Məhkəmə onun iddiasını təmin edərək, Nərimanov Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(005)-465/2020 nömrəli qətnaməsinə əsasən müqavilə üzrə əsassız hesablanmış 1424,90 ABŞ dolları məbləğində cərimə borcu silinmişdir. Bundan əlavə qətnamə üzrə verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 10 fevral 2021-ci il tarixli, 2(102)- 5545/20 saylı qərarına əsasən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən ona əsassız cərimə borcu hesablanaraq ona düşən kompensasiyanı almağa süni maneəçilik yaradılmışdır. Bu baxımdan da onun hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı nümayəndəsi X5 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X6 yazılı vəsatət təqdim edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Yazılı vəsatət onunla əsaslandırılmışıdır ki, İcraatınızda iddiaçı X1 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdehlə aralarında bağlanan kredit müqaviləsindən irəli gələn kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair 2(005)-2476/2021 saylı mülki iş vardır. Həmin mülki iş üzrə bildirmək istəyirik ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən xarici valyutada olan əsas kredit borclarının devalivasiya ilə bağlı manatla artmış hissəsinin qiymətləndirilməsi ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyəti xaricindədir. Belə ki, “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Müvafiq Fərmanla ödənişin ümumi məbləği, ödəniş-ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, mövcud vəziyyətdə pul məbləğinin ödənilməsi və pul məbləği həcminin müəyyənləşdirilməsi kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Belə ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Mərkəzi Bank publik hüquqi şəxsdir, onun Azərbaycan Respublikasının dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1 -ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X8 15.4-cü bəndində qeyd olunur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iddia ərizəsini araşdırıb, iş materiallarının tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Həmin Fərmanın: 1-ci bəndinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,60 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi; 5-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır; İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisəyə məhkəmədə baxıla bilməz. Çünki hazırda iddia tələbi Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilərək kompensasiya hesablanması öhdəliyinin həyata keçirilməsinin Bankın üzərinə qoyulması ilə əlaqədardır. Göründüyü kimi, qeyd edilən məsələ inzibati orqan öhdəliklərinə aiddir. Odur ki, inzibati orqanın müvafiq sənədi mübahisələndirilmədən iddiaçı hazırki tələblə ümumi məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Ona görə də iddiaçı qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə (Azərbaycan Respublikası Mərkəzi Bankı), inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı (Əmanətlərin Sığortalanması Fondunu maraqlı şəxs qismində cəlb edilməklə) tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya müvafiq ərizə ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı (Əmanətlərin Sığortalanması Fondunu maraqlı şəxs qismində cəlb edilməklə) “kompensasiyanın hesablanması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar