Məhkəmə qərarları › İş №2(005)-2477/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2477/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2477/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı2, Cavabdeh2, (eyni zamanda, Cavabdeh1 nümayəndəsi) onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə Cavabdeh1 arasında 11 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənmiş xx xxx 2020-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi etibarsız hesab edilməsi və onun yaratdığı nəticələrin ləğv edilməsini, cavabdehlərin əməllərinə obyektiv hüquqi qiymət verilməsi, barələrində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşqul olur. Bu işin həyata keçirilməsinin özəllikləri vardır, o cümlədən daşınar və daşınmaz əmlakların hesabına barter yolu ilə tikinti materiallarının alınması, əvəzləşdirilməsi və s. Cavabdeh3, tikinti materiallarının alışsatışı, barter yolu ilə dəyişdirilməsi, mənzillə əvəzləşdirilməsi ilə məşqul olur. 2020-ci ilin fevral ayından o, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 945 məhəllə ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisi ilə məşqul olur və artıq bir xeyli iş görülmüşdür. Cavabdeh3 ilə görüşdü, mənzil əvəzinə armatur verə biləcəyi ilə maraqlandı. Ona cavab verdi ki, hazır binada mənzil olarsa o bunun əvəzində mənzilin dəyərində Rusiya və ya Ukrayna istehsalı olan armatur verə bilər. Ona qabağçadan razılığını aldığı İddiaçı1 mülkiyyət hüququ əsasında məxsus, sahəsi 194.50 kv.m. olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, yeni qaydalarla AZ 1078, ünvan 2 göstərdi və o, bu mənzilin əvəzinə 300 000 manatlıq 326 ton armaturu verməyə razılaşdı. Bu barədə, Cavabdeh3 müvafiq qəbz aldı, razılaşdılar ki,mənzili Cavabdeh3 dediyi şəxsin adına alqı-satqı yolu ilə rəsmiləşdirəcək və o da bunun əvəzində 10 gün müddətində bu mənzilin əvəzinə 300 000 manatlıq 326 ton armaturu tikinti meydançasına göndərəcəkdir. Bundan sonra yeni tikiləcək binadan mənzillərin satışı başlandıqdan 6 aydan gec olmamaq şərti ilə hər tonuna 1100 manat+10% ödəməklə Cavabdeh3 aldığı armaturun dəyərini tam ödəyəcək, onun dediyi şəxsin adına formal və yalandan rəsmiləşdirdiyi mənzili yenidən ilkin sahibi İddiaçı1 adına rəsmiləşdirəcəkdir. Bundan sonra İddiaçı1 ilə Cavabdeh1 arasında 11 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfındən təsdiqlənmiş xx xxx 2020-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Müqaviləni İddiaçı1 əvəzinə İddiaçı2, Cavabdeh1 əvəzinə Cavabdeh2 Nizam oğlu imzalamışdılar. Həmin vaxtdan 10 gündən də artıq müddət ötsə də, Cavabdeh3 üzərinə götürdüyü öndəlikləri yerinə yetirməmiş, pulsuz ələ keçirdiyi mənzilin əvəzinə verməli olduğu 300 000 manatlıq 326 ton armaturu İddiaçı2 verməmiş və verməkdən də yayınır. Onlarda artıq əsaslı şübhələr yaranmışdır ki, cavabdehlərin məqsədi onu aldatmaqla şəhərin yaxşı yerində olan mənzili ələ keçirmək olmuşdur. Beləliklə sübut olunur ki, həmir alqı-satqı müqaviləsində cavabdehlərin məqsədi həqiqətən də alqı-satqının həyatı keçirilməsi yox, armaturu barter adı ilə mənzillə dəyişdirilməsi, əslində isə heç armaturu vermədən mənzili ələ keçirmək olmuşdur. Bu isə mülki qanunvericiliyinin kobud pozulması deməkdir. Qeyd olunan alqı-satqı müqaviləsinin yalan və uydurma olması həmçinin onunla təsdiq olunur ki, guya mənzilin dəyəri kimi banka depozit kimi qoyulmuş pulu iddiaçılardan heç biri götürməmiş, həmin pul cavabdehlərin özləri tərəfindən götürülmüşdür. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2, (eyni zamanda, Cavabdeh1 nümayəndəsi) onun nümayəndəsi və vəkili X5 iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Cavabdehin əlavə olaraq bildirmişdir ki, İddiaçı1 mülkiyyət hüququ əsasında məxsus, sahəsi 194.50 kv.m. olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, yeni qaydalarla AZ 1078, ünvan 2 ünvanını Cavabdeh2 anası Cavabdeh1 təmsil etmiş tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin etibarsız sayılması üçün əsas yoxdur. İddiaçı bildirir ki, guya ünvan 2 əvəzinə 300 000 manatlıq 326 ton armaturu vermək barədə aralarında razılaşma olmuşdur. Bununla bağlı hər hansı bir sübut yoxdur. Tərəflər arasında armatur alınması ilə bağlı hər hansı müqavilə olmamış, hətta şifahi razılıq belə mövcud deyil. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər İddiaçı1, Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlərr. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, yeni qaydalarla AZ 1078, ünvan 2 (194,50 kv.metr) İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhərinin notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, (yeni qaydalarla AZ 1078, ünvan 2) 300.000 manata alıcı Cavabdeh1 satmışdır; Alqı-satqı müqaviləsində satıcı İddiaçı1 İddiaçı2, alıcı Cavabdeh1 Cavabdeh2 etibarnamə ilə təmsil etmişdir. İş materiallarından aydın olur ki, Bakı şəhəri 11 saylı notariat ofisində alqı-satqı müqaviləsi üzrə ödəməli olan 300 000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra xx.xx.2020-ci il tarixində Cavabdeh2 məktubuna əsasən «xxxx» ASC-də olan depozit hesaba qəbul olunmasını xahiş etmiş, həmin tarixdə 300 000 manat vəsait mədaxil olunmuş, 600 manat miqdarında vergi tutulmuşdur. İşə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, yeni qaydalarla AZ 1078, ünvan 2 (194,50 kv.metr) Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçıların irəli sürdüyü faktiki hallar alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasından ibarətdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45 İddiaçı1 mülkiyyətində olmuş, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı İddiaçı1 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 145, mənzil 45, (yeni qaydalarla AZ 1078, ünvan 2) 300.000 manata alıcı Cavabdeh1 satmış, hazırda mübahisəli mənzil Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Araşdırma zamanı tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçılara hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı iradə ifadəsini bildirməklə ona məxsus olan əmlakının 300.000 manat məbləğə satılması barədə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamış və bununla müqavilənin şərtlərini qəbul etmişdir. Qeyd edilən müqavilə notarial qaydada təsdiq edilmiş və müqavilə təsdiq edildikdən sonra qeyd edilən alqı-satqı müqaviləsi üzrə 300.000 manat məbləğində pul vəsaiti depozit hesabına yerləşdirilmişdir. Bununla da cavabdeh (alıcı) qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir. Hər bir halda iddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, müqavilənin şərtləri ilə tanış olarkən bu şərtləri qəbul etməkdən və müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçılar bunu etməmişdir. Alqı-satqı rəsmiləşdirilərkən "Azərbaycan Respublikasmda notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfın yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldat ma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Qeyd etməyi zəruri hesab olunur ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlə etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Göründüyü kimi, alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış, alqı-satqısı həyata keçirilən əmlakın dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş və qeyd edilə müqavilə üzrə tərəflərin üzərinə götürdüyü öhdəliklər tam icra edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə eyni zamanda, iddiaçıların mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə vəsatətinə dair qeyd edir ki, cavabdehlərin əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cımaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar