Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2503/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X2 Maraqlı şəxs nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (maraqlı şəxs qismində Maraqlı şəxs) “kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon 9 saylı Notariat ofisində Maraqlı şəxslə onun arasında 24.06.2020-ci il tarixdə süni formada bağlanılmış qanunsuz və əsassız kredit müqaviləsini etibarsız hesab edərək ləğv edilməsi, həmin müqavilə əsasında ondan tələb edilən 10.700 manat borcun notariat ofisi tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs, İddiaçı Nərimanov rayon 9-saylı Notariat ofisinə gətirərək, məcburi formada, saxtakarlıq etməklə, süni formada onu özünə borclu etmək üçün Notariusun iştirakı ilə 24.06.2020-ci il tarixdə 10.700 (on min yeddi yüz) manat vəsaitin borc olaraq iddiaçıya verilməsinə dair kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin süni formada bağlanmasının səbəbi ondan ibarət idi ki, o maraqlı şəxs N.E.X8 ML markalı, ** OM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi almışdır. Alqısatqı notarial qaydada etibarnamə əsasında baş tutmuşdur. Bir müddət sonra həmin nəqliyyat vasitəsini bəzi ehtiyat hissələrində nasazlıq olduğundan, yəni əlavə təmirə ehtiyac olduğundan, iddiaçı Səfiyar adlı şəxsə notarial qaydada etibarnamə əsasında alqı-satqı etmişdir. Həmin müddətdə Maraqlı şəxs dərhal etbarnaməni notarial qaydada etibarsız hesab edərək, iddiaçının ona manat borcunun olduğunu bildirmişdir. İddiaçı isə ona heç-bir borcunun olmamasını bildirmiş, çünki, ona borcu olduğu halda, həmin müddətdə onunla borc müqaviləsi bağlayar və nəqliyyat vasitəsini iddiaçıya yalnız sürmək üçün etibar edərdi. Lakin, həmin etibarnamə üzrə bütün səlahiyyətləri iddiaçıya etibar etmişdir. Eləcə də həmin nəqliyyat vasitəsinin heç-bir təmirə ehtiyacının olmadığını bildirmişdir. Maraqlı şəxs həmin nəqliyyat vasitəsini iddiaçı aldığı qiymətdən öz düşüncəsinə əsasən bir az artıq qiymətə satdığını düşünərək, ondan əlavə pul almaq məqsədilə, ona əlavə pul verəcəyini bildirərək, alqı-satqıda borclu qaldığını bildirmişdir. Lakin, iddiaçının ona borcu qalmamış və bu borcun olması heç-bir yerdə öz əksini tapmamışdır. İddiaçı isə ona heç-bir borcunun olmadığını bildirdikdə, Maraqlı şəxs etibarnaməni etibarsız hesab etdirmişdir. Bu halda nəqliyyat vasitəsini alan Səfiyar adlı şəxs 2019-cu ilin fevral ayında Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə, 2020-ci il tarixdə Bakı şəhəri Baş Polis idarəsinə və Bakı şəhər Prokurorluğuna şikayət vermişdir. Polis və Prokurorluq orqanlarında araşdırma zamanı hadisənin mülki xarakter daşıdığı məlum olduqda və heç-bir cinayət tərkibi olmadığı halda iş materiallarını rədd etmişdir. Lakin, Səfiyar adlı şəxsə etibarnamə verilməsi üçün iddiaçının üzərinə Maraqlı şəxslə süni kredit müqaviləsi bağlanılması öhdəliyi qoyulmuşdur. Bunun üçün 9-saylı Notariat ofisinə gələrək, 24.06.2020-ci il tarixdə süni və təsir altında onunla 10.700 manat dəyərində kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi bağlanılarkən, notariat ofisinin depozit hesabına Maraqlı şəxs tərəfindən 10.700 manat pul vəsaiti qoyularaq, özü tərəfindən də həmin 10.700 manat pul vəsaiti çıxarılmışdır. Notariat ofisinin əməkdaşları və videogörüntülər bunu təsdiq edə bilər ki, Maraqlı şəxs tərəfindən ona 10.700 manat məbləğində pul vəsaiti verilməmişdir. Bu sadəcə süni rəsmiləşmə ilə iddiaçı maraqlı şəxsə borclu qalmışdır. Həmin məbləğ müqavilə bağlanılmamışdan əvvəl ondan tələb edilirdi. Bu halda o iki dəfə 10.700 manat məbləğində maraqlı şəxsə borclu edilmişdir. Sözügedən kredit müqaviləsi əsassız və qanunsuz məcburi formada iddiaçıya pul verilmədən bağlandığından, etibarsız hesab edilərək, ləğv edilməlidir. .24 iyun 2020-ci il tarixdə notariat qaydasında onunla kredit müqaviləsi bağlanılaraq, kredit müqaviləsinə əsasən Maraqlı şəxs ona 10.700 manat məbləğində borc pul verməsi təsdiqlənmişdir. Müqavilənin müddəti 01.07.2021-ci il tarixə kimi olduğu halda, müqavilə 12 ay, 06 gün müddətinə bağlanılmışdır. Bu halda 06 gün əlavə edilməsinin əsası nə idi? Notariat ofisinə gələrkən Maraqlı şəxs Yasamal rayon Polis idarəsinə edilmiş şikayətinə əsasən qeyd edilən avtomobil alqı-satqısına dair etibarnamənin ləğv edilməsinin səbəbi nə idi? Bundan sonra iddiaçının üzərinə süni formada 10.700 manat qanunsuz rəsmiləşmə əsasında öhdəlik qoyulmuşdur. Kredit müqaviləsi bağlanıldığdan sonra depozit hesaba 10.700 manat qoyularkən, həttda 200 manat çatmadığından pulun qoyulmasında gecikmə olmuşdur. Bu zaman depozit hesaba qoyulan pul məbləği iddiaçının tərəfindən deyil, Maraqlı şəxs tərəfindən götürülmüşdür. Bu hadisə isə notariusun gözüönündə və videogörüntü əsasında təsdiqlənmişdir. Müqavilənin 5 və 6-cı bəndlərində qeyd edilən "Borc alan" və "Borc verən" adlı tərəflər söz kimi təsdiq edilmişdir. Bu halda müqavilə etibarsız hesab edilərək ləğv edilməlidir. Müqaviləyə xitam verilməlidir. Mübahisəli kredit müqaviləsinə əsasən qeyd edilən 10.700 manat pul ona verilməmişdir. Bu halda müqavilənin şərtlərinə əsasən həmin məbləğin ondan tələb edilməsi əsassızdır. İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında onun iştirak etməmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili X5 iddia tələbinin rədd olunmasını xahiş etmiş, göstərmişdir ki, 24.06.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi üçün əsas yoxdur. İddiaçı müqavilənin məcburi şəkildə bağlanmasını iddia etsə də, bunu sübut edə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş 24.06.2020-ci il tarixli kredit müqaviləsinin surətinə əsasən Maraqlı şəxs İddiaçı 10700 (on min yeddi yüz) manat məbləğində faizsiz borc pul vermiş, İddiaçı bu müqavilədə göstərilən məbləği, yəni 10700 (on min yeddi yüz) manat borc pulu 01.07.2020-ci il tarixədək 1700.00 (bir min yeddi yüz) manat, qalan 9000.00 (doqquz min) manat məbləğini hər ay 750.00 (yeddi yüz əlli) manat ödəmək şərti ilə 01.07.2021-ci il tarixədək Maraqlı şəxs qaytarmağı öhdəsinə götürmüşdür. ”Muğanbank” ASC-nin 24.06.2020-ci il tarixli kassa mədaxil orderinin surətinə əsasən Maraqlı şəxs tərəfindən X1 hesabına kredit müqaviləsi üzrə ”Muğanbank” ASC-yə 10700,00 (on min yeddi yüz) manat məbləğində pul ödənilmişdir; ünvan 1 ünvanlandığı 24.06.2020-ci il tarixli məktubun surətində “ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs notariat qaydasında təsdiq ediləcək KREDİT müqaviləsi üzrə 10700,00 (on min yeddi yüz manat 00 qəpik) manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra mənim məktubum əsasında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankımızda olan **********00001AZM54 №-li depozit hesabıma qəbul olunmasını xahiş edirəm” göstərilmişdir; Mülki işin materiallarından görünür ki, 24.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Maraqlı şəxs ilə iddiaçə arasında 10700 (on min yeddi yüz) manat borc pulun verilməsi barədə müqavilə bağlanmışdır. Hazırda iş üzrə iddiaçı müqavilənin etibarsızlığını məhkəmədə mübahisələndirir, həmin müqavilə əsasında ondan tələb edilən 10.700 manat borcun notariat ofisi tərəfindən iddiaçıya ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Əqdin etibarsız sayıla bilməsinin digər bir əsasını uydurma əqd təşkil edir. Udurma əqd dedikdə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçı cavabdehlə aralarında bağlanmış 24.06.2020-ci il tarixli kredit müqaviləsinin uydurma əqd olduğunu, ümumiyyətlə cavabdeh tərəfindın ona hər hansı məbləğdə borcun verilmədiyini, müqavilədə göstərilmiş pul vəsaitinin əslində onun tərəfindən alınmadığını bildirir. Lakin həmin müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması (müqavilənin uydurma olması) sübut olunmur. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Lakin kredit (borcun etiraf edilməsi) müqaviləsinin görünüş üçün bağlandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əqdin uydurma olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə eyni zamanda qeyd edir ki, araşdırma zamanı iddiaçı ilə cavabdeh arasında 24.06.2020-ci il tarixli kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı iradə ifadəsini bildirməklə həmin müqaviləni imzalamışdır. İddiaçının bu müqavilənin bağlanmasına məcbur edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, 24.06.2020-ci il tarixli kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanması, artıq özündə onun tərəfində şərtləri ilə tanış olması və bu şərtləri bəyənməsini ehtiva edir. Hər bir halda, kredit müqaviləsinin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmış və notariat qaydasında təsdiqlənmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 24.06.2020ci il tarixli kredit müqaviləsinin uydurma əqd olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Hüquqi nəticə etibarı ilə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında kredit müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən iddiaçı cavabdehdən 10700 (on min yeddi yüz) manat məbləğində pul vəsaitinin borc aldığını etiraf etmiş və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə, o cümlədən tərəflərin imzaları 09 saylı Notariat ofisi tərəfindən təsdiq edilmişdir. Bununla belə qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (maraqlı şəxs qismində Maraqlı şəxs) “kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı (maraqlı şəxs qismində Maraqlı şəxs) “kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2503/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2503/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver