Məhkəmə qərarları › İş №2(005)-2518/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2518/2023

06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2518/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinə qarşı (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsassız olaraq ondan alınmış 28300 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdehndən əsassız olaraq ondan alınmış 28650 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildə Rusiya Federasiyasında təhsil aldığı universitetdən Azərbaycanda fəaliyyət göstərən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəllimliyi fakültəsinə köçürülmüşdür. Köçürülmə zamanı Universitetin rektoru Müşviq Atakişiyev və köməkçi Əlövsət ondan 15000 manat məbləğində pul almışdılar. O, onlardan həmin 15000 manatın qəbzini tələb etdikdə onlar bir aydan sonra ona qiymət kitabçası və tələbə biletini təqdim edib və bildiriblər ki, o universitetə qəbul olub, həmin məbləğ qanuni yol ilə köçürülmə üçün alınıb və qəbz tez bir zamanda təqdim ediləcək. O, həmin Universitetdə üç il təhsil alıb və hər il təhsil haqqı kimi 2800 manat pulu Universitetin mühasibatlığına əlbəəl ödəmişdir, lakin ödəniş ilə bağlı qəbz verilməyib. Ümumilikdə təhsil haqqı olaraq üç il ərzində Universitetin mühasibatlığına 8400 manat pul ödəmişdir. Bundan əlavə hər qış və yay semestrinin kəsirlərinə görə üç il ərzində ümumilikdə 5250 manat Universitetin "xxxx" ASCdəki hesabına pul köçürmüşdür. Beləliklə ümumilikdə Universitet tərəfindən ondan 28650 manat pul alınmışdır. O, 2017-ci ildə universitetdə təhsilini bitirməsinə baxmayaraq, bu günə kimi diplomunu ala bilməmişdir. Keçən müddət ərzində çoxsaylı müraciətləri, tələbləri Universitet rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə təmin olunmamışdır. O, nəhayət aldadıldığından şübhələnərək vəkil vasitəsilə sorğu ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsində təhsil almasını və həmin fakültədən məzun olmasını təsdiq edən sənədlərin (tələbələr sırasına daxil olmaq barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilməsi haqqında əmrlərdən çıxarışların, X3 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin surətlərinin) təqdim olunmasını xahiş edib. Lakin Universitetdən sorğuya cavab verilməmişdir. Bundan sonra o və vəkili birgə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 14 yanvar 2021-ci il tarixli vəkil sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və Universitetin üzərinə həmin sorğuda tələb olunan sənədləri təqdim etmək öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2549/2021 nömrəli qətnaməsi ilə iddia ərizəmiz təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10577/2021 nömrəli qətnaməsi ilə “Təfəkkür” Universitetinin verdiyi apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2404/2022 nömrəli qərarı ilə “Təfəkkür” Universitetinin verdiyi kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda məhkəmə qərarı icra olunması üçün Nərimanov rayon İcra İdarəsinin icraatındadır. “Təfəkkür” Universitetinin rəhbərliyi bu vaxta kimi məhkəmə qətnaməsini icra etməkdən yayınır. Ona görə yayınır ki, onun universitetdə təhsil almasına dair tələb etdiyi sənədlər mövcud deyildir. Başqa sözlə “Təfəkkür” Universitetinin rəhbərliyi onu uzun illər ərzində aldatmış, guya onun həmin universitetdə təhsil alması görüntüsü yaratmışlar. Hər bir tələbənin universitetdə təhsil almasını təsdiq edən adi sənədlərin verilməsindən yayınan, həmin sənədlərin verilməsinə dair çıxarılmış məhkəmə qərarından Ali Məhkəməyə kimi şikayət edən, hazırda isə məhkəmə qərarını icra etməyən universitet rəhbərliyinin ona qarşı dələduzluq etdikləri tamamilə aşkar faktdır. Göstərilən faktla bağlı şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir və hazırda Bakı şəhəri Baş Polis İdarəsində şikayətiylə əlaqədar araşdırma aparılır. Hazırki ərizə ilə cavabdehin ondan əsassız olaraq aldığı pulun qaytarılmasını tələb edir. Belə ki, yuxarıda qeyd etdiyi son məhkəmə qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2404/2022 nömrəli qərarı) qəbul edilməsindən sonra cavabdehin yenə də qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından yayınmasından sonra cavabdehin heç bir hüquqi əsas olmadan ondan xeyli miqdarda pul aldığını müəyyən etmişdir. Buna görə də cavabdeh əsassız olaraq ondan aldığı pulu geri qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 izahatında bildirmişdir ki, hər il təhsil haqqı olan 2800 manat pulu Universitetin mühasibatlığına əlbəəl semestr başlamazdan əvvəl bütöv şəkildə ödəmiş, lakin ona qəbz verilməmişdir. Sonradan məhkəmə qətnaməsi əsasında əldə etdiyi sübutlarla onun hər il təhsil haqqı olaraq 2800 manat pul ödədiyi təsdiq olunmuşdur. Bundan başqa kəsir haqqı, yəni kredit haqqı üçün ümumilkdə 5000 manatdan çox pul xərcləmişdir. Əvvəl onlarda sübutlar olmasa da, sonra çətinliklə ödəniş qəbzlərini bankdan əldə edə bilmişdir. Diplom müdafiəsi üçün 2500 manat, universitetə köçürülmə üçün 15000 manat versə də, onları təsdiq edən sübutu yoxdur. Bu illər ərzində diplom alması üçün dəfələrlə müxtəlif orqanlara müraciət etsə də almaq mümkün olmamışdır. Həmçinin inzibati məhkəməyə müraciət etməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh bunu etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, 2001-ci ilə qədər tələbələrin köçürülməsi rektor tərəfindən icra edilmiş, 2002-ci ildən sonra isə Təhsil Nazirliyinin razılığı əsasında aparılmağa başlanılmışdır. Bu barədə Nazirin əmri mövcuddur və bütün təhsil müəssisələrinə göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh müvafiq əmrə tabe olmadan, Təhsil Nazirliyinin razılığı alınmadan tələbələri köçürmüşdür, bu səbbdən də onlara diplom verilə bilmir. Sonradan məlum olmuşdur ki, universitet özbaşına köçürmələr icra edib, 87 tələbini razılıq olmadan köçürmüşdür. Hətta inzibati məhkəmədə bu məsələyə dair iş olmuş, lakin həmin iddia cavabdehin düzgün qoyulmaması səbəbindən rədd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2549/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X6 və İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı ““sorğuya cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, Cavabdeh 14 yanvar 2021-ci il tarixli, 21 nömrəli sorğuya cavab verməməsinin qanunsuz hesab edilməklə cavabdehin üzərinə sorğuda tələb olunan sənədləri təqdim etməklə cavab verilməsi öhdəliyi qoyulmuşdur; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10577/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(005)-2549/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2404/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10577/2021 nömrəli, 25 noyabr 2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli çekindən görünür ki, X11 tərəfindən Təfəkkür Universitetinin hesabına əyani 2-ci kurs təhsil haqqı təyinatı ilə 700 manat məbləğində pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli çekindən görünür ki, X11 tərəfindən Təfəkkür Universitetinin hesabına əyani 3-cü kurs təhsil haqqı təyinatı ilə 400 manat məbləğində pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli çekindən görünür ki, X11 tərəfindən Təfəkkür Universitetinin hesabına əyani 3-cü kurs təhsil haqqı təyinatı ilə 400 manat məbləğində pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli çekindən görünür ki, X11 tərəfindən Təfəkkür Universitetinin hesabına əyani 3-cü kurs təhsil haqqı təyinatı ilə 1000 manat məbləğində pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli çekindən görünür ki, X11 tərəfindən Təfəkkür Universitetinin hesabına kredit haqqı, əyani 4-cü kurs təyinatı ilə 650 manat məbləğində pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli çekindən görünür ki, X11 tərəfindən Təfəkkür Universitetinin hesabına əyani 4-cü kurs təhsil haqqı təyinatı ilə 1000 manat məbləğində pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli çekindən görünür ki, X11 tərəfindən Təfəkkür Universitetinin hesabına əyani 4-cü kurs təhsil haqqı təyinatı ilə 100 manat məbləğində pul köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli çekindən görünür ki, X11 tərəfindən Təfəkkür Universitetinin hesabına əyani 4-cü kurs təhsil haqqı təyinatı ilə 1000 manat məbləğində pul köçürülmüşdür; - AZ-İİ seriyalı 342049 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 nikahları xx.xx.2019-cu il tarixində bağlanmış, nikahdan sonra arvada “Rəsulova” soyadı verilmişdir; - Elm və Təhsil Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunan və ya bu ali təhsil müəssisəsinə Nazirliyin razılığı ilə köçürülən tələblərin siyahısında adı aşkar edilməmişdir; - Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsindən X13 Rəsulovaya ünvanladığı elektron poçtun (mail) surətindən görünür ki, X7 “Tələbə-məzun” elektron məlumat sistemində və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələblərin siyahısında adı aşkar edilməmişdir. Bununla bağlı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə müraciət etməyi tövsiyə olunur. - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti rektorunun xx.xx.2014-cü il tarixli 65 saylı əmrindən çıxarışın surətindən görünür ki, X5 ixtisaslar üzrə fərq imtahan və məqbullarına uyğun olaraq kredit sisteminə əsasən dərslərdə iştirak etmək və təhsil haqqını vermək şərti ilə Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbə İİ kursuna köçürülməsi qərara alınmışdır; - X8 müdirinin imzası və universitetin möhürü ilə təsdiq edilmiş arayışdan görünür ki, X1 və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Filologiya” fakültəsi 413 ibt qrupunda təhsil aldığı müddətdə 2014/2015-ci tədris ili, İİ kurs - 2800 manat, 2015/2016-cı tədris ili, İİİ kurs - 2800 manat, 2016/2017-ci tədris ili, İV kurs - 2800 manat məbləğində təhsil haqları ödəmişdir; - Kursdan-kursa keçmə əmrindən çıxarışın surətindən görünür ki, 61 saylı xx.xx.2015-ci il tarixli əmrlə filologiya, biologiya fakültəsinin tələbəsi X11 İİ-İİİ kursa keçirilmişdir; - Kursdan-kursa keçmə əmrindən çıxarışın surətindən görünür ki, 99 saylı xx.xx.2015-ci il tarixli əmrlə filologiya, biologiya fakültəsinin tələbəsi X11 İİİ-İV kursa keçirilmişdir; - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə biletindən görünür ki, X11 filologiya fakültəsinin ibtidai sinif müəllimliyi fakültəsində 2014-2015-ci illərdə İİ kurs tələbəsi olmuşdur; - Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş, eləcə də Nazirliyin razılığı ilə bu ali təhsil müəssisəsinə köçürülən tələbələrin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Eyni zamanda mövcud elektron məlumat sistemlərində (Ali və Orta İxtisas Təhsili alt sistemi, X2 Məlumat Sistemi) də İddiaçı ilə bağlı məlumata rast gəlinməmişdir; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı “təhsil aldığı RF ərazisində yerləşən Universitetdən “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəllimliyi fakültəsinə köçürülməsi üçün 2014-cü il tarixdə Rahim Hüseynov və İlham Musayevə 15000 manat pul verməsi, orada təhsil aldığı 3 il müddətində bütün təhsil haqlarını ödəməsinə baxmayaraq diplom ala bilməməsi” barədə şikayət ərizəsi əsasında toplanmış HK-1-2367 saylı material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı Rəsulova (Əhmədova) X15 və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti rektorunun xx.xx.2014-cü il tarixli 65 saylı əmrinə əsasən ixtisaslar üzrə fərq imtahanı və məqbullarına uyğun olaraq kredit sisteminə əsasən dərslərdə iştirak etmək və təhsil haqqını vermək şərti ilə həmin universitetin Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbəsinin İİ kursuna köçürülmüş, orada üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2800 manat məbləğində pulu cavabdehə ödəmiş, bundan əlavə kredit haqqı adı ilə ödənişlər həyata keçirmiş, 2017-ci ildə təhsilini bitirməsinə baxmayaraq, diplom ala bilməmişdir. İddiaçı, cavabdeh ali təhsil müəssisəsi tərəfindən onun orada təhsil aldığı görüntüsü yaradılaraq aldadıldığını, buna görə də təhsil üçün ödədiyi pul vəsaitlərinin ondan əsassız olaraq qəbul edildiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iddiasının hüquqi əsası kimi isə Mülki Məcəllənin “əsassız varlanma”ya dair 1091-ci və 1092-ci maddələrinə istinad etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarını qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinin əvvəlki redaksiyasında göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.2-ci maddəsinin əvvəlki redaksiyasında göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası - TQDK) müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 40.4-cü maddəsinə görə, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. İddiaçı cavabdeh ali təhsil müəssisəsinə köçürüldüyü tarixdə, 2014-cü ildə ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 16 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu” Qaydaları qüvvədə olmuş, abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu məhz həmin qaydalar əsasında aparılmışdır. Bununla belə, iddiaçının TQDK-nın təşkil etdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş olduğu müəyyən edilmir. İşin qeyd edilən halı Elm və Təhsil Nazirliyinin məhkəməyə və iddiaçıya ünvanladığı məktubla da öz təsbitini tapır. Belə ki, həmin məktublarda X12 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş tələbələrin siyahısında iddiaçının adının olmadığı göstərilmişdir. Məktublarda həmçinin adı çəkilən ali təhsil müəssisəsinə Nazirliyin razılığı ilə köçürülən tələblərin siyahısında da iddiaçının adının aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, tələblərin bir tədris müəssisəsindən digərinə köçürülməsi Təhsil Nazirliyinin 402 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamə ilə tənzimlənmişdir. Belə ki, həmin əsasnamədə istər Respublika daxilində, istərsə də xarici ölkələrdən tələbələrin köçürülməsinin onun köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirildiyi nəzərdə tutulmuşdur. Bununla belə müəyyən olunur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmrilə bütün təhsil ali təhsil müəssisələrində tələblərin bir ixtisasdan və ya bir tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırılmış, nazirliyin xx.xx.2002-ci il tarixli 80 saylı əmrilə isə xx.xx.2001-ci il tarixli 96 saylı əmrdə dəyişiklik edilməklə köçürülmələrin bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Yuxarıda göstərildiyi kimi, iddiaçının universitet rektorunun əmri (başqa sözlə razılığı) ilə cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbənə köçürüldüyü mübahisə mövzusu deyildir. Lakin həmin köçürülmə həyata keçirilən zaman buna dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığının alındığı müəyyən edilmir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada cavabdeh ali təhsil müəssisəsinə qəbul olunmamış və ya köçürülməmişdir. Başqa sözlə, iddiaçı ilə cavabdeh ali təhsil müəssisəsi arasında qanuna uyğun qaydada təhsilalan-təhsilverən münasibətləri yaranmamışdır. Bütün bunlar isə, iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşdığını göstərir. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında həqiqətdə təhsilalan-təhsilverən münasibətləri yaranmamış və beləliklə, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanmaya dair münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, cavabdeh iddiaçını qanunvericiliyə zidd qaydada təhsil müəssisəsinə keçirmiş və onunla bağlanmış təhsil müqaviləsinin yekun nəticəsini, yəni diplom almasını öz təqsiri səbəbindən təmin edə bilməmişdir. Təhsil müqaviləsi qanunvericiliyin tələblərinə zidd qaydada bağlandığından, yəni cavabdehin tələbəni Nazirliyin razılığı alınmadan köçürmək hüququ olmadığından tərəflər arasında bağlanmış müqavilə qanuna uyğun qaydada bağlanmış müqavilə kimi nəzərdən keçirilə bilməz. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul vəsaitinin məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdeh ali təhsil müəssisəsinə köçürülməsi üçün 15000 manat, təhsil haqqı olaraq 8400 manat, qış və yay semestrinin kəsirlərinə görə ümumilikdə 5250 manat olmaqla, cəmi 28650 manat pulu cavabdeh ali təhsil müəssisəsinə ödədiyini iddia etməkdədir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı İİ kursdan etibarən cavabdeh ali təhsil müəssisəsinə köçürülməklə orada üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2800 manat məbləğində pulu universitetə ödəmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi 09 aprel 2015-ci il tarixli (700 manat), 17 noyabr 2015-ci il tarixli (400 manat), 09 dekabr 2015-ci il tarixli (400 manat), 23 may 2016-cı il tarixli (1000 manat), 29 sentyabr 2016-cı il tarixli (1000 manat), 8 noyabr 2016-cı il tarixli (100 manat), 23 yanvar 2017-ci il tarixli (1000 manat) və 20 sentyabr 2016-cı il tarixli (650 manat) ödəniş qəbzlərindən görünür ki, cavabdehə müxtəlif vaxtlarda cəmi 5250 manat ödəniş həyata keçirilmişdir. İddiaçı həmin ödənişlərin onlardan kəsir haqqı adı ilə alındığını bildirir. Cavabdeh isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən İddiaçı xeyrinə cəmi 13650 manat (8400 manat təhsil haqqı, 5250 manat cavabdehin hesabına ödənilmiş digər ödənişlər) məbləğində pul vəsaiti tutulmalı, qalan hissədə (ödənildiyi iddia edilən qalan pul məbləğinə münasibətdə) isə iddia sübut edilmədiyindən təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən 13650 manat məbləğində pul vəsaiti və iddanın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatı, cəmi 13735 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetindən 13650 manat məbləğində pul və iddanın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatı, cəmi 13735 (on üç min yeddi yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar