Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2520/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 102000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 30 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh2 102000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun və dövlət rüsumu qismində ödənilmiş 30 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 nisyə olaraq sement məhsulu vermişlər. Əvvəl-əvvəl o onlardan nisyə olaraq aldığı 30000 ABŞ dolları məbləğində sementin pulunu bir müddət sonra qaytarıb vermişdir. Bu nisyə alqı-satqı təxminən 8 ay davam etmişdir. 8 ay ərzində Cavabdeh2 onlardan aldığı sementlərin pulunun məbləği 102000 (bir yüz iki min) ABŞ dolları oldu. Belə olub onlar dəfələrlə Elçinlə görüşüb sement alqı- satqısından yaranmış 102000 (bir yüz iki min) ABŞ dolları pulun geri qaytarılmasını tələb etmişlər. O, isə borcun əvəzində onlara 2 mənzil vermişdir. Sonradan onlara məlum olmuşdur ki, onlara verilən mənzillər Elçin tərəfindən saxta möhürlə verilmişdir. Onlar bu barədə Elçinə bildirdikdə, o onlara demişdir ki, heç bir yerə şikayət etməyin, iddiaçıya ev yox pul borcludur, onu da ödəyəcək. Lakin cavabdeh bu günə qədər onlara heç bir pul məbləği ödəməmişdir. Onu da qeyd etməyi zəruri hesab edirlər ki, X1 vasitəsilə tanımışlar. Dəfələrlə iddiaçı ilə görüşlərində Ramin Nadirov da iştirak etmişdir. Elçin özü Binəqədi rayonu ərazisində Beton zavod işlədirdi. İddiaçı sementi Elçinə verirdi, o isə dediyinə görə onu beton şəklində Yeni Yasamalda yerləşən "xxxx" MTK deyilən tikinti şirkətinə vermişdir. Həmin tikinti şirkətinin sahibləri dələduzluq etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Elçin deyirdi ki, iddiaçının həmin tikinti şirkətindən alacaqlarını var və onlardan alıb pulu verəcəkdir. Lakin Elçinin onlardan pulu alıb-almamasını deyə bilmir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, Cavabdeh2 özü də vergidən yayınmağa görə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elçin həbsdə olduğu müddətdə iddiaçı dələlərlə onun valideynləri ilə görüşmüş və onlar Elçin olan pulun qaytarılmasına söz vermişlər. Elçin həbsdə olarkən özü ilə də danışıqları olmuşdur və o, həbsdən çıxan kimi pulu qaytaracağına söz versə də, lakin heç bir pul qaytarmadı. Hazırda isə tərəfindən Cavabdeh2 onlara qarşı etmiş olduğu dələduzluq əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası DİN BMCMİ-nə etsə də, müraciətinə cavab olaraq məsələnin mülki xarakterli olduğunu və pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bundan əlavə onu da qeyd etməyi zəruri hesab edir ki, o, Cavabdeh2 nisyə olaraq sementi məhsulunu vermək iştəməyib, yalnız qardaşı Cavabdeh1 təkidindən, eləcə də Cavabdeh2 tanıdığını, əgər hər hansısa bir problem olacağı təqdirdə məsuliyyəti özü üzərinə götürəcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının səlahiyyətli nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş şahid Cavabdeh1 oğlu bildirmişdir ki, o iddiaçının qardaşıdır. Onlar iddiaçı ilə birgə iş görürdülər. Cavabdehlə həmişə mal-materialın alış verişi olmuşdur. Qardaşı ilə o Elçinə sement satırdılar, o isə həmin sementi tikinti şirkətinə beton olaraq verirdi. Sonradan cavabdeh iddiaçıdan aldığı sementin pulunu qaytarmadı, sonuncu dəfə qardaşı cavabdehə 102000 ABŞ dolları dəyərində sement vermişdir. Lakin həmin sementin pulunu geri qaytarmaqdan yayınır və borcunu ödəmir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş şahid X4 bildirmişdir ki, iddiaçı onun tanışıdır. O, kafedə aşpaz vəzifəsində çalışır. İddiaçı cavabdehlə alış-veriş edəndə şahidi olub. Çünki onlar tez-tez onun işlədiyi kafedə görüşürdülər. Tərəflərlə də tanışlığı belə başlayıb. Şahid verilən suallara cavab olaraq bildirdi ki, tərəflər hər dəfə gələndə həmin məsələni müzakirə edirdilər, bu zaman o da onların yanında olduğu üçün eşidirdi. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş şahid X5 bildirmişdir ki, iddiaçı onun tanışıdır. O, kafe işlədir. Tərəflərlə də həmin kafedə tanış olub. Belə ki, onlar tez-tez gəlib işləri barədə məsələləri müzakirə edirdilər. Bu zaman onların arasında olan pul söhbətlərini eşidirdi və həmin söhbətlərdə o da iştirak etmişdir. Şahid verilən suallara cavab olaraq bildirdi ki, tərəflərin arasında sementin satışı ilə əlaqədar məsələdən xəbəri vardı, çünki onlar hər dəfə kafeyə gələndə bu barədə söhbət edirdilər və o da həmin vaxt məlumatlı olmuşdu ki, cavabdehin iddiaçıya borcu yaranıb. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eyni zamanda şahid ifadələrini dinləyərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2021-ci ii tarixli, 2(005)-281/2021 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətində Cavabdeh2 tərəfindən 102.000 ABŞ dolları pulunun ələ keçirildiyini bildirmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh2 2009-cu ildə pulunu sonradan ödəmək şərti ilə İddiaçı aldığı tikinti materiallarının dəyərinin 30.000 ABŞ dollarını ödəyib, qalan 102.000 ABŞ dolları hissəsini ödəmədiyinə görə İddiaçı Cavabdeh2 barəsində şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmağı olduğu müəyyən edilmiş və bu barədə müraciət müəllifinə cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə məhkəmədə müəyyən edilir ki, iddiaçı ilə caavbdeh arasında sementin alqısatqısı ilə bağlı münasibətlər yaranmışdır. İddiaçı sement məhsulu satmaqla məşğuldur. Hazırda iddiaçı qeyd edir ki, cavabdeh ondan 8 ay ərzində aldığı sement məhsulunun dəyərini ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsasını nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi təşkil edir. Baxılan işdə İddiaçı, cavabdehin ona sement məhsulunun satışından 102000 ABŞ dolları məbləğində borcunun olmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı, hazırkı tələbini irəli sürərkən 8 ay ərzində Cavabdeh2 aldığı sementlərin pulunun qaytarılmadığına istinad edir. Belə olan halda, məhkəmə hesab edir ki, sübutetmə yükü baxımından qeyd olunan halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 8 ay ərzində Cavabdeh2 aldığı sement məhsulunun dəyərinin 102000 (bir yüz iki min) ABŞ dolları olduğunu, dəfələrlə cavabdehdən pulun ödənilməsini xahiş etdiyini, cavabdehin isə həbsdən çıxan kimi alqı-satqı üzrə borcunu qaytaracağını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən ayrı-ayrı şəxslərin adına olan müəyyən qəbzlər təqdim edilsə də, həmin qəbzlər üzrə cavabdehin iddiaçıya hər hansı borcunun olması müəyyən edilmir. Bundan başqa iddiaçı xeyli miqdarda sement məhsulunu nisyə şəkildə cavabdehə satsa da, bunun satışını mülki qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirməmiş, cavabdehə həqiqətən də 102000 ABŞ dolları dəyərində mal satması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan pulun həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan pulu tələb etsə də, tərəflər arasında şifahi müqavilənin olmasını, habelə həmin müqavilə əsasında malların satılmasını, satış nəticəsində 102000 ABŞ dolları borcun yaranmasını göstərəcək dəlilləri təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hallar sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X4 və X3 şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tanışı kimi özünü təqdim edən şahidlər tərəflər arasında olan nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun məbləği və s. barədə məlumatlı olduqlarını bildirirlər. Şahidlər iddiaçı ilə yaxın münasibətlərdə olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi bu kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Eyni zamanda digər şahid Cavabdeh1 oğlu iddiaçının qardaşı habelə hazırki mülki iş üzrə əvvəllər cavabdeh olduğu üçün məhkəmə onun ifadəsinə tənqidi yanaşmaqla, işin sübut edilməli halları barədə mötəbər sübut olmaması qənaətinə gəlir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2520/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2520/2022
25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver