Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2529/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş zərərə görə 979 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat olmaqla, ümumilikdə 1009 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 may 2023-cü il tarixində saat 14:30 radələrində 193 saylı orta məktəbin müəllimi Cavabdeh Aslan qızının avtomobilinə qəsdən hücum edərək, xəsarət yetirməsi nəticəsində onun avtomobilinə 979 manat zərər dəymişdir. Bununla bağlı o, cavabdehə narazılığını bildirdikdə və müstəqil ekspert təyin edilməsini istədikdə o, bundan imtina etmişdir. Bu baxımdan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı maddi ziyan tələbi ilə məhkəmədə əsassız, şər və böhtan xarakterli iddia qaldırmışdır. Belə ki, 01 may 2023-cü il tarixdə işlədiyi 193 saylı orta məktəbə gedən zaman Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin qarşısından keçərkən iddiaçıya məxsus avtomobilin arxa tərəfindən firlanıb dəymədən və heç sürtünmədən yoluna davam etmişdir. Lakin buna baxmayaraq iddiaçı onun arxasınca işə gəlmiş və orada gödəkcəsindən dartmış, eləcə də məktəbdə səs-küy salmışdır. Belə ki, iddiaçı həmin vaxt əlində olan mobil telefonla video çəkiliş edərək uca səslə “adın nədi, avtomobilimə xəsarət yetirmisən, mənimlə polisə gedək” kimi ifadələrlə ona səslənmişdir. Bu zaman ətrafdakı müəllimlər, şagirdlər və valideynlər iddiaçının ifadələrini eşitmişlər və o, günahı olmadığı halda belə haqsız vəziyyətə düşdüyünə görə səhhəti pisləşmişdir. Nəticədə o, həm məktəb kollektivi, həm də şagirdləri qarşısında xoşagəlməz və utancverici vəziyyətə düşdü. Onun yuxarıda qeyd etdikləri Nərimanov RPİ-nin 18-ci PŞ-nin 10 iyun 2023-cü il tarixli qərarında və həmin iş üzrə araşdırma aparılan zaman verdiyi ərizəsində öz təsdiqini tapmışdır. Ona görə də Nərimanov RPİ-nin 18-ci PŞ-nin 10 iyun 2023-cü il tarixli qərarı ilə İddiaçı ona qarşı verdiyi şikayəti təmin edilməmiş və cinayət işinin başlanması rədd olunmuşdur. Belə ki, araşdırma aparılan zaman kamera görüntülərinə baxış keçirilmiş və “Hyundai Creta” markalı, **-XT- *** dövlət qeydiyyat nişanlı avtomobilə 01 may 2023-cü il tarixdə saat 13:53:35-dən 13:54:20-dək olan müddət ərzində Nərimanov rayonu M.Əhmədzadə küçəsində park halında olduğu zaman ümumiyyətlə onun tərəfindən zədələnməsi faktı öz təsdiqini tapmamışdır. Belə olan halda İddiaçı tələbinin nə hüquqi nə də faktiki əsası mövcud deyil. Göründüyü kimi, iddia ərizəsində qeyd olunanlar heç bir mötəbər sübuta söykənmir və yalnız boş mülahizələrdən ibarətdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsini rəhbər tutaraq hesab edir ki, Nərimanov RPl-nin 18-ci PŞ-nin 10 iyun 2023-cü il tarixli qərarı və həmin iş üzrə araşdırma aparılan zaman verdiyi ərizəsi hazırki mülki iş üzrə sübut kimi qəbul edilməli və nəzərə alınmalıdır. Eləcə də xüsusi olaraq qeyd etmək istəyir ki, iddiaçının bu qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirablar keçirmişdir, məktəb kollektivi və şagirdlərim qarşısında çıxılmaz və utancverici vəziyyətə düşərək nüfuzuna xələl gəlmiş və ən əsası səhhətiylə bağlı problemlər yaşamışdır. Halbuki o, uzun illər qüsursuz müəllim kimi fəaliyyət göstərmişdir və daima şagirdlərinə nümunəvi davranış sərgiləmişdir. Hazırda belə şər və böhtan xarakterli iddia qaldırılması onun mənəvi və fizioloji səhhətinə çox pis təsir edir. Həmçinin o, Azərbaycan Respublikasının ali orqanı olan məhkəməyə hörmətsizlik olmaması üçün məhkəmə iclaslarında iştirak etsə də, iddiaçı müxtəlif bəhanələrlə məhkəmə iclasına gəlməmiş və bununlada tək ona qarşı deyil, məhkəməyə də laqeydlik nümayiş etdirmişdir. Lakin hazırki, yəni 28 avqust 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməyə səhhəti yol vermir. İddiaçının isə məhkəmə iclasında iştirak edib-etməməsindən aslı olmayaraq onun tərəfindən təqdim edilmiş sübutları nəzərə alaraq işə mahiyyəti üzrə baxılmalı, iddia tələbi təmin edilməməli və ona qarşı yönəlmiş xoşagəlməz hala son qoyulmalıdır. Beləliklə o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı, küçənin sağ tərəfində təmir işləri aparıldığından yolun kənarında dayanmışdır. Həmin vaxt cavabdeh avtomobilin yanına yaxınlaşıb iddiaçı ilə mübahisə etməyə başlamışdır və ondan sonra avtomobilin yan tərəfinə keçərək təpiklə, əli və çantası ilə zərbələr endirmişdir. Zərbələr nəticəsində iddiaçının avtomobilinə zərər dəymişdir. Həmin dəymiş zərərlə bağlı iddiaçı polisə müraciət etmişdir. Polis araşdırma aparmış və cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Ona görə də onlar mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Cavabdehin vurduğu zərbələr TŞ görüntülərindən aydın görünür. Məhkəməyə qüsur aktı təqdim ediblər. Həmin qüsur aktında iddiaçıya dəymiş zərər aydın görsənir. Məhkəmədən iddiaçıya dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Polis İdarəsinin yaxınlığında avtomobilini yolun kənarında saxlamışdı. Həmin zaman hazırki iş üzrə cavabdeh ona yaxınlaşdı və onunla mübahisə etməyə başladı. Ondan sonra təpiklə, çantası və əli ilə avtomobilinə zərbələr endirdi. Çantasında ağır yemək qabı, su qabı var idi. O. ayağında problem olduğu halda axsaya-axsaya cavabdehin arxasınca gedib və avtomobilinə niyə zərbələr endirdiyini soruşub. O isə yaxşı elədiyini bildirmişdir. Ondan sonra o, polisə müraciət etdi. Polis işi araşdırdı və cinayət işinin rədd edilməsi barədə qərar qəbul etdi. Lakin video görüntüyə baxarkən cavabdehin avtomobilə vurduğu zərbələr açıq-aydın görünür. Həmçinin görüntüdə cavabdehin əllərinin qızardığı da aydın şəkildə görünür. Avtomobilinə dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı və Cavabdeh qarşılıqlı şikayət ərizələri əsasında toplanmış HK-1/1295, 1349 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilərək, toplanmış material üzrə araşdırılmanın aparılmasının davam etdirilməsi qərara alınmışdır; Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/617 sayla qeydiyyata alınmış, vətəndaşlar İddiaçı və Cavabdeh qarşılıqlı şikayət ərizələri ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayətçi İddiaçı tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı”nın ləğv edilməsinə dair məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ona məxsus “Hyundai Creta” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobilinə park halında olarkən Cavabdeh tərəfindən çantası, əli və ayağı ilə zərbələr yetirilərək zərər vurulduğuna istinad edərək, həmin zərərin əvəzinin məhkəmə qaydasında tutulmasını xahiş edir. Hadisə ilə bağlı araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, iddiaçı tərəfindən həmin qərardan şikayət verilsə də, şikayəti birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Hazırki iş üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, DİN-nin X2 Xidmətindən Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6 - 1 2 4 nömrəli kamerasının xx.xx.2023-cü il tarixdə saat 13:52-13:57 müddətdəki qeydə aldığı görüntülərə baxış keçirilmişdir. Müşahidə kamerasının qeydə aldığı görüntüyə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 13:53:20-da Nərimanov RPİ-nin qarşısında Hyundai Creta markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomaşın yolun sol tərəfindən park etmiş digər avtomaşınlara sıx şəkildə dayanır. Saat !3:53:35-də avtomaşının sol tərəfindən keçmək istəyən xanım Hyundai Creta markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomaşının sol tərəfindən sürücü qapısına yaxınlaşır. Pəncərədən sürücü ilə 13:53:55-dək (20 saniyə) söhbət edir və avtomaşının arxa tərəfindən fırlanaraq Hyundai Creta markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomaşına toxunmadan sağ tərəflə keçərək 193 saylı tam orta məktəbə tərəf gedir. Saat 13:54:20-də Hyundai Creta markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomaşın hərəkət edərək bir qədər qarşıda yolun sol tərəfində park edir. Qeydə alınmış video-arxiv görüntüsündən məlum oldu ki, Hyundai Creta markalı, **- XT-*** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2023-cü il tarixdə saat 13:53:35-dən 13:54:20-dək olan müddət ərzində Nərimanov rayonu, M.Əhmədzadə küçəsində park halında olduğu zaman həmin avtomaşının sağ tərəfindən heç bir nəqliyyat vasitəsi keçmir və heç kim həmin avtomaşının sağ tərəfinə toxunmur. Beləliklə, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, vət. İddiaçı idarə etdiyi Hyundai Creta markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomaşına xx.xx.2023-cü il tarixdə saat 13:53:35-dən 13:54:20-dək olan müddət ərzində Nərimanov rayonu, M.Əhmədzadə küçəsində park halında olduğu zaman həmin avtomaşının sağ tərəfindən heç bir nəqliyyat vasitəsi keçməmişdir və heç kim həmin avtomaşının sağ tərəfinə toxunmamışdır. Hyundai Creta markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomaşının Cavabdeh tərəfindən zədələnməsi faktı təsdiqini tapmamışdır. Eyni zamanda toplanmış materialda hər hansı cinayət hadisəsinin baş vermədiyini nəzərə alaraq, material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilərək, toplanmış material üzrə araşdırılmanın aparılmasının davam etdirilməsi qərara alınmışdır və bundan sonra aparılmış tədqiqatın nəticəsində yenidən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmişdir. Qeyd edilən qərara əsasən, araşdırma zamanı, sorğu əsasında əldə olunmuş video-arxiv görüntüsündən məlum olur ki, Hyundai Creta markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə 13:54:20-dək olan müddət ərzində Nərimanov rayon M.Əhmədzadə küçəsində park halında olduğu zaman həmin avtomobilin sağ tərəfindən saat 13:53:35-dən heç bir nəqliyyat vasitəsi keçmir və heç kim həmin avtomobilin sağ tərəfinə toxunmur. Əlavə araşdırma zamanı, vətəndaşlar İddiaçı və Cavabdeh qarşılıqlı şikayət ərizələri əsasında qeyd olunan hadisənin şahidlərinin müəyyən edilməsi məqsədi ilə təhqiqat tapşırığı verilmiş, ancaq araşdırmanın sonunadək müsbət nəticə əldə edilməmişdir. Beləliklə, araşdırması zamanı vətəndaşlar İddiaçı və Cavabdeh qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərardan İddiaçı məhkəməyə şikayət vermiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin şikayətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətlə bağlı xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir, həmçinin məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən şikayət üzrə ətraflı obyektiv araşdırma aparılaraq, İddiaçı və Cavabdeh qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə isə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)- 231/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərkən cinayət prosessual qanunvericiliyin tələblərinə tam riayət olunduğu barədə düzgün nəticəyə gəlməklə, 01 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı qanuni hesab etmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası toplanmış materialları və birinci instansiya məhkəmə iclasında tədqiq olunmuş sübutları nəzərə alaraq hesab etmişdir ki, İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətində göstərmiş olduğu xüsusatlar öz təsdiqini tapmadığından, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərarı və həmin qərardan şikayətə baxan birinci instansiya məhkəməsi 6(005)- 231/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarı ilə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən onun haqlı tələblərini araşdırmamasını, material üzrə obyektiv və hərtərəfli araşdırma aparmamasını qeyd etsə də, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən hadisənin cinayət olub-olmaması istiqamətində zəruri tədbirlər həyata keçirmiş, tərəflərin izahatı alınmış, iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparaq toplanmış sübutları qiymətləndirərək “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 sentyabr 2023-cü il tarixli qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, şikayətdə göstərilən xüsusatlar üzrə mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada ibtidai araşdırma orqanı tərəfindən ətraflı və qanuna uyğun araşdırma aparılmış, həmin araşdırma zamanı mümkün olan zəruri hərəkətlər icra olunmuş, lakin toplanmış materiallarla şikayətdə göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Beləliklə, cinayət işinin tədqiqi nəticəsində də müəyyən edilmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi xüsusatlar ilə əlaqədar iki dəfə araşdırma aparılmış, həmin araşdırmalar zamanı mümkün olan zəruri hərəkətlər icra olunmuş, lakin toplanmış materiallarla cavabdeh tərəfindən iddiaçının nəqliyyat vasitəsinə hər hansı bir zərərin vurulması öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə tərəfindən müvafiq videogörüntülər, fotoşəkillər tədqiq edilmiş, iddiaçının izahatları dinlənilmiş, cavabdehin etirazı tədqiq edilmiş, iddiaçıya məxsus avtomobilə zərərin məhz cavabdeh tərəfindən vurulması faktı öz təsdiqini tapmamışdır. Həmçinin fotoşəkillərdən də göründüyü kimi, avtomobildə olan zədələrin hər hansı bir şəxs tərəfindən əl və ya təpiklə vurulması ağlabatan deyildir. Göründüyü kimi, iddiaçının tələbi əsaslı olmamaqla öz təsdiqini tapmamışdır. Belə ki, hazırki iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Zərərin vurulması və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə cavabdehin iddiaçıya zərər vurmasına dair etibarlı sübutlar mövcud deyil. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Hazırki halda ilkin əsas kimi təqsirli və ya təqsirsiz olaraq hüquqa zidd əməlin törədilməsi halı sübuta yetirilmədiyindən, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, hər hansı bir əməl (hərəkət və ya hərəkətsizlik) olmadığı halda, onun olmayan nəticəsi barədə münasibət bildirmək də faktiki olaraq mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2529/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2529/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver