Məhkəmə qərarları › İş №2(005)-255/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-255/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-255/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 152.500 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, tanıyır və onlar hər ikisi qardaşdırlar. Tərəflərin həmişə yaxşı münasibətləri olmuş, bir gün Vüqarla danışarkən iddiaçı söhbət əsnasında ona pulu olduğunu və bu pula biznes qurmaq istədiyini demişdir. Vüqar iddiaçıya heç kəsə bir söz deməməsini, onun qardaşı Şamo ilə danışıb xəbər verəcəyini bildirmişdir. Daha sonra tərəflər görüşmüş, iddiaçıdan nə qədər pul vəsaitinin olduğunu soruşmuşlar. Cavabdehlər iddiaçıdan 150.000 (yüz əlli min) manat pulu borc olaraq istəmiş, özü nə zaman istəsə geri qaytaracaqlarını demişlər. İddiaçı isə cavabdehləri və onların ailə üzvlərini uzun müddət tanıdığına, onlara olan güvənə görə 23 fevral 2018-ci il tarixdə 150.000 (yüz əlli min) manat pulu vermiş, bunu yazılı olaraq Vüqar öz əlyazması ilə təsdiqləmişdir. Bir müddət sonra isə cavabdehlər ondan əlavə olaraq 20000 (iyirmi min) manat da borca pul istəmış, Bakı şəhəri Nərimanov rayonun ərazisində yerləşən Bakon ticarət mərkəzinin yanında qardaşı Rasim iddiaçıya məxsus 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini Cavabdeh1 vermişdir. İddiaçı 2019-cu ilin mart ayından onlardan pulunu geri istəyir, lakin cavabdehlər onun telefon zənglərinə cavab vermir. İddiaçı məcbur qalaraq cavabdehlərin anasının yanına getmiş, olanları ona danışmışdır. Bundan sonra Vüqar və Şamo ondan borc olaraq aldıqları 170,000 (yüz yetmiş min) manat pul vəsaitinin 17500 (on yeddi min beş yüz) manatını hissə-hissə ona qaytarmışlar. Lakin qalan 152.500 (yüz əlli iki min beş yüz) manatını isə hələdə geri qaytarmayıblar. İddiaçı hər dəfə cavabdehlərdən pulunu istəyəndə, onlar müxtəlif bəhanələr gətirərək, pulu geri qaytarmaqdan imtina edirlər. Buna görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O heç bir yerə işləmir, qazancı yoxdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh tərəf olaraq iddia tələbin qəbul etmədiyini bildirmişdir. İddiaçı ilə hüquqlarını müdafiə etdiyi Cavabdeh1 arasında borc müqaviləsi bağlanmamışdır. Qeyd olunan maddələrin tələbindən bir mənalı şəkildə aydın olur ki, əgər fiziki şəxslər arasında borc müqaviləsinin məbləği üç min manatdan yüksəkdirsə, müqavilə mütləq şəkildə yazılı bağlanmalıdır. Hazırkı mübahisədə iddiaçı tərəf 152.500 manat məbləğində pul vəsaitini cavabdehlərə borc verdiyini iddia edir. Lakin işin hallarından göründüyü kimi, tərəflər arasında yazılı borc müqaviləsi ümumiyyətlə mövcüd deyil. İş materiallarında olan və guya Cavabdeh1 məxsus olduğu iddia olunan əl yazmaya münasibətdə isə Cavabdeh1 Azərbaycan SSR dövründə kiril əlifbası ilə təhsil alıb. O, latın əlifbası ilə sərbəst şəkildə oxumağı və yazmağı bacarmır. Həmin əl yazma Cavabdeh1 məxsus deyildir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid İbrahimov Ramin Bariz oğlu məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı Nailə xanım ona bildirdi ki, borc pul verilməlidir və ona məxsus ofisdə Vüqarla görüşdülər. Şamonu tanımır. Vüqar onun ofisinə gəldi və bildirdi ki, bir əl yazması ilə pulu alması barədə bir iki cümlə yazsın. Vüqar isə bildirdi ki, gözü zəifdi və yazını o yazısın imzanı isə özü edər. Elə də etdim, yazını yazdı məzmunu ilə tanış oldu və imzanı şəxsən özü çəkdi. Daha sonra nələrin baş verdiyini, hansı söhbətlərin olduğu barədə məlumatı yoxdur. Pul verilərkən o iştirak etməmişdir. Sonra eşitdi ki, Vüqar borcu qaytarmır və Nailə xanımın telefon zənglərini açmır. Borcun qaytarması barədə Vüqarla telefon əlaqəsi saxlamaq istəmiş, lakin onun da zənglərinə cavab verməyibdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı qardaşıdır. Cavabdehlərlə ailəvi tanışlıqları olub. Borcun alınıb verilməsində, ancaq 20000 manat olan borc pulun verilməsi hissəsində iştirak etmişdir. 150000 manat borc pulun verilməsi prosesində isə iştirak etməmişdir. Daha sonra bacısı ona bildirdi ki, verdiyi borc pulları cavabdehlər qaytarmır. Mən də neçə dəfə onlarla telefon əlaqəsi saxlamağa çalışsa da, telefon zənglərinə cavab verməyiblər. Digər qardaşları Azərlə də əlaqə saxlayıb borcu qaytarmaqlarını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23.02.2018-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış iltizamnamədə “Mən Cavabdeh1 şəxsiyyət vəsiqə № AZE ******** təsdiq edirəm ki, İddiaçı 150 000 (yüz əlli min) manat pulu borc olaraq alıram, 23 fevral 2018 tarixində” qeyd olunmuşdur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 23.02.2018-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış iltizamnamədə 150.000 manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. İddiaçı sonradan 20 min manat pul vəsaitinin Cavabdeh1 verilməsini qeyd etsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən, Cavabdeh1 23.02.2018-ci il tarixli iltizamnamənin onun tərəfindən icra olunmadığını, imzalanmamasını göstərmiş, bununla bağlı məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın vəsatətinə uyğun olaraq cavabdehə məxsus sənədlər müvafiq ekspertə təqdim edilmiş, həmin sənədlər əsasında rəy verməsi mümkün olmamışdır. Cavabdeh V.Əhmədov ekspertin əlavə eksperimental imza nümunələrinin təqdim edilməsi barədə vəsatətində tələb olunan sənədləri təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçının cavabdehə qarşı tələbi Cavabdeh1 yazılı iltizamından irəli gəlmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Cavabdeh1 əslində belə bir borc almadığını, iddiaya verdiyyi etirazında iltizamda olan imzanın deyil, mətnin özü tərəfindən icra edilmədiyini mübahisələndirmişdir. Bununla bağlı xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması üçün lazimi sənədləri təqdim etməmişdir. Məhkəmə iddianın qismən təmin edilməli olduğu qənaətinə gələrkən iddiaçının izahatlarına və şahid ifadələrinə istinad edərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehlərdən 152 500 manat məbləğində pul tələb etməklə, bu məbləğdə pulun onlara verilməsini sübuta yetirməlidir. İddiaçı tərəf Cavabdeh1 150 min manat pul verilməsi barədə yazılı iltizam təqdim etmiş, əlavə 20 min manat verilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. X2 (iddiaçının qardaşı) verdiyi ifadəsində 20 min manat pulun verilməsində iştirak etdiyini qeyd etsə də, məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qəbul etmir. Digər tərəfdən, savabdehlərə verdiyi puldan 17500 manat qaytarılmasını göstərmiş, bununla da cavabdehləri sübut etmək vəzifəsindən azad etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 150 000 manat cavabdeh V.Əmrahava verilmiş puldan iddiaçının etirafı əsasında 17500 manat çıxılmaqla 132 500 manat pul tutulmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 132 500 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 pulun tələb edilməsi hissəsində iddia əsassızdır. Belə ki, ididaçının birbaşa olaraq Cavabdeh2 pul verməsi və onun birbaşa bu proseslərdə iştirakı öz təsdiqini tapmamışdır. Buna görə də iddia tələbi ona münasibətdə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 132.500 manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 132.500 (otuz iki min beş yüz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar