Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2558/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “bədbəxt hadisə nəticəsində işçiyə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “bədbəxt hadisə nəticəsində işçiyə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 10.000 manat məbləğində dəymiş ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-də usta vəzifəsində işlədiyi zaman 04 yanvar 2021-ci il tarixində istehsalatda bədbəxt hadisə baş vermiş və bunun nəticəsində sol bazunun başının yuxarıya və arxaya doğru çıxması, kürək sümüyünün akromeon çıxıntısının əsasının yerini dəyişməmiş köndələn sınığı və sol mil sümüyünün distal metaepifizinin qəlpəli, yerini dəyişmiş sınığı aşkar olunmuşdur. Lakin Cavabdeh MMC tərəfindən onun sağlamlığına dəymiş ziyanın xərcləri, müalicəsi üçün çəkdiyi ödənişlər və müavinətlər ödənilməmişdir. Həmçinin o, bu səbəbdən artıq 1 ildir ki, işsizdir və ailəsinin dolanacaq xərclərini qarşılaya bilmir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi X5 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilməsinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Medika Hospital tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 1975ci il təvəllüdlü İddiaçı sol bazunun başının yuxarıya və arxaya doğru çıxması, kürək sümüyünün akromeon çıxıntısının əsasının yerini dəyişməmiş köndələn sınığı və sol mil sümüyünün distal metaepifizinin qəlpəli, yerini dəyişmiş sınığı aşkar olunur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı yıxılaraq xəsarət alması faktında cinayət hadisəsinin olması müəyyən edilmədiyindən 160-C-2021 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, material üzrə Cavabdeh MMC-dən götürülmüş sənədlərlə qeyd edilən binada tikintinin qanuni şəkildə aparıldığı, bütün texniki və təhlükəsizlik tələblərinə riayət olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X8 ekspertlərinin verdiyi xx.xx.2021-ci il tarixli 361 nömrəli ekspert rəyinə əsasən, İddiaçı sol mil sümüyünün açıq qəlpəli sınığı, sol kürək sümüyünün sınığı, sol bazunun çiyin oynağından çıxdığı müəyyən olmuşdur. Xəsarətlər bər küt əşya(lar) təsirindən törədilmişdir, qərarda göstərildiyi kimi xx.xx.2021-ci il tarixdə hündürlükdən yıxılması nəticəsində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Araşdırma zamanı təyin olunaraq keçirilmiş məhkəmə-əmək təhlükəsizlik tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli 10/2364 saylı rəyindən görünür ki, baş yermiş hadisənin bilavasitə texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla da İddiaçı xəsarət almasının əmək təhlükəsizlik qaydalarının pozulması ilə səbəbli əlaqəsinin olması, ona qəsdən və ya digər şəxsin ehtiyatsızlığı hərəkətlərin mövcudluğu müəyyən edilməmişdir. Əlavə araşdırma zamanı toplanmış sənədlər əsasında təyin olunaraq keçirilmiş əlavə məhkəmə-əmək təhlükəsizlik tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli 10/53 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh şirkətinə məxsus “A” binasının 2-ci mərtəbəsində döşəmədən 353 sm hündürlükdə yerləşən iş meydançasında işlərin görülməsi zamanı qoruyucu kəmərdən istifadə edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Aparılmış araşdırma zamanı kifayət qədər toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, İddiaçı xəsarət almasına səbəb öz ehtiyatsızlığı və qoruyucu kəmərdən istifadə etmədiyinə görə, onun tərəfindən “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikinti təhlükəsizlik texnikası qaydaları”nın 2.26 bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulması nəticəsində hündürlükdən üzərində gəzdirdiyi çəkicin üstünə yıxılması olmuş, bu əməldə heç bir digər şəxsin birbaşa qəsdi və ehtiyatsızlıqdan təqsiri olmamış və bədbəxt hadisə hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 509/KES nömrəli, 05.10.22-ci il tarixli ekspert rəyindən görünür ki, “Medika Hospital”da İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə “Sol mil sümüyünün açıq sınığı” diaqnozu ilə hospitala müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra xəstəyə “Sol mil-bilək oynağında olan yaranın İ-li cərrahi işlənməsi. Sınıq fraqmentlərinin qapalı repozisiyası, gips sarğısı ilə immoblirasiya. Sağ bazu oynağının korset sarğısı” aparılmışdır. Daha sonra xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə xəstə yenidən hospitalda müayinə olunmuş, yarada sağalmanın İİ-li gedişli olduğu və ətrafın varus deformasiyasının əmələ gəldiyi müəyyən edilmişdir. Bununla əlaqədar xəstəyə fizioterapevtin müayinə və müalicəsi məsləhət görülmüşdür. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda “Mil bilək oynağının deformasiyası”nın olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji vəziyyət müalicə həkiminin təyinatına və məsləhətinə əməl edilmədiyi halda yarana bilər. Tərtib edilmiş tibbi sənəddə İddiaçı üzərində cərrahiyyə əməliyyatının aparılması qeyd edilməmişdir. Həmçinin İddiaçı mütəxəssis müayinəsi zamanı onun üzərində cərrahiyyə əməliyyatının icra edilmədiyi müəyyən edilmişdir. İddiaçı hazıki vəziyyəti ilə əlaqədar onun konservativ və fizioterapevtik müalicəyə ehtiyacı vardır. “Bakı Sağlamlıq Mərkəzi” X8 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müəssisəyə müalicə və müayinə üçün müraciət etməmişdir. “Modern Hospital”ın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2022-ci il ərzində “Modern Hospital” klinikasına müraciət etməmişdir. Bədbəxt hadisənin təhqiqat aktıdan görünür ki, komissiya, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən Cavabdeh MMC-nin qəlibçisi İddiaçı ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən Cavabdeh MMC-nin iş icraçısı X1 nəzarətsizliyini müəyyən etmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir. Əmək kitabçasının, əmək müqaviləsinin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nə qəlibçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 195-ci maddəsinin c bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Bundan başqa, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 20 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəx hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.2.-ci bəndinə əsasən, Əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. 1.5-ci bəndinə əsasən, işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda, X4 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər. 1.7 və 1.8-ci bəndlərinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X4 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X4 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X4 Xidmətinə məlumat verməlidirlər. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X4 Xidməti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə İddiaçı hündürlükdən yıxılması nəticəsində aldığı xəsarət əmək təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verməmiş, yəni xəsarətlə əmək təhlükəsizlik qaydalarının pozulması arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Bundan başqa, hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hadisənin baş verməsinə səbəb iddiaçının öz ehtiyatsızlığından və qoruyucu kəmərdən istifadə etməməsi, bununla da onun tərəfindən “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikinti təhlükəsizlik texnikası qaydaları”nın 2.26 bəndini və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələblərini pozması olmuş, bu əməldə digər şəxsin birbaşa qəsdi və ehtiyatsızlıqdan təqsiri olmamışdır. Bu baxımdan qeyd olunmalıdır ki, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Qanunvericinin bu yanaşmasına müvafiq olaraq Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndində müəyyən edilmişdir ki, zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa müvafiq olaraq işəgötürənin təqsiri olduğu halda təqsirinin dərəcəsindən asılı olmayaraq, o, tam məsuliyyət daşıyır. Göründüyü kimi, işəgötürənin məsuliyyəti yalnız təqsirli olduğu halda yaranır. İşəgötürən təqsirli olmadığını sübuta yetirməzsə, təqsirin dərəcəsindən asılı olmayaraq tam məsuliyyət daşıyır. Təqsir məsələsi isə yuxarıda qeyd olunan qaydada aparılan təhqiqatın nəticəsində müəyyən oluna bilər. Məhz X4nin yaratdığı xüsusi kommisiya tərəfindən aparılan araşdırma (təhqiqat) zamanı işəgötürən öz təqsirsizliyini sübuta yetirməlidir və baş vermiş istehsalat qəzasında kimin təqsirli olması məsələsi də yalnız təhqiqat aktı ilə müəyyən oluna bilər. Yəni, işəgötürənin təqsiri müəyyən olunduğu təqdirdə, təqsirin dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzinin tam həcmdə ödənilməli olması nəzərdə tutulmuşdur. Başqa sözlə, işəgötürənin maddi məsuliyyət daşıması (tam həcmdə) üçün onun təqsiri (dərəcəsindən asılı olmayaraq) müəyyən edilməlidir. Təqsir müəyyən edilmədən işəgötürənin məsuliyyətinin müəyyən edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli bədbəxt hadisə iddiaçının ehtiyatsızlığından baş verdiyindən və həmin hadisənin baş verməsində işəgötürənin, yəni cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddiaçının səhhətinə vurulmuş ziyana görə iddiaçının maddi məsuliyyətindən söhbət gedə bilməz, ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “bədbəxt hadisə nəticəsində işçiyə dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2558/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2558/2022
26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver