Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2559/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin kobud pozuntusu nəticəsində dəymiş 10000 manat dəyərində maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) ilə internet xidmətlərindən istifadə ilə bağlı xx.xx.2022-ci il tarixdə müqavilə imzalanmışdır. Müqavilə əsasında cavabdeh tərəfindən internetə qoşulmaq üçün müvafiq avadanlıq təqdim edilməli və internetdən istifadə üçün xidmətlər təqdim olunmalı idi. Cavabdeh MMC tərəfindən keyfiyyətsiz xidmət göstərilmiş və istehlakçı olaraq hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilən avadanlıq (modem) müqavilənin bağlandığı tarixdən sonra iki dəfə sıradan çıxmış və yenisi ilə əvəz olunmadan internet xidməti dayandırılmışdır. Zəmanət müddəti bitmədiyi halda ikinci dəfə həmin avadanlıq çalışmadıqda şirkət tərəfindən avadanlıq yenisi ilə əvəz edilmək əvəzinə avadanlığın ekspertizaya göndəriləcəyini və bu müddət ərzində (təxmini 2-3 həftə) müqavilədə belə bir halın heç bir halda nəzərdə tutulmadığına baxmayaraq internet verilməyəcəyini bildirmişlər. Nəticədə cavabdeh öz müqavilə öhdəliyini icra etməyərək modemin sıradan çıxdığını iddia etdiyi tarixdən etibarən heç bir internet xidməti göstərməmiş, bunun əvəzində isə hər hansı kompensasiya ödəməmişdir. Cavabdehlə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 3.3cü maddəsinə əsasən Cavabdeh MMC tərəfindən təqdim edilən avadanlığa 3 ay müddətinə zəmanət verilir. Bu 3 aylıq zəmanət müddəti ərzində cavabdehin təqdim etdiyi və ödəniş aparılan avadanlıqların fəaliyyətində qüsur olduqda dərhal yenisi ilə əvəz, olunmalı idi. Bu qanun pozuntuları ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinə şikayət məktubları göndərilmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şikayətinin araşdırılması proseduru çərçivəsində avadanlığın ekspertizaya təqdim olunmalı olduğu bildirilmişdir. Cavabdeh tərəfin özünün bildirdiyi müəssisəyə avadanlıq yoxlanılması üçün təqdim olunmuş və avadanlıqda heç bir nasazlığın olmadığı aşkarlanmışdır. Bununla bağlı təkrar cavabdehlə əlaqə saxlanıldıqda, avadanlıq saz vəziyyətdədirsə interneti bərpa edə biləcəklərini bildiriblər. Lakin internet xidmətinin olmadığı müddət üçün hər hansı kompensasiya ödəməkdən imtina etdilər. Cavabdehin heç bir əsas və səbəb olmadan iki aydan çox internet xidməti göstərməməsi ciddi qanun və müqavilə öhdəlikləri pozuntusudur. Müqavilə üzrə öhdəlikləri olmasına baxmayaraq internet xidməti ala bilməməyi səbəbindən ciddi maddi zərər çəkmişlər. Belə ki, evdə 5 nəfər şəxs yaşayır. Yoldaşı və övladları işləri ilə bağlı evdə olduqları müddət ərzində internetdən istifadə edə bilməmişlər. Məcburiyyətdən mobil operatorlardan hər gün ödənişlər edilərək internet paketlər alınmış və xeyli miqdarda xərc çəkilmişdir. Yoldaşı özəl sahibkarlıq müəssisəsində rəhbər vəzifələrdən birində çalışdığından daimi olaraq internet çıxışı olmalı və biznesin fəaliyyətinə nəzarət etməlidir. Eyni zamanda Novruz bayramı tətillərində internet xidməti olmaması səbəbindən mühafizə kameraları çalışmamış və tətil zamanı evdən kənara gedə bilməmişlər. Müraciəti ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmiş və məktubda Cavabdeh MMC-nin müqavilə öhdəliklərini pozduğu qeyd olunmuşdur. Şikayət ünvanladığı digər dövlət orqanlarından iddia ərizəsinin təqdim olunduğu tarixədək hər hansı cavab məktubu təqdim olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia tələbini qismən qəbul edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Təqdim olunmuş ərizədə iddiaçıya 188 manat ödəməyə razı olduqlarını iddianın qalan hissədə qəbul etməyərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında 25 mbit/s-dək aylıq internetin verilməsi və abunəçi tərəfindən hər ay 25 azn müqabilində ödəniş edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında internetin verilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Daha sonra iddiaçıya təqdim edilmiş avadanlıqda nasazlıq olması səbəbindən internetin verilişi dayandırılmışdır. Hazırda iddiaçı bu halı baş verməsi səbəbindən ona 10000 manat maddi ziyan dəyməsini bildirərək, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında onlar tərəfindən iddiaçıya çəkilmiş xərclər üzrə 188 manat ödəniş edilməsinə etiraz etməyərək, iddia tələbini qalan hissədə qəbul etmədiklərini bildirmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin predmetinə münasibətdə qeyd edir ki, tələb üzrə göstərilən hallar hüquqi dəyərləndirilməsi zamanı maddi zərərin dəyəri ilə birlikdə eyni zamanda zərərin vurulmasına səbəb olan hallarda araşdırılmalıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Hazırda iddiaçı tərəfindən ona dəymiş zərərə dair yalnız bank kartından edilmiş çıxarış təqdim etmişdir. Qeyd olunan çıxarış üzrə edilmiş ödənişləri nəzərə alan cavabdeh 188 manat məbləğində ödəniş edilməsini qəbul etmişdir. Lakin hazırda iddia tələbi üzrə göstərilmiş 10000 manat geridə qalan hissəsinə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçının vəkili iddia tələbi üzrə göstərilən məbləğin 188 manat olduğunu, lakin tələbin qalan hissəsinə dair hər-hansı bir sübutların olmamasını bildirmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunana maddi hüquq normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "Shark Telecom” MMC-dən 188 (yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "Shark Telecom” MMC-dən 188 (yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2559/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2559/2022
27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver