Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2563/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "alqı-satqı müqaviləsinin etibarsızlığı və geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə, iddiaçı arasında Cavabdeh1 tərəfindən etibarnamə ilə “TOYOTA-LAND CRUİSER” markalı, JTMHU09J3E5081248 ban nömrəli avtomobilə dair bağlanmış müqaviləni etibarsız hesab edərək, avtomobilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə şəxsi mülkiyyətində olan 2014-cü il buraxılışlı **-LD-*** dövlət qeydiyyat nişanlı “TOYOTA LAND CRUlSER” markalı avtomobilini, əvvəldən tanıdığı Cavabdeh1 adlı şəxsə satmaq məqsədilə idarə etmək üçün etibarnamə ilə səlahiyyətlər verdikdən sonra (etibarnamənin etibarlılığı xx.xx.2020-ci il tarixdən bir il müddətinədək olmuşdur) sonuncu həmin avtomobili Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası ev 183 A-da yaşayan Cavabdeh2 satmışdır. Belə ki, o, 2020-ci ildə maddi ehtiyacları olduğu üçün 2014-cü il buraxılışlı **-LD-*** dövlət qeydiyyat nişanlı “TOYOTA-LAND CRUİSER” markalı avtomobilini, satmaqdan ötrü əvvəllər tanıdığı Cavabdeh1 etibarnamə ilə vermiş, bundan sonra Cavabdeh1 iddiaçıya bildirmişdir ki, həmin maşını satıb pulunu bir ay müddətində ona ödəyəcəkdir. Lakin sonradan Turqanın öz vədinə əməl etmədiyini görüb, ondan ayrı-ayrı vaxtlarda ya avtomobilinin pulunu verilməsini ya da avtomobilini geri qaytarmasını şifahi bildirsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək vədinə bu günə qədər əməl etməmişdir. Lakin sonralar Turqanın hərəkətləri iddiaçıda şübhələr yaratdığından Azərbaycan Respublikası DİN-in BDYPİ-dən avtomobili ilə əlaqədar onun hər hansı hərəkət edib-etməməsini öyrənmiş, məlum olmuşdur ki, o, iddiaçının avtomobilini tanımadığı, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası ev 183A-da yaşayan Cavabdeh2 satmış və avtomobilini DİN-in BDYPİ-də sonuncunun adına rəsmi alqı-satqı ilə qeydiyyata salınmışdır (mob: ***-***-**-**) və həmin avtomobilə **-KY-*** dövlət qeydiyyat nişanı verilib (BAN nömrəsi-JTMHU09J3E5081248). X6 onun mülkiyyəti hesab etdiyi avtomobilini hesablaşmadan sataraq mülkiyyət hüququnu pozmuşdur. Lakin cavabdeh tərəfindən etibarından sui-istifadə edilərək, əmlakın tam dəyəri ödənilmədən digər şəxsə satılmış və iddiaçı əmlakından məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı maddi ehtiyacı olduğu üçün xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında avtomobilin satılması ilə bağlı Cavabdeh1la razılığa gəliblər və bu məqsədlə iddiaçı avtomobilin satılması ilə bağlı onun adından çıxış etmək üçün cavabdehə notarial qaydada etibarnamə vermişdir. İddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur. Doğrudur, “X12” markalı avtomobilini almış, lakin həmin avtomobili Cavabdeh1 deyil, "xxxx" MMC-nin avtosalonundan almışdır. Onunla "xxxx" MMC-nin direktoru X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2902 nömrəli “əşyanın nisyə alqı-satqısı” haqqında müqaviləyə əsasən JTMHU09J3E5081248 şassi nömrəli 2014-ci il buraxılışlı, “X12” modelli avtomobil 92933.1 manata satılmışdır. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. İlkin ödəniş olaraq xx.xx.2020-ci il tarixdə 60.000 manat ödəniş edilmişdir. xx.xx.2020ci il tarixli 2902 nömrəli müqaviləyə əsasən **-KY-*** dövlət qeydiyyat nişanlı “X12” markalı avtomobilə görə ödənilməli olan bütün məbləğ xx.xx.2020-ci il tarixə kimi tam olaraq ödəmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, **-KY-*** dövlət qeydiyyat nişanlı “X12” markalı avtomobilin ödənişi tam ödənilmişdir. İddia ərizəsi tam əsassız və qanunsuz olduğuna görə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış iki tərəfli borc müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı 54000 ABŞ dolları məbləğində borcu var, məbləğ xx.xx.2020-ci il tarixinə kimi ödənilməlidir; Belə ki, iş materiallarında olan ƏN-Vİİ seriyalı 398025 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh1 “TOYOTA LC200” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyə dair 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək etibarnamə üzrə səlahiyyətlər verilmişdir. xx.xx.2020-ci il tarixli satıcı-"xxxx" MMC ilə alıcı- Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, “Hyundai “X12” minik markalı, 2014-cü il buraxılış, qara rəngli, **-KY-*** dövlət qeydiyyat nişanlı, JTMHU09J3E5081248 şassi nömrəli avtomobili alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Müqaviləyə əsasən avtomobilin alqı-satqı dəyəri ilkin ödəniş 60.000 manat etməklə, 92933.1 manat müəyyən edilmişdir. Kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ilkin ödəniş 60.000 manat olmaqla, 24 ay müddətinə hər ay 1373,00 manat (son ay üçün 1354,98) ödəniş etməyi öz üzərinə götürmüşdür. Təhvil-təslim aktından görünür ki, “X12” minik markalı, 2014-cü il buraxılış, JTMHU09J3E5081248 şassi nömrəli, qara rəngli, **-KY-*** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh2 təhvil verilmişdir. Belə ki, iş materiallarında olan ƏN-İ seriyalı 834919 №-li nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 tərəfindən -"xxxx" MMC-yə “TOYOTA LC200” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə dair 7 il, 3 ay, 30 gün müddətinə, yəni xx.xx.2027-ci il tarixədək etibarnamə üzrə səlahiyyət verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 20 iyul 2022-ci il tarixli 016-89454-1222 saylı məktubuna əlavə edilmiş məlumatlara əsasən **-LD-*** dövlət qeydiyyat nişanlı, “TOYOTA LC200” minik markalı avtomobilə dair xx.xx.2019-cu il tarixdə şəhadətnamə verilmiş, həmin avtomobil alqı-satqı müqaviləsi səbəbi ilə xx.xx.2020-ci ildə qeydiyyatdan çıxmış, X3 adına xx.xx.2020-ci ildə şəhadətnamə verilmiş, həmin avtomobil alqı-satqı müqaviləsi səbəbi ilə xx.xx.2020-ci ildə qeydiyyatdan çıxmış və Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə şəhadətnamə verilmişdir; Məhkəmə alqı-satqı müqavilələrinin etibarsızlığına dair mübahisəyə ilkin olaraq münasibət bildirməyi zəruri hesab edərək, tərəfindən mülki işin halları və toplanmış sübutlar nəzərdən keçirilərkən alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olacaq hallar aşkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı iş üzrə Cavabdeh1 “TOYOTA LC200” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyə dair 1 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək etibarnamə üzrə səlahiyyətlər verilmişdir. Həmin səlahiyyətlər əsasında avtomobil əvvəlcə X3 adına, daha sonra iş üzrə Cavabdeh2 adına qeydə alınmışdır. Bağlanmış alqı-satqı müqaviləsinə, həm də verilən etibarnaməyə bilavasitə tərəflər imza etmiş, müvafiq əqdlərə (əməliyyatlara) dair hüquqi proseslər barəsində onların hər üçünün iradə ifadələri (iradə azadlığı) olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət etmiş, alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh2 avtomobilə sahiblik, istifadə, sərəncam vermək hüququ yaranmışdır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışlar. Məhkəmə hesab edir ki, hətta Cavabdeh1 avtomobilə dair ona verilmiş etibarnamədən suiistifadə etdiyi qəbul olunsa belə, bu hal bağlanmış müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünkü işin hallarından görünür ki, İddiaçı etibarnamənin Cavabdeh1 hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, avtomobil sonradan alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətinə keçirilmişdir və adı çəkilən şəxsin avtomobili vicdanla əldə etmiş olduğu işin ümumiyyətlə mübahisələndirilməyən halıdır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Bu mənada, məhkəmənin qənaətinə görə, iddiaçının hər hansı hüququnun pozulmuş olduğu, avtomobilin satılmasından əldə edilmiş pulun ona tam verilməməsi qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh2 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Qərarda həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Normanın məzmunu bu əqdlərin mübahisələndirilə bilən əqd olduğu fikrini yaradır. Lakin müraciətedən hüquq ədəbiyyatına istinad edərək fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqdin bağlandığı andan etibarsız əqdlər sırasına aid edildiyini və yalnız bəyənildiyi təqdirdə düzələ bilən etibarsızlıq halı kimi təsnif edilməli olduğunu göstərir. Göstərilən qanunveriicilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin artıq mülkiyyətçisi olmadığından, mübahisəli avtomobilin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna isə avtomobilin mülkiyyətçisi malik olduğundan iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf “X12” minik markalı, 2014-cü il buraxılış, JTMHU09J3E5081248 şassi nömrəli, qara rəngli, **-KY-*** dövlət qeydiyyat nömrəli avtomobil üzrə alqı-satqı müqaviləsini əsassız olaraq bağlandığını, onun etibarsız hesab olnmasını və bu səbəbdən cavabdehlərdən həmin avtomobilin geri qaytarılması ilə bağlı iddia tələbini sübuta yetirə bilməmiş, bununla yanaşı cavabdehlərə qarşı yönəlmiş “X12” minik markalı, 2014-cü il buraxılış, JTMHU09J3E5081248 şassi nömrəli, qara rəngli, **-KY-*** dövlət qeydiyyat nömrəli avtomobilinin geri qaytarılması barədə iddia tələbini təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı şəxsin iddia tələbinin təmin edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iddiaçıya izah edir ki, onun Cavabdeh1 qarşı pul tələbinə dair iddia qaldırmaq hüququnun olması istisna edilmir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) "alqı-satqı müqaviləsinin etibarsızlığı və geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2563/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2563/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver