Məhkəmə qərarları › İş №2(005)-2575/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2575/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2575/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T Dİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 332,50 manat əsas, 6,34 manat faiz olmaqla, cəmi 338,84 manat borcun və bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 16.01.2020-ci il tarixli, BİR-100-2020 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borc alana verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürüb. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyətli tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. Hazırda cavabdehlərin banka ödənilməmiş 332,50 manat əsas, 6,34 manat faiz olmaqla, cəmi 338,84 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İş materiallarında olan; Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 16 yanvar 2020-cu il tarixdə №BİR- 100-2020 saylı kredit müqaviləsinin 2.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə “bank” müqavilənin 1.2, 1.3 və 1.4-cü bəndlərində göstərilən məbləğdə valyutada və faizlə krediti birdəfəlik olaraq “borcalan”ın mülkiyyətinə verir və “borcalan” həmin kreditdən müqavilənin 1.8-ci bəndində göstərilən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “banka” qaytarmağı öhdəsinə götürmüşdür. 09.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödəmişdir. 16 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyə əsasən cavabdehin cədvəl üzrə birinci ay üzrə kredit ödənişi 75 manat 96 qəpik (yetmiş beş manat doxsan altı qəpik) müəyyən edilmişdir. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli №Z/BİR- 100-2020 saylı zaminlik müqaviləsinin 2.1-ci bəndindən görünür ki, “bank”la “borcalan” arasında bağlanmış yuxarıda qeyd edilən şərtlər daxilində verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “zamin” “borcalan” ın öhdəliklərinin yerinə yetrilməsinə görə “Bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Şəmkir rayonu Çənlibel kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron RPİ tərəfindən verilmiş 24.11.2016-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh1 xx.xx.1966-cı ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş və Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatdadır. ASAN 1 tərəfindən verilmiş 11.09.2013-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh2 xx.xx.1988-cı ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, ev.218 ünvanında qeydiyyatdadır. №İX-69/ii nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Milli Məclisi İşlər idarəsinin Avtomobil təsərrüfatı şöbəsinin baş mütəxəssisisürücüsü vəzifəsində çalışır. 722 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh2 “xxxx” QSC-də elektromexanika xidmətində elektrik çilingəri vəzifəsində çalışır. İddiaçı ASC tərəfindən cavabdelərə ünvanlanmış 17.03.2021-ci il tarixli 03/22 nömrəli xəbərdarlıqdan görünür ki, kredit müqaviləsinə əsasən 332,50 manat əsas, 6,34 manat faiz olmaqla, cəmi 338,84 manat borcun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişlər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 17.03.2021-cu il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli BİR-100-2020 saylı kredit müqaviləsinin ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 332,50 manat əsas borcun, 6,34 manat faiz borcunun, ümumilikdə 338,84 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 yanvar 2020-ci il tarixli BİR-100- 2020 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 332,50 manat əsas borc, 6,34 manat faiz borcu olmaqla, ümumilikdə 338,84 (üç yüz otuz səkkiz manat səksən dörd qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul İddiaçı ASC -nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar