Məhkəmə qərarları › İş №2(005)-2576/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2576/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2576/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 2884.51 (iki min səkkiz yüz səksən dörd manat, 51 qəpik) manat-bundan 1012.55 (bir min on iki manat, 55 qəpik) manat əsas, 1266,32 (min iki yüz altmış altı manat, 32 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 605.64 (altı yüz beş manat, 64 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO “xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 247 №-li 17 sentyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 5095 (beş min doxsan beş manat) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 12.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********065 saylı 01.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 19-01.2021 -ci il tarixə kredit üzrə cəmi borcu 2884.51 (iki min səkkiz yüz səksən dörd manat, 51 qəpik) manat təşkil edir. Bundan 1012.55 ( bir min on iki manat, 55 qəpik) manat əsas, 1266.32 (min iki yüz altmış altı manat, 32 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 605.64 (altı yüz beş manat, 64 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı nümayəndəsi X4 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, cavabdeh son dəfə 2013-cü ilin sentyabr ayında ödəniş etmiş, bu tarixdən sonra heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 26.05.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəyə uyğun və göstərilənlərə uyğun izahat verərək iddia müddəti keçdiyindən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 15.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 17.09.2007-ci il tarixli 247 nömrəli təminatsız kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borc verən evin təmiri məqsədilə 247F10 saylı “17” sentyabr 2007-ci il tarixli müqavilə üzrə borc alana 5095 (beş min doxsan beş manat) AZN məbləğində kredit verməyi öhdəsinə götürür. Bu müqavilənin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilənin 5.5-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti “17” mart 2009-cu il tarixində bitir. Ləğv prosesində olan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 17 senyabr 2007ci il tarixli 1-19147-24 saylı kredit müqaviləsi üzrə 19 yanvar 2021-ci il tarixinə yaranmış tələbdən görünür ki, müqavilə üzrə əsas borc 1012 (bir min on iki) manat 55 (əlli beş) qəpik, müqavilənin müddəti 17 sentyabr 2007-ci il – 17 mart 2009-cu illəri əhatə edir, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1266 (bir min iki yüz altmış altı) manat 32 (otuz iki) qəpik, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 0 (sıfır) manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5% (beş faiz), həmin faizin hesablanması düsturu (əsas borc/100.5)/360, həmin düsturla hesablanan günlük faiz məbləği və gecikdirilmiş gün sayısı 0 (sıfır) manat 14 (on dörd) qəpik 4326 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 605 (altı yüz beş) manat 64 (altmış dörd) qəpik, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 2884 (iki min səkkiz yüz səksən dörd) manat 51 (əlli bir) qəpik müəyyən edilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Ləğv prosesində “xxxx” ASC tərəfindən borc alan Cavabdeh ünvanlanmış 01.02.2021-ci il tarixli **********065 nömrəli xəbərdarlıq (pretenzya) məktubundan görünür ki, 19 yanvar 2021-ci il tarixə kredit müqaviləsi üzrə banka ödənilməmiş 1012.55 manat (bir min on iki manat, əlli beş qəpik) əsas, 1266.32 manat (bir min iki yüz altmış altı manat, otuz iki qəpik) faiz, kredit üzrə müddət bitəndən sonra Konsitutsiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 605.64 manat (altı yüz beş manat, altmış dörd qəpik) məbləğində faiz borcu yaranmışdır. Nərimanov RPİ tərəfindən verilmiş 11.05.2006-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 05417026 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə gəldiyi nəticənin aşağıda qeyd olunanlara görə əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə görə Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 399.3--ci maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. İş materiallarında olan “xxxx” ASC-nin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 17.09.2007-ci il tarixli 247 nömrəli təminatsız kredit müqaviləsinin 5.5-ci bəndindən göründüyü kimi kredit vəsaitindən istifadə müddəti “17” mart 2009-cu il tarixində bitmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 izahatından da məlum olmuşdur ki, cavabdeh son dəfə 2013-cü ilin sentyabr ayında ödəniş etmiş, bu tarixdən sonra heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, tərəflər arasında 17 sentyabr 2007-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin bağlanmasından və müqavilə müddətinin “17” mart 2009cu il tarixində bitməsindən iddiaçının da tam olaraq xəbəri olmuşdur. Buna baxmayaraq, iddia ərizəsi 21 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, poçtla göndərilmənin daha əvvələ aid olduğunu təsdiqələyən sübutlar təqdim edilməmiş, ötürülən müddət ərzində həmin müqavilə üzrə kredit borcunun qaytarılmasını məhkəmədə mübahisələndirməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar