Məhkəmə qərarları › İş №2(005)-2611/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2611/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2611/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Migar Ülfət qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X1 və X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-yə ləğvedici təyin edilmişdir. “İddiaçı" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 434 nömrəli Kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 24% dərəcəsi ilə 3000 (Üç min) ABŞ dolları məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh1 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini ödəniş cədvəlinə əsasən tam şəkildə boreverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında xx xxx 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.1 -ci bəndlərinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsinin 2.1 -ci maddəsində göstərilmişdir ki, borcalan" kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından 3 (üç) gündən gec olmamaq şərti ilə borcalanın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də Cavabdeh1 xx xxx 2015-ci il tarixli, 434 nömrəli Kredit müqaviləsi üzrə X1 Cəmiyyətinə ödənilməmiş 1463,87 ABŞ dolları məbləğində əsas borcu, 444,90 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 1045.70 ABŞ dolları məbləğində müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 221,80 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3176,27 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikasında məlum yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi müddəti tətbiq edilməsi barədə müvafiq qərar qəbul edildiyindən və bununla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu tərəfindən təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, Azərbaycan Respublikasının bütün məhkəmələrin icraatında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması barədə xx.xx.2020-ci il tarixli 05 saylı qərar qəbul edildiyindən, həmçinin xüsusi karantin rejimi müddətində iş fəaliyyəti xx.xx.2020-ci il tarixinə qədər məhdudlaşdırıldığından iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmiş və beləcə iddia müddəti ötürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq, X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 434 nömrəli Kredit müqaviləsi üzrə X1 Cəmiyyətinə ödənilməmiş 1463,87 ABŞ dolları məbləğində əsas borc, 444,90 ABŞ dolları məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 1045.70 ABŞ dolları məbləğində müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 221,80 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 3176,27 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “İddiaçı“ ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək etirazınını onunla əsaslandırmışdır ki, iddiaçı Bank müqavilə tələbi üzrə iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddiaçı bu maddənin tələbi pozulmaqla məhkəməyə müraciət etmişdir. Eyni zamanda Həmin Məcəllənin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İş materiallarından göründüyü kimi, xx xxx 2015-ci il tarixli 434 saylı müqavilə üzrə sonuncu ödəniş xx xxxxxxx 2016-cı il tarixdə olunmuşdur. Müqavilə üzrə iddia axımının müddəti həmin tarixdə dayanmışdır. Həmin tarixdən bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Bunu da iddiaçı Bank bilmişdir. Bank bunları bilməsinə baxmayaraq xx xxxxxxx 2019-cu il tarixə qədər məhkəməyə müraciət etməmiş və buraxılmış müddəti Azərbaycan Respublikasında məlum koronavirus “COVİT-19” infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi müddəti tətbiq edilməsi barədə müvafiq qərarına və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu tərəfindən təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, Azərbaycan Respublikasının bütün məhkəmələrin icraatında olan digər işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması barədə xx.xx.2020-ci il tarixli 05 saylı qərar ilə əsaslandırmışdır. Bununla əlaqədar olaraq bildirmək istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarı 2020-ci ilin mart ayında verilmişdir. xx xxxxxxx 2019-cu il tarixindən 2020-ci ilin mart ayına kimi 5 ay müddət keçmişdir. Bank isə Məhkəməyə 17.07 2020-ci il tarixdə müraciətetmişdir. Bununla da iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hal-hazırda Azərbaycan Respublikası Məhkəmələrində eyni məzmunlu işlərə baxılmış və iddia müddətinin buraxılmasına görə həmin iddiaların rədd edilməsi barədə qətnamələr qəbul edilmiş və son instansiya məhkəməsinə kimi həmin qətnamələr dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Presedent hüququ kimi istifadə edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-1265/2020 saylı qətnamənin surətini ərizəsinə əlavə etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2015-ci il tarixli 434 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcluya illik 24 % olmaqla 24 ay müddətinə qaytarılmaq şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşıyır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 434 saylı kredit müqaviləsinə əlavədən görünür ki, aylıq ödəniş 158,61 ABŞ dolları, son ay üçün isə 158,71 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 müqavilənin bitmə tarixinə 1463,87 ABŞ dolları əsas, 444,90 ABŞ dolları faiz, 1045,70 ABŞ Dolları cərimə, 221,80 ABŞ dolları gecikdirilmiş vaxt üçün 5 %lə hesablanan cərimə borcu, cəmi 3176,27 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan müəyyən olunur ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin 3 gün müddətində icra edilməməsi təqdirdə bank tərəfindən borcun qaytarılmasına dair iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC ilə kredit və zaminlik müqaviləsi bağlayaraq, üzərlərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə müştərək qaydada məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, əsas, faiz və 5%-lik cərimə borcu hissəsində tələb əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Cərimə borcunu məhkəmə tənasübsüz surətdə yüksək hesab edir və qeyd edir ki, cərimə borcu qismən təmin edilərək 100 ABŞ dolları məbləğində tutulmalıdır. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır. Yəni məhkəmə işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli prosess aparmalıdır. Araşdırmalar nəticəsində müəyyən edilsə ki, iddia müddəti üzrlü səbəblərdən ötürülmüşdür, məhkəmə həmin müddəti bərpa edir və iddia tələbinin təmin edilməsi və yaxud rədd edilməsi barədə qətnamə qəbul edir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, məhkəməyə iddia ərizəsi ilə xx.xx.2020-ci ildə müraciət edilmiş və bununla da müddət ötürülmüşdür. Məhkəmə hesab edir ki, ölkədə COVİD-19 pandemiyası ilə əlaqədar həmin dövrdə məhkəmələrin və bankların işləməməsi nəzərə alınaraq, müstəsna hal kimi qəbul edilməli və iddiaçı tərəfindən buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2015-ci il tarixli 434 saylı kredit müqaviləsinə əsasən 1463,87 ABŞ dolları əsas 444,90 dolları faiz, 100 ABŞ dolları cərimə, 221,80 ABŞ dolları 5%-lik cərimə borcu olmaqla, cəmi 2230,57 (iki min iki yüz otuz dollar əlli yeddi sent) ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar