Məhkəmə qərarları › İş №2(005)-2625/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2625/2025

03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2625/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 10000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı aldadaraq ona İngiltərə krallığına getmək üçün viza düzəltməsi, orada təhsil alması, yaşaması və işlə təmin olunması üçün şərait yaradılması kimi yalan vədlər vermişdir. Bu vədlər müqabilində cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 10000 manat pulu ondan vahid niyyətlə əhatə edilən qəsdlə almış və ona xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun şəkildə izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh 2 saylı Cəzaçəkmə müəssisəsinə iddia ərizəsinin surətinin göndərilməsinə baxmayaraq, o iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 1(008)-782/2024 saylı Sabunçu Rayon Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh X7 qarşı dələduzluq edərək onun 4900 manat məbləğində pul vəsaitini, X3 qarşı dələduzluq edərək onun 3400 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlarla bağlı Cavabdeh “cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi” əsası ilə AR CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh AR CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir; Həmçinin məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı aldadaraq ona İngiltərə krallığına getmək üçün viza düzəltməsi, orada təhsil alması, yaşaması və işlə təmin olunması üçün şərait yaradılması kimi yalan vədlər verib, bunun müqabilində 10000 manat məbləğində pulun verilməsinin zəruriliyini bildirmiş, xx.xx.2022ci il tarixdə Nizami rayonu, Qara Qarayev prospekti, 115/9 ünvanda yerləşən 52 saylı notariat kontorunda 3000 manatı almış və sonuncu ilə borc müqaviləsi bağlamaqla özünə inamı artırmışdır. Həmin günü ünvan 2 ünvanda yerləşən “Qafqaz” hazırlıq kurslarının ofisində 800 manatı, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 1750 manatı, xx.xx.2022-ci il tarixdə 750 manatı, xx.xx.2022-ci il tarixdə 1500 manatı, xx.xx.2022-ci il tarixdə 500 manatı və xx.xx.2022-ci il tarixdə 1700 manatı İddiaçı ələ keçirərək dələduzluq etmiş və sonuncuya 10000 manat məbləğində maddi ziyan vurmuşdur; O cümlədən məhkəmə hökmündə qeyd edilmişdir ki, Cavabdeh digər iki epizoda münasibətdə (X1 və İddiaçı ilə bağlı epizodlar) təqsirli olması hökmdə sadalanan sübutlarla təsdiq olunduğundan o, AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır; xx.xx.2025-ci il tarixli, 1(103)-361/2025 saylı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, zərərçəkmiş şəxslər - X2, X9, İddiaçı və X4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən Cavabdeh İddiaçı yalan vədlər verməklə, ona viza ilə bağlı dəstək göstərəcəyini və xaricdə yaşam, təhsil və əmək fəaliyyəti ilə təmin edəcəyini bildirmiş, bunun qarşılığında isə müxtəlif tarixlərdə xeyli miqdarda vəsait əldə etmişdir. Lakin cavabdeh razılığın şərtlərinə əməl etməyərək, heç bir tədbir görməmiş, aldığı pulları isə geri qaytarmamışdır. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh dələduzluq etməsi və İddiaçı maddi ziyan vurulması faktı müəyyən edilmişdir. Hazırda iddiaçı mülki qaydada iddia qaldıraraq, 10000 manat həcmində pulun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. 23 fevral 2016-cı il Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-782/2024 saylı hökmünə əsasən Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmiş və AR CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinmişdir. Məhkəmə hökmündə İddiaçı vurulmuş maddi ziyan məbləğinin 10000 manat olması öz əksini tapmışdır. Yəni hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirliliyi təkzibedilməz hallardır və yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı iddia ərizəsində yer almış 10000 manat pul tələbi Cavabdeh dələduzluq əməllərinə istinadla əsaslandırıldığından və bu hüquq pozuntularının törədilməsi və iddiaçının həmin məbləğdə maddi ziyana uğraması məhkəmə hökmü ilə təsdiq edildiyindən, İddiaçı ölkə xaricində həyat fəaliyyətinə şərait yaradılması üçün ödədiyi 10000 manat pulun cavabdehdən məhkəmə qaydasında geri alınmasını tələbi etməkdə haqlıdır və iddia məhkəmə tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi zərərə görə 10000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 10000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar