Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2651/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi –X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5564 ABŞ dollarıbundan 4655 ABŞ dolları əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 909 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 125.LN.2102.240815.00001 №-li 24 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 125.LN.2102.240815.00001/b saylı 24 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə **********258 saylı, 01.02.2021 -ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar. Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1. Mirzəbala oğlunun 11.01.2021-ci il tarixə kredit üzrə cəmi borcu 5564 (beş min beş yüz altmış dörd) ABŞ dolları təşkil edir. Bundan 4655 (dörd min altı yüz əlli beş) ABŞ dolları əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 909 (doqquz yüz doqquz) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xxxx ASC-nin Uğur filialı ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2015-ci il tarixli, 125.LN.2102.240815.00001 saylı istehlak kredit müqaviləsi və ona dair əlavə razılığa əsasən, cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik 23% (iyirmi üç faiz) ödənilmək şərtilə 20000 (iyirmi min) manat məbləğində şəxsi məişət ehtiyaclarının ödənilməsi məqsədilə kredit verilmişdir; 24.08.2015-ci il tarixli 125.LN.2102.240815.00001/b nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 24.08.2015-ci il tarixli, 125.LN.2102.240815.00001 saylı kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı 19.01.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh1 24.08.2015-ci il tarixli, 125.LN.2102.240815.00001 saylı istehlak kredit müqaviləsinə əsasən müqavilənin bittiyi 11.01.2021-ci il tarixinə 4655 (dörd min altı yüz əlli beş) ABŞ dolları əsas, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 909 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5564 (beş min beş yüz altmış dörd) ABŞ dolları məbləğində borcu qalmışdır; İddiaçı Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 01.02.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hesablanmış borc məbləğinin ödənilməsi 3 (üç) gün ərzində bank tərəfindən tələb edilmiş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir; 20.04.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh1 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 125.LN.2102.240815.00001 №-li 24 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 125.LN.2102.240815.00001/b saylı 24 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 8-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Cavabdeh1 11.01.2021-ci il tarixə kredit üzrə cəmi borcu 5564 (beş min beş yüz altmış dörd) ABŞ dolları təşkil edir. Bundan 4655 (dörd min altı yüz əlli beş) ABŞ dolları əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 909 (doqquz yüz doqquz) ABŞ dolları faiz borcu təşkil edir. Həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 24.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2015-ci il tarixli, 125.LN.2102.240815.00001 nömrəli istehlak kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 24.09.2015-ci il tarixdə, sonuncu ödəniş 24 fevral 2017-ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci 24 fevral 2017-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, 24.08.2015-ci il tarixli, 125.LN.2102.240815.00001 nömrəli istehlak kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 24 fevral 2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Məhkəmə Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC tərəfindən ödənilən 30,40 (otuz manat qirx qəpik) manat dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 4.655 (dörd min altı yüz əlli beş) ABŞ dolları əsas, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 909 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.564 (beş min beş yüz altmış dörd) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin ediləsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2651/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2651/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver