Məhkəmə qərarları › İş №2(005)-2659/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2659/2021

01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2659/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, aliment məbləğinin artırılaraq Cavabdeh (1977-ci ildə anadan olmuş) 04.03.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 350 (üç yüz əlli) manat alimentin tutulub mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin ona verdiyi hüquqdan istifadə edərək Cavabdeh olan uşağımızın saxlanılması üçün məhkəmə qaydasında alimentin artırılması barədə iddia tələbi ile müraciət etmək istəyir. İddiaçı Cavabdeh ilə 2005-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 04 mart 2008-ci il təvəllüdlü X12 adlı qızı vardır. Aralarında olan nikah münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Xətai rayon məhkəməsinin qətnaməsi ilə 04 mart 2008-ci il təvəllüdlü X5 ananın himayəsində saxlanılması və cavabdehdən hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ uşağın saxlanılmasına kifayət etmir. Ona görə də hal-hazırda alimentin məbləğinin artırılması barədə iddia qaldırmaq istəyir. Cavabdeh onun tələb etdiyi məbləği tam ödəyə bilər. Çünki onun maddi vəziyyəti buna imkan verir. Belə ki, cavabdehin özünə məxsus xüsusi həyət evi, kifayət qədər də maddi vəsaiti vardır. Cavabdeh uşağın normal böyüməsi üçün ona qayğı göstərməli, onun bütün ehtiyaclarını ödəməlidir. Bu onun həm atalıq borcudur, həm də qanunun cavabdehdən birmənalı tələbidir. İddiaçı tibb bacısı işləyir. Maaşı həddindən artıq azdır (270 manat), özünün və uşağın ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Doğrudur, o, bir ana olaraq öz öhdəliklərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməyə çalışır və onun bütün istəklərini yerinə yetirmək üçün əlindən gələni edir. Lakin övladı ata qayğısından məhrum olmuş uşaqdır. Aydan isə atasının-cavabdehin nə maddi, nə mənəvi qayğısını görmür. Üstəlik Cavabdeh olduqca məsuliyyətsizdir. Cavabdeh övladından tamamilə xəbərsizdir. 10 ildən çoxdur ki. övladını gəlib görmür, onunla maraqlanmır. Qızının istər mənəvi, istərsə də maddi ehtiyaclarını ödəmək istəmir, atalıq məsuliyətini dərk etmir, bu şəbədən hətta məhkəmə qətnaməsini icra etməməkdən belə çəkinmir. Onunla münasibəti pis olsa belə, uşağını saxlamaq cavabdehin boynunun borcudur: X13 günü-gündən böyüyür və xərcləri də təbii ki, artmaqdadır. Artıq onun 13 yaşı vardır. Qızı Aydan rəssamdır, rəsm üzrə repititorla məşğul olur, həmin müəllimə 60 manat ödəyir. Bundan başqa riyaziyyat, azərbaycan dili və ədəbiyyat fənlərindən əlavə məşğələlərə görə də hər birinə ayrılıqda 50 manat ödəyir. Beləliklə, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunaraq cavabdehdən 04.03.2008-cı il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 350 (üç yüz əlli) manat aliment onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 351062 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasındakı nikah 26 may 2011-ci il tarixdə pozulmuş, 226 nömrəli akt ilə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 12 dekabr 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 197766 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04 mart 2008ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12 dekabr 2008-ci il tarixdə 3400 nömrəsi ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X6 yazılmışdır; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, alimentin miqdarını artıraraq Cavabdeh 04 mart 2008-ci il təvəllüdlü X3 ücün hər ay 175 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 mart 2008-ci il təvəllüdlü X2 üçün tutulan alimentin məbləği dəyişdirilsin. 04 mart 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar