Məhkəmə qərarları › İş №2(005)-2665/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2665/2023

17.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2665/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (açar sözlər: maddi zərərin ödənilməsi, sübutetmə yükü) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 117 saylı binada yaşayan Cavabdeh pip ağacından qapıların hazırlanmasına görə ondan dələduzluq yolu ilə alınmış 28000 manat pulun və 7x2 ölçüdə mətbəx mebeli üçün alınmış 12000 manat pulun, ümumilikdə 40000 (qırx min) manat pulun qaytarılmasına və cavabdeh tərəfindən evə quraşdırılmış DSP materialından hazırlanmış qapıların çıxarılaraq aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində Cavabdeh ilə rəsmi müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh onun üçün sırf pip ağacından qapıların hazırlanması üçün 28.000 manat, 7x2 ölçüdə mətbəx mebelinin hazırlanmasına görə 12.000 manat pul almışdır. Həmin pulu ödəməyi qismən və tam ödəniş şərti ilə müqavilə bağlamışlar. Həmin göstərilən məbləği bütövlükdə ödəmişdir. Bağlanmış rəsmi müqaviləyə əsasən qapılar və mətbəx mebeli sırf pip ağacının materialından olmalı idi. Lakin cavabdeh Karakoca həmin qapıları təhvil verərkən, məlum olmuşdur ki, qapılar söz verdiyi kimi pip ağacından deyil, el arasında DSP kimi tanınan materialdan hazırlanmışdır. Buna baxmayaraq, Cavabdeh ondan əlavə olaraq 13.000 manat pul tələb etmişdir. Cavabdeh bildirmişdir ki, müqavilə əsasında şərt olmuşdur. Qapılar və mətbəx mebeli sırf pip ağacından hazırlanmalı idi. Lakin onu aldatmışdır. Belə olan halda Polis Şöbəsinə müraciət etməli olmuşdur. Çünki, özünə və ailəsinə görə qorxmuşdur. Xaçmaz rayon X4 Polis Bölməsinə yazdığı rəsmi şikayət ərizəsində bildirmişdir ki, onun etibarından sui istifadə edərək, aldatmış, Cavabdeh tərəfindən ondan qapılara görə alınmış 28000 manatın və mətbəx mebelinə görə alınmış 12000 manat pulun qaytarılmasına köməklik göstərilsin. Cavabdeh bildirmişdir ki, ona ödədiyi ümumi 40000 manat pulu qaytarsın və qapıları aparsın. Belə ki Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dələduzluq faktı ilə 178-ci maddəsinin 1-ci bəndinə əsasən məsuliyyət daşımalıdır. Xaçmaz Rayon X4 Polis Bölməsinə etdiyi şikayət ərizəsinə xx.xx.2021-ci il tarixində 161-3120-1221 saylı məktubla rədd cavabı gəlmişdir. Gələn cavabda bildirilir ki, müraciət mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməlidir. Dəfələrlə Cavabdehla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, “gəl qapılarını apar və ödədiyim 28000 manat bir və 12000 manat əlavə olunmuş pulu qaytar”. Bu məbləği hələ qapıların və mətbəx mebelinin quraşdırılmamışdan əvvəl ödəmişdir. Müqaviləyə əsasən qapılar və mətbəx mebeli 3 ay müddətində hazırlanaraq evə quraşdırılmalı idi. Nəhayət, 2021-ci ilin 21 avqustunda müqavilənin şərtlərinə zidd olaraq qapılar DSP materialından hazırlanaraq evə quraşdırılmışdır. İradını bildirərək etiraz etmişdir ki, müqavilənin şərtlərinə görə qapıları pip ağacından hazırlamalı idi. Onu aldadaraq verdiyi sifarişin şərtlərinə əməl etməmişdir. Cavabdeh öz səhvini açıq etiraf etmişdir. Bildirmişdir ki, qapıları götürərək, yerinə ağac materialından hazırlanmış qapılar gətirər. Əfsuslar olsun ki, Cavabdeh bu günə qədər qapıları gəlib götürməmişdir. Söz verdiyi kimi həmin qapıların əvəzinə pip ağacından hazırlanmış qapıları gətirməmişdir. Cavabdeh əməli sırf dələduzluq xarakterlidir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə aralarında olan razılaşmaya əsasən mətbəx və qapılar pip taxtasından olmalı idi. Aralarında iş materiallarına əlavə edilmiş “sipariş sözleşmesi” bağlanılıb. Razılaşmada pip materialından olması yoxdur, lakin DSP materialından olması barədə də sözləşmə olmayıb. Bununla bağlı cavabdehlə aralarında şifahi razılaşma olub. Qapılara görə 28.000 manat və mətbəxə görə 12.000 manat olmaqla, ümumilikdə cavabdehə 40.000 manat məbləğində ödəniş etmişdirlər. Qapılar keyfiyyətli deyil və bu günədək mətbəx gətirilməyib. Xahişi cavabdehin qapıları götürməsindən ibarətdir. Mülki işə Ali Məhkəmədə baxılması barədə də məlumatı olmayıb. xx.xx.2023-cü ildə Sumqayıt Apellyasiya Məhkəməsindən iddiaçını məhkəmə prosesinə iki saat qalmış zəng vurub çağırmışdırlar, lakin onun rayondan ora gedib çatması mümkün deyil. Xaçmaz Rayon Məhkəməsində qiyabi qətnamə qəbul edilmiş və sonradan həmin qətnamə ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin bildirişi onlara çatmamış və bu səbəbdən məlumatlı olmamışdırlar. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində kassasiya şikayəti vermişdirlər, lakin bu günədək həmin qərarı almamışdırlar. Kassasiya şikayətində mətbəx mebelini də qeyd etmişdirlər. Mətbəx mebelinə görə 12.000 manatın verilməsi aralarında olan razılaşmada qeyd olunub. Bununla yanaşı, cavabdeh zəng vuraraq iddia ərizəsini geri götürməsi barədə onu hədələmişdir və bundan əlavə sosial şəbəkələrdə fotoşəkil yerləşdirərək onlar barəsində yazmışdır. Cavabdehin barəsində polis idarəsinə müraciət etmişdir və onlar mülki iş olduğuna görə məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında mətbəxlə bağlı razılaşma olmamışdır. Mətbəxə görə iddiaçı tərəfindən ona ödəniş olunmayıb. Onlardan sözləşməyə görə 10.000 manat almışdır və əgər 40.000 manat qeyd ediblərsə, həmin sənədi saxtalaşdırıblar. Heç bir insan işi bitirməmiş 40.000 manat məbləğində ustaya ödəniş etməz. 10.000 manat bir və 5.000 manat bir almışdır. Mart ayının 1-də onlara qapı gətirmiş və 15-20 gün sonra isə 5.000 manata “kilit kol” almışdır, hansı ki razılaşmada həmin məbləğin müştəriyə aid olduğu qeyd edilmişdir. Apellyasiya Məhkəməsində mətbəx mebeli barədə soruşmuşdurlar, lakin onlara bu barədə qarşı tərəfin gəlib izahat verməli olduğunu bildirmişdir. Qarşı tərəflə aralarında nə mətbəx mebelinə görə sözləşmə olmuş, nə də 12.000 manat məbləğində pul verilmişdir. Qapılara görə cəmi 15.000 manat məbləğində pul almışdır. III. İşin faktiki halları: İş materiallarında olan: - 19.10.2020-ci il tarixli Sifariş Sözləşməsindən görünür ki, müştəri İddiaçı 6 ədəd tək qapı, 8 ədəd cüt açılan qapı sifariş etmiş və sifariş alan firma X7 Karakocaya cəmi 28.000 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Fehruz Qasımovun 16 oktyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Xaçmaz rayon X4 Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhərindən ”Türk dizayn mebel” mebel dükanı işlədən Həsən və Ramazan adlı türk vətəndaşlarından yeni tiktirdiyi ev üçün Pip ağacından hazırlanmış qapıları 25000 manata aldığını, lakin qapıların DVP materialdan hazırlandığını bildirmişdir. Həmin Qərarla İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçü material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ona məsələ ilə bağlı aidiyyəti üzrə Xaçmaz rayon Məhkəməsinə müraciət etmə hüququnun olması izah edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 13.000 manat məbləğində əsas borcun, 650 manat məbləğində faiz borcu, vurulmuş mənəvi zərərə görə 2000 manat və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 15.680 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-501/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(067)-1290/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı 13.000 (on üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3172/2023 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-501/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasları zamanı tərəflərin izahatları və iş materialları əsasında müəyyən edildi ki, tərəflər arasında işlər görülməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı (sifarişçi) otaq qapılarının düzəldilməsini sifariş etmiş, muzd olaraq cavabdehə 28.000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən həmin məbləğin 15.000 manatı ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3172/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-501/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin müqaviləyə əsasən ödənilməmiş 13.000 (on üç min) manat məbləğinin İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin müqavilə üzrə şərtin pozulması əsası ilə cavabdehə ödənilmiş ümumilikdə 40000 (qırx min) manat pulun qaytarılması və cavabdeh tərəfindən evə quraşdırılmış DSP materialından hazırlanmış qapıların çıxarılaraq aparılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-501/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdehin qardaşı Mahir adlı şəxs arasında işlərin görülməsi ilə bağlı şifahi sövdələşmə olmuş, daha sonra Mahir və iddiaçının razılığı ilə şifahi razılaşmanın məzmununa uyğun Mahirin qardaşı - İddiaçıla yazılı saziş bağlanmış, sonuncu üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında işlər görülməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (sifarişçi) otaq qapılarının düzəldilməsini sifariş etmiş, muzd olaraq 28.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin məbləğin 15.000 manatı ödənilmiş, iddiaçı tərəfindən işlər görülüb təhvil verilməsinə baxmayaraq, hazırkı vaxtadək qalan 13.000 manat məbləğ ödənilməmişdir. Tərəflər arasında müqavilə bağlanması və müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsi işin mübahisəsiz hal kimi müəyyən edilmişdir. Həmin Qətnamə ilə İddiaçı 13.000 (on üç min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Hazırda iddiaçı cavabdehlə arasında olan razılaşmaya əsasən təhvil verilməli olan qapıların pip ağacından hazırlanmalı olmasını, lakin bu şərtə əməl edilmədiyini, təhvil verilmiş qapıların müqavilənin şərtlərinə zidd olaraq başqa materialdan (DSP) hazırlandığını bildirərək, ona vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. İddiaçı zərər vurulması halını cavabdeh tərəfindən təhvil verilməli olan qapıların razılaşmada nəzərdə tutulmuş materialda olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin dispozisiya şərtləri baxımından qeyd edlməlidir ki, həmin maddə ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Məhkəmə qeyd edir ki, mülki hüququn hamılıqla qəbul edilmiş prinsiplərindən olan «iura novit curia» - «məhkəmə hüququ bilir» prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyildir. Mülki qanunvericiliyə əsasən, zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə işin müəyyən olunmuş hallarından da göründüyü kimi, tərəflər arasında işlər görülməsinə dair müqavilə razılaşma imzalanmışdır. Yəni tərəflər arasında müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Həmin razılaşmadan görünür ki, iddiaçı (sifarişçi) cavabdehə 6 ədəd tək qapı və 8 ədəd cüt açılan qapı düzəldilməsini sifariş etmişdir. Qeyd olunan müqavilədə qapıların materialı - pip ağacından düzəldilməli olması barədə şərt nəzərdə tutulmamış, cavabdehin üzərinə müqavilə ilə belə bir öhdəlik qoyulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilənin məzmununda belə bir şərt nəzərdə tutulmadığından, bu şərtə əməl edilməməsi əsası ilə müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğin sonuncudan tutulmasının hər hansı bir hüquqi əsası yoxdur. Həmçinin iddiaçının mətbəx mebelinə görə cavabdehə ödənilmiş 12000 manat məbləğində pulun qaytarılması tələbi vardır. İddiaçı cavabdehlə aralarında mətbəx mebelinə dair razılaşma olduğunu, bu mebelin pip ağacından hazırlanmalı olduğunu və buna görə də cavabdehə 12000 manat məbləğində pul ödədiklərini bildirmişdir. Cavabdeh isə bu halı qəbul etməyərək, qarşı tərəflə aralarında mətbəx mebelinə dair hər hansı bir razılaşma olmadığını və pul verilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bununla belə, iddiaçı tərəfindən cavabdehlə aralarında mətbəx mebelinə dair hər hansı bir razılıq olmasını (şifahi və ya yazılı), habelə iddiaçı tərəfindən cavabdehə bu məqsədlə 12000 manat pul məbləği verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı mötəbər sübut aşkar edilməmişdir. Halbuki, iddiaçının bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 117 saylı binada yaşayan Cavabdeh pip ağacından qapıların hazırlanmasına görə ondan dələduzluq yolu ilə alınmış 28000 manat pulun və 7x2 ölçüdə mətbəx mebeli üçün alınmış 12000 manat pulun, ümumilikdə 40000 (qırx min) manat pulun qaytarılması və cavabdeh tərəfindən evə quraşdırılmış DSP materialından hazırlanmış qapıların çıxarılaraq aparılması” tələbinə dair iddiası təmin edilməməli. Eyni zamanda ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 117 saylı binada yaşayan Cavabdeh pip ağacından qapıların hazırlanmasına görə ondan dələduzluq yolu ilə alınmış 28000 manat pulun və 7x2 ölçüdə mətbəx mebeli üçün alınmış 12000 manat pulun, ümumilikdə 40000 (qırx min) manat pulun qaytarılması və cavabdeh tərəfindən evə quraşdırılmış DSP materialından hazırlanmış qapıların çıxarılaraq aparılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar