Məhkəmə qərarları › İş №2(005)-2669/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2669/2022

24.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2669/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 97500 (doxsan yeddi min beş yüz) manat məbləğində ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05 avqust 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisindən keçən Ziya Bünyadov prospekti ilə 4-cü uzununa küçəsinin kəsişməsinə çatmamış “Arzu” marketin qarşısında idarə etdiyi X7 məxsus “MERCEDES BENZ E270 SDİ” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib idarəetməni itirərək “MERCEDES BENZ E270 SDİ” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcı beton piltələrə çırpılaraq piltələrin üstündən əks hərəkət yoluna çıxıb qabaq hissəsi metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “OPEL ASTRA” minik markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə Ehtiram Ələkbərov ehtiyatsızlıqdan “OPEL ASTRA” minik markalı avtomobildə olan sərnişin İddiaçı, yəni ona açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, alın sümüyünün orbita divarından sağ əng sümüyünə keçən çoxsaylı qəlpəli basılmış sınıqları, hər iki alın payının hemorraqik kontuziyası, pnevmosefaliya, alın nahiyəsinin tikilmiş yarası, periorbital hematoması cərrahi əməliyyatdan sonrakı vəziyyət xəsarətlərini yetirərək həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən ona avtoqəza nəticəsində yetirilmiş xəsarətlərə görə o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Neyrocərrahiyyə Xəstəxanasında stasionar müalicədə olmuş, bir neçə dəfə cərrahiyyə əməliyyatına məruz qalmış və ambulator müalicə üçün evə yazılmışdır. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, hələ də ailə üzvləri tərəfindən daim nəzarətdə olmaqla ambulator müalicələr altındadır, avtoqəza nəticəsində aldığı xəsarətlərlə bağlı “OS-görmə sinirinin atrofiyası” xəstəliyinə düçar olaraq sol gözündə görməni tamamilə itirmiş, aldığı xəsarətlər nəticəsində “şəkərsiz diabet, açıq kəllə beyin travmasından sonrakı vəziyyət” diaqnozlu xəstəlik ilə hal-hazırda da əziyyət çəkir. Əmək qabiliyyətini tamamilə itirmişdir. Hazırda da almış olduğu müalicə kursları başa çatmamışdır. Daha bir neçə cərrahiyyə əməliyyatlarına məruz qalmalıdır, sağlamlığı bərpa olunmamışdır. Bunun nəticəsidir ki, o, hələ də bədənində, xüsusən də baş nahiyəsindəki ağrılardan əziyyət çəkir. Sağlamlığının bərpası üçün əlavə əməliyyatlara, kompleks müalicəyə ehtiyac duyur. Avtoqəza nəticəsində qırılmış alın sümüyünün bərpası aldığı məlumatlara görə (platindən körpü qoyulmaqla) Türkiyə Respublikasında mümkündür, buna və görmə qabiliyyətini tamamilə itirmiş sol gözünün müalicə olunması üçün xeyli vəsait tələb olunur. Sağlamlığının bərpası üçün özü və yaxınları tərəfindən dərman vasitələrinin alınmasına xeyli miqdarda vəsait xərclənmişdir. Demək olar ki, iynə dərmanlara 1500 manatdan, digər tədbirlərə 6000 manatdan artıq pul xərclənmişdir. Göründüyü kimi üzərində əlavə bir neçə cərrahiyyə əməliyyatı aparılmalıdır. Türkiyə Respublikasında nəzərdə tutulan cərrahiyyə əməliyyatı üçün 30000-40000 manat ödənilməsi tələb olunur. Bunlarla yanaşı, cavabdeh tərəfindən ona yuxarıda göstərilən xəsarətlərin yetirilməsi, tibbi əməliyyatlara məruz qalması, uzun müddətli müalicə olunması, müalicə və müayinəyə ehtiyacının yaranması kimi hallar, şikəst olmasına görə iş qabiliyyətini itirərək işləyə bilməməsi, ailə vəziyyətinin maddi cəhətdən çox ağır vəziyyətə düşməsi onda ciddi streslər yaratmış, şok vəziyyətlərinə düşməsi ilə nəticələnmişdir. O, fərdi əməklə məşğul olur, (bənna idi) hər gün evinə 35-40 manat pul gətirirdi, ailəsini dolandırırdı. Almış olduğu xəsarətlər nəticəsində şikəst olmaqla bir gözünün görmə qabiliyyətini itirməsinə görə artıq səhhəti ona hər hansı işlə məşğul olmağa imkan vermir və bu səbəbdən də sıxıntılar yaşayır. Göründüyü kimi cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində ona mənəvi zərər də yetirilmişdir. O, qanunvericilik aktları ilə ona verilmiş hüquqlardan istifadə edərək vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində sağlamlığını itirməsi onu və yaxınlarını sarsıtmış, onda məyusluq hissləri doğurmuş, mənəvi iztirablar, stres keçirmiş və bu hissləri hələ də keçirməkdədir. Bu hadisənin nəticələri onun, yaxınlarının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiya yaratmışdır. Cavabdeh tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində həm də mülki hüquq pozuntusuna yol verilmişdir. Sağlamlığının itkisi onun və yaxınları üçün heç nə ilə əvəz oluna bilməz. Qanunvericiliyin müvafiq tələbinə əsasən o, bu itkinin əvəzinin 40000 manatın ödənilməsi ilə əvəzləşdirilməsi məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh iynə-dərmanlara ödənilmiş 1500 manat, digər tədbirlərə ödənilmiş 6000 manat, üzərində ölkədə aparılması tələb olunan əlavə bir neçə cərrahiyyə əməliyyatı üçün 10000 manat, Türkiyə Respublikasında nəzərdə tutulan cərrahiyyə əməliyyatı üçün 40000 manat və mənəvi zərərə görə 40000 manat pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı, onun vəkili Vəkil2 iddianı müdafiə etdilər, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Respublika Neyrocərrahiyyə Xəstəxanası X12 tərəfindən verilmiş xəstənin stasionar tibbi kartasından çıxarışın (epikriz № 1419) surətindən görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə yuxarıda qeyd olunan xəstəxanada stasionar müalicədə olmuş, iddiaçıya açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, alın sümüyünün orbitanın divarına, sağ əng sümüyünə keçən çoxqəlpəli basılmış sınıqları, alın paylarında hemorragik əzilmə sahələri, pnevmosefaliya, alın nahiyədə tikilmiş yara, periorbital hematoma cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozları qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Endokrinoloji Mərkəz” Ambulator Kitabçadan (xəstəlik kartından) çıxarışın surətindən görünür ki, İddiaçı 1 aya yaxındır ki, keçirdiyi avto qəza nəticəsində şəkərsiz diabet aşkarlanmışdır. xx.xx.2021-ci il tarixdə açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında stasionar müalicə almışdır. Əsas diaqnoz şəkərsiz diabetdir. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X5 ambulator müayinə kartının surətindən görünür ki, İddiaçı neyrocərrah tərəfindən müayinə olunmuş, ona OS-görmə sinirinin atrofiyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-488/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh 05 avqust 2021-ci ildə saat 18:30 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisindən keçən Ziya Bünyadov prospekti ilə 4-cü uzununa küçəsinin kəsişməsinə çatmamış “Arzu” marketin qarşısında idarə etdiyi X7 məxsus “MERCEDES BENZ E270 CDİ” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə metropolitenin “20 Yanvar” stansiyası istiqamətinə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib idarəetməni itirərək “MERCEDES BENZ E270 CDİ” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcı beton piltələrə çırpılaraq piltələrin üstündən əks hərəkət yoluna çıxıb qabaq hissəsi metropolitenin “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “OPEL ASTRA” minik markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə Cavabdeh ehtiyatsızlıqdan “OPEL ASTRA” minik markalı avtomobildə olan sərnişinlər İddiaçı açıq kəllə-beyin travması, baş beyinin əzilməsi alın sümüyünün orbita divarlarından sağ əng sümüyə keçən çoxsaylı qəlpəli basılmış sınıqları, hər iki alın payın hemorragik kontuziyası, pnevmosefaliya, alın nahiyəsinin tikilmiş yarası, paraorbital hematoması cərrahi əməliyyatdan sonrakı vəziyyət xəsarətlərini yetirərək həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına, X3 döş qəfəsinin ön səthinin əzilməsi, sol said əzilməsi və sıyrıntısı kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsinə, sürücü X1 əlin arxa səthinin cırılmış yarası, döş qəfəsinin ön səthinin əzilməsi xəsarətlərini yetirərək sağlamlığına yüngül zərər vurmasına, “OPEL ASTRA” minik markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi X4 6300 manat maddi ziyan vurmasına və “MERCEDES BENZ E270 CDİ” minik markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi X7 3840 manat maddi ziyan vurmasına səbəb olmuşdur. İş materiallarında olan “X13” klinikasının iddiaçı barəsində verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, oyanıq və sakit vəziyyətdə çəkim aparılmış, fon aktivliyi posterior dominant 9-10 Hz alfa dalğalarından ibarətdir. Hemisferlərarası assimetriya aşkar olunmamışdır, göz açıb qapamaqla reaksiyasının EEQ-yə təsiri normaldır. Çəkim zamanı bir neçə dəfə sol frontotemporal bölgədə kəskin yavaş dalğa deşarjları ortaya çıxmışdır. Hiperventilyasiya: fiziolojik yavaşlama izləndi. Fotostimulyasiya: dəyişiklik olmadı. Nəticə: bu EEQ incələməsində sol frontemporal bölgədə epileptiform deşarjlar izlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2022ci il tarixli tibbi rəyin surətindən görünür ki, OU- Ön seqment normal. OS-Xarici çəplik 10 dərəcə. Göz dibi: OU-gsm hüdudları aydın, rəngi OD-solğun avazıyıb, OS-ağarıb. OU- Makulyar refleks zəif, periferiya normal. OCT-Makula-OU-Neyroretina nazilib. Xarici qatlar normal. OCT-Disk-OU-RNFL və rim area azalıb. Cup volume normal. Diaqnoz: OD-Görmə sinirin hissəvi atrofiyası. OS-Görmə sinirin atrofiyası. Xarici çəplik. Diaqnoz: H50.1- Müştərək xarici çəpgözlük; H47.2-Görmə sinirinin atrofiyası; H54.4-Monokulyar korluq. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “X13” klinikasına həkim qəbulu üçün (Nevrologiya şöbəsi, həkim Yaqut Lətifova) 50 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “X13” klinikasına normal EEQ çəkimi üçün (EEQ şöbəsi, həkim Nərmin Hüseynova) 50 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 PHŞ/6-2-2022-5446 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “OS-görmə sinirinin atrofiyası” və “açıq kəllə beyin travmasından sonrakı vəziyyət” diaqnozu üzrə (qırılmış alın sümüyünün bərpası üçün platin qoyulması) müalicə TƏBİB-in tabeliyində olan Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 656 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “OS-görmə sinirinin atrofiyası” və “açıq kəllə beyin travmasından sonrakı vəziyyət” diaqnozuna (qırılmış alın sümüyünün bərpası üçün platin qoyulması) əsaslanaraq açıq beyin travması və onun fəsadlarının müalicəsi neyrocərrah tərəfindən aparılmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin ƏEM/O 33-678/22 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, xəstəliyin (OS-görmə sinirinin atrofiyası) Azərbaycanda əməliyyatı və müalicəsi mümkün deyil, qonşu ölkələr üçün isə müalicə və ya əməliyyat xərcləri Türkiyə üçün 20.000 (iyirmi min) ABŞ dolları; İsrail üçün 22.000 (iyirmi iki min) ABŞ dolları; Rusiya üçün 20.000 (iyirmi min) ABŞ dolları təşkil edir. Alın sümüyünə platin qoyulması adlı tibbi xidmət üzrə xərclər Azərbaycanda İcbari Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır. Qeyd: Azərbaycan Respublikasının Mərkəzi Bankının bu günə olan məzənnəsi: 1 ABŞ dolları (USD)=1,7000 manat təşkil edir. Əməliyyat qiymətləri yol və digər xərclərə görə 3% (üç faiz) nisbətində müsbətə doğru dəyişə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəməyə təqdim edilmiş təkzibedilməz sübatlarla müəyyən olunmuşdur ki, cavabdehin təqsiri səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına ağır zərər vurulmuş və o, əmək qabiliyyətini itirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş müayinə və müalicə sənədlərindən görünür ki, iddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkir, həmin xəstəliklərlə bağlı daima həkim nəzarətindədir və müalicə alır. Bu səbəbdən də o, ailəsinə maddi yardim göstərə bilmir və müalicə ehtiyaclarını qarşılaya bilmir. Bundan başqa, iddiaçı aldığı xəsarətlərə görə cərrahiyyə əməliyyatı olunmuşdur. Hal-hazırda iddiaçıya qırılmış alın sümüyünün bərpası üçün platin qoyulması TƏBİB-in tabeliyində olan Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Məhkəmə hesab edir ki, iddiaçıya qırılmış alın sümüyünün bərpası üçün platin qoyulması əməliyyatının dövlət tibb müəssisəsində (TƏBİB-in tabeliyində olan Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında) dövlət büdcəsi vəsaiti hesabına icra edilməsi mümkün olduğundan, həmin əməliyyat xərcinin cavabdehdən tutulması əsassızdır. Lakin məhkəmə, iddiaçıya qoyulmuş “OS-görmə sinirinin atrofiyası” diaqnozu üzrə xəstəliyin müalicəsinin və əməliyyatının Azərbaycan Respublikasında mümkün olmamasını və həmin xəstəliyin cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində yaranmasını nəzərə alaraq, həmin əməliyyatın Türkiyə Cümhuriyyətində icra edilməsi üçün nəzərdə tutulmuş vəsaitin, yəni 20.000 (iyirmi min) ABŞ dollarının Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 34.000 (otuz dörd min) manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, Cavabdeh iynə-dərmanlara ödənilmiş 1500 manat, digər tədbirlərə ödənilmiş 6000 manat, üzərində ölkədə aparılması tələb olunan əlavə bir neçə cərrahiyyə əməliyyatı üçün 10000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı qeyd olunan hissələrdə iddia tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehdən iddiaçının xeyrinə 40.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia tələbini qismən əsaslı hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı «03» noyabr 2008-ci il tarixli Qərarının 1, 2, 4-cü bəndlərində izah olunur ki, «…. mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər». Göründüyü kimi, Cavabdeh törətmiş olduğu avtomobil qəzası nəticəsində İddiaçı müxtəlif bədən xəsarətləri almış, aldığı xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmiş, bunun nəticəsində o, uzun müddət ərzində əmək qabiliyyətindən də məhrum olmuşdur. Mütəmadi olaraq İddiaçı müxtəlif müalicə müəssisələrində stasionar müalicələr alması, əməliyyatlar keçirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, təqsirləndirilən şəxs Cavabdeh törətmiş olduğu hadisədən sonra ona qarşı diqqətsiz davranması, onunla maraqlanmaması, maddi yardım göstərməməsi, onun mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuş, bu hallar onun şüurunda müəyyən mənfi psixi reaksiya əmələ gətirmiş və fiziki əzab çəkməsinə gətirib çıxarmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərvuran şəxsin eyni əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında izah olunur ki, «mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının keçirmiş olduğu mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, cavabdehin təqsirli olması, onun əmlak vəziyyəti nəzərə alınmaqla, 40.000 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 34.000 (otuz dörd) min manat və mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar