Məhkəmə qərarları › İş №2(005)-2691/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2691/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2691/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Bank xxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank “xxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxx” ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP-00002-01/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 4790.8 manat əsas borc, 375.43 manat faiz borcu, 259.45 manat dəbbə borcu, ümumilikdə 5425.68 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank xxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank “xxx” ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP-00002-01/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 23% ödəmək şərti ilə 4790 (dörd min yeddi yüz doxsan) manat 80 (səksən) qəpik məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini gecikdirdiyi müddətin 4-cü təqvim günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş 4790.80 manat əsas borcu, 375.43 manat faiz borcu, 259.45 manat dəbbə borcu vardır. Beləliklə, cavabdehin xx.xx.2020-ci il tarixinə ümumi borcu 5425.68 manat təşkil edir. Məhkəmə iclasında “Bank xxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, banka olan borcunu ödəmək üçün ona vaxt lazımdır. Ödənişləri maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bank “xxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP-00002-01/19A saylı kredit müqaviləsindən görünür ki, Bank “xxx” ASC Cavabdeh 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 4790,80 manat məbləğində kredit verməyi, Cavabdeh isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, 4790,80 manat məbləğində pul vəsaiti Bank “xxx” ASC tərəfindən Cavabdeh verilmişdir; Bank “xxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP- 00002-01/19A nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 186 manat, sonuncu ay xx.xx.2022-ci il tarixində 155,33 manat ödəməli idi; Bank “xxx” ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, RP-00002-01/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə Bank “xxx” ASC-yə 4790,80 məbləğində əsas, 375,43 məbləğində faiz, 259,45 dəbbə cəmi 5425,68 manat məbləğində borcu var; Bank “xxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən 2 gün müddətində qeyd olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Bank “xxx” ASC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank “xxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP-00002-01/19A saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə 23 faizlə 4970,80 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit yenidən razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı Bank “xxx” ASC Cavabdeh xx.xx.2019-cu il tarixli, RP-00002-01/19A saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə Banka 4790,80 məbləğində əsas, 375,43 məbləğində faiz, 259,45 dəbbə cəmi 5425,68 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğləri cavabdehdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə yaranmış cəmi 4790,80 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bank “xxx” ASC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 259,45 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilələr üzrə hesablanmış 259.45 manat dəbbə borcu əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 40 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilələr üzrə 4790,80 manat məbləğində əsas, 375,43 manat faiz borcu, 40 manat dəbbə borcu, habelə 30 manat məbləğində dövlət rüsumu Bank “xxx” ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bank “xxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RP-00002- 01/19A nömrəli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 4790,80 (dörd min yeddi yüz doxsan manat, səksən qəpik) manat əsas borc, 375,43 (üç yüz yetmiş beş manat, qırx üç qəpik) AZN faiz borcu, 40 (qırx manat) cərimə borcu, cəmi 5206, 23 (beş min iki yüz altı manat, iyirmi üç qəpik) AZN və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti haqqının Bank “xxx” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar