Məhkəmə qərarları › İş №2(005)-2692/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2692/2022

03.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2692/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yataq otağının qapısına hər birinin dəyəri 170 (yüz yetmiş) manat olmaqla 340 (üç yüz qırx) manat, otağa pəncərənin açılması üçün 190 (yüz doxsan) manat, 530 (beş yüz otuz) manatın sayğaclara görə ödədiyi 550 (beş yüz əlli) manatın, qonşuluqdakı evin satılması üçün verilmiş 1500 (min beş yüz) manat, əldən çıxmış fayda kimi 155 (yüz əlli beş) manat olmaqla cəmi 2735 (iki min yeddi yüz otuz beş) manat və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iyun 2021-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsi Yanardağ küçəsi, 1/2 saylı evi iddiaçı 27.000 (iyirmi yeddi min) manata satarkən 2 yataq otağının qapısını, otağa pəncərənin qoyulmasını, öhdəsinə götürmüşdü və pulunun onun tərəfindən ödənilməsini bildirmişdir. Əlavə olaraq Qaz su, işığın sayğaclarının qoyulmasına görə ondan 550 manat pul almışdı. Cavabdeh qonşuluqda olan evin ona satılması üçün 1500 (min beş yüz) manat pul almışdı. İddiaçı evə köçənə qədər 2 yataq otağının qapısının otağa pəncərənin qoyulmasını, Qaz,su, işıq sayğaclarının quraşdırılmasını öz öhdəsinə götürmüşdür. İddiaçı evə köçəndən sonra cavabdeh verdiyi sözü və öhdəliyi yerinə yetirməmişdir. İddiaçı məcbur qalıb 2 yataq otağının qapısına hər biri 170 manat olmaqla 340 manat, otağa pəncərənin açılması üçün pəncərəyə 190 manat pul ödəmişdir. Sayğaclara görə ödədiyi 550 manatın, qonşuluqda olan evin iddiaçıya satılması üçün verdiyi 1500 (min beş yüz) manatın, qapı və pəncərəyə ödədiyi 530 manatın geri qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsədə heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaçıya 2580 manat pulu qaytarmağa söz versədə bu günə qədər qaytarmamışdır. Ona görədə iddiaçı 102 xidmətinə müraciət etdi. Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin 074-7314A nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə bu kimi xüsusatlar öz həllini mülki qaydada məhkəmədə tapmalı olduğu bildirilmişdir. Aparılan araşdırma materiallarının surətini iddiaçıya verməkdən imtina etdilər. Ona görədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Buna görədə cavabdehdən yataq otağının qapısına hər biri 170 manat olmaqla 340 manat, otağa pəncərənin açılması üçün 190 manat, cəmi 530 manatın sayğaclara görə ödədiyi 550 manatın, qonşuluqda evin iddiaçı satılması üçün verdiyi 1500 manatın, cəmi 2580 manatın geri qaytarılması üçün məhkəmə qərarı əsasında cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Eləcədə, Cavabdeh 2021-ci il iyun ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və ondan faydalanmış. Ondan 2580 manat məbləğində pulun əlavə olaraq qanunsuz olaraq pullarını özündə saxlayıb faydalandığına görə 2021-ci il iyun ayından başlayaraq 12 ay üçün əldən çıxmış fayda (qazanc) kimi faizlərini də tələb etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, bildrimişdir ki, İddiaçı X1 xx.xx.2022-ci il tarixli iddia ərizəsinə dair verdiyi etirazı tamamilə müdafiə edir. Belə ki, iddiaçının sayğaclarla bağlı dediyi mülahizələr heç bir dəlilə və sübuta əsaslanmadığı üçün rədd edilməlidir. Məhkəməyə təqdim etdiyi sübutlara əsasən fərdi yaşayış evlərinə malik olan vətəndaşlardan sayğaclara (işıq, su, qaz) görə ödəniş tələb olunmur. Lakin qaz və işıq sayğaclarının şəbəkəyə qoşulmasına görə müəyyən haqq tələb olunur. Belə ki, Nazirlər Kabineti əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib. Həmin qərarda əhali abonentlərinin şəbəkəyə qoşulma haqqının vahid məbləği müəyyən edilib. Bundan başqa, bunu bir daha araşdırmaq üçün təxminən 3 həftə öncə Nizami rayonunda Qara Qarayev metro stansiyası yaxınlıqdakı ASAN Kommunal mərkəzində olarkən bildirdilər ki, su sayğacından başqa, işıq və qaz sayğaclarının şəbəkəyə qoşulmasına görə ödəniş tələb olunur. Yəni işıq sayğaclarının şəbəkəyə qoşulmasına görə 167 manat pul ödəmək tələb edilir. Qaz sayğaclarına gəldikdə isə dedilər ki, birbaşa Azəriqazla əlaqə saxlayın. Onlarla əlaqə saxlanılan bildirilimişdir qaz sayğacının qoşulmasına görə 282 manat pul ödəmək tələb olunur. Demək, yalnız işıq və qaz sayğacına görə cəmi 449 manat pul ödəmək tələb edilir. Nəzərə almaq lazımdır ki, cari ildə qaz sayğacının qoşulması qiyməti təxminən 20 AZN artırılmışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, guya "sayğacların qoyulmasına görə ona 550 AZN" vermişdir. Bu qiyməti iddiaçı nə əsasda formalaşdırmışdır? Tamamilə absurd fikirdir. İddiaçı belə bir yanlış fikir yazarkən unutmuşdur ki, ona öz şəxsiyyət vəsiqəsini və adına etibarnamə vermədən ASAN Kommunal Mərkəzində onun adından çıxış edə bilməzdi və hətta istəsəydi belə sayğacları onun evində, onun adına şəbəkəyə qoşulmağa kömək edə bilməzdi. Etibarnaməsiz qanun buna icazə vermir. Yəni əgər cavabdeh 550 AZN iddiaçıdan alsaydı, o zaman iddiaçıdan etibarnamə alması şərtdir. Ən azından iddiaçı özü deyə bilərdi ki, etibarnamə verim. Demək, iddiaçının 550 AZN ona verməsi fikri yanlışdır və həqiqətə uyğun deyildir. İddiaçı deyir ki, 2-ci evə görə guya 1500 AZN verib. Bu tamamilə yanlış fikirdir və heç bir sübuta əsaslanmır. Bu barədə iddiaçı 1-ci evə görə mənə heç bir ödəniş etməmiş mən 1-ci evi artıq onun tanışının adına sənədləşdirmişdir. İddiaçının pulu olmadığına görə 1-ci evin pulunu mənə 10 ay ərzində hissə-hissə ödəmişdir. Belə olduqda 2-ci evə görə ona qabaqcadan necə ödəniş edə bilərdi. Bu mümkün deyildi. İddiaçı tamamilə səhv fikirlər irəli sürüb. Buna görə də iddia tələbi rədd edilməlidir. Bundan başqa, iddiaçı 2-ci evə görə cavabdehə hissə-hissə pul ödəmək təklif etmiş, o isə razılaşmamış və razılaşma pozulmuşdur. Yəni qabaqcadan heç bir ödənişdən söhbət gedə bilməzdi. Əksinə iddiaçı 2-ci evə görə məni düz iki il gözlətdiyinə görə dəymiş maddi ziyana görə pul ödəməlidir. 2-ci evi almağa söz verən iddiaçı bilərəkdən 1-ci evinə qaz, su və işıq sayğacı qoymadı və cavabdehin sayğaclarından istifadə etmiş və bu gün də edir. Bununla o cavabdehi inandırmağa çalışırdı ki, 2-ci evi də alacaq. Axırda onun yalanlarından bezərək, cavabdeh cari il iyun ayından ikinci evi 230 manata kirayəyə vermişdir. Bu yaxınlarda isə iddiaçı 1-ci evə işıq sayğacı qoymuşdur. İddiaçının dediyi qapı-pəncərə məsələsinə gəldikdə bir daha təkrar edirəm ki, 2-ci evi iddiaçıya ucuz qiymətə təklif etmişdim (22000 azn). Buna görə də 1-ci evə qapı və fortoçka qoymaq üçün öz üzərimə öhdəlik götürə bilməzdim. Əks halda 2-ci evin də qiymətini 24.000 AZN təklif edərdim. Necə ola bilər ki, cavabdeh 2-ci evi həm ucuz qiymətə satısın, həm də 1-ci evə 1 qapı və 1 fortoçka öz pulu ilə qoysun. Bu baxımdan iddiaçının qapı-pəncərə barədə dediyi fikirlər yanlışdır və iddia tələbi rədd edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 074-7314A nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-12-ci PŞ daxil olmuş müraciəti üzrə qeyd olunan xüsusatlar mülki mübahisə predmeti olduğundan bu kimi xüsusatların öz həllini mülki qaydada məhkəmədə baxılması bildirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən cavabdehdə xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh yataq otağının qapısına hər birinin dəyəri 170 (yüz yetmiş) manat olmaqla 340 (üç yüz qırx) manat, otağa pəncərənin açılması üçün 190 (yüz doxsan) manat, 530 (beş yüz otuz) manatın sayğaclara görə ödədiyi 550 (beş yüz əlli) manatın, qonşuluqdakı evin satılması üçün verilmiş 1500 (min beş yüz) manat olmaqla cəmi 2580 manat pulun 10 gün müddətində ödənilməsi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında mənzil alqı-satqısı münasibətləri olmuşdur. İddiaçı bu münasibət zamanı cavabdehə ümumilikdə bəzi işlərin görülməsi üçün 2580 manat pul verməsini bildirmişdir. Lakin cavabdeh tərəfindən həmin işlər görülmədiyindən həmin pulun geri alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən həmin pul ödənilmədiyindən məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən iddia edilən pulun ona verilmədiyini və bu səbəbdəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında mülki münasibətlərin tənzimlənməsi qaydası olaraq onlar arasında bağlanmış əqdlər əsasında təşkil edilməsini müəyyən etmişdir. İddiaçı tələbinin hüquqi əsası olaraq cavabdehə tələb üzrə müvafiq işlərin görülməsi müqabilində ona 2580 manat pul verməsini iddia etmişdir. İddia tələbinin hüquqi qiymətləndirilməsi zamanı məhkəmə ilk növbədə tərəflər arasında tələb üzrə göstərilən borc məbləğinin müqabilində cavabdeh tərəfindən iddia edildiyi kimi öhdəliyin hansı qaydada götürülməsi araşdırmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında iddia tələbi üzrə aparılmış müvafiq əsaslandırmada göstərilən xidmətlərin və ya işlərin görülməsi üçün hər-hansı razılaşma mövcud olmamışdır. Eyni zamanda iddiaçı belə bir razılaşmanın şifahi qaydada olduğunu yəni cavabdeh müvafiq işləri görəcəyi vədini verməsi ilə əsaslandırsada, iş üzrə keçirilmiş məhkəmə iclaslarında cavabdeh belə bir razılaşmanın olmadığını və iddiaçıdan yalnız ona satdığı evinin dəyərini hissə-hissə aldığını bildirmişdir. Qeyd olunan hala münasibətdə iddiaçı tələb üzrə göstərilən məbləğləri cavabdehə verməsinin tərəflər arasında müvafiq işlərin görülməsi barədə şifahi razılaşma olmasının təsdiqi kimi göstərsə də, həmin məbləğin cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan hallara dair hər-hansı hal müəyyən edilməmişdir. Halbuki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan maddi hüquq normalarının imperativ şərtlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə müvafiq əsaslandırma aparılması ilə yanaşı həmçinin həmin əsaslandırmada göstərilən halların təsdiq edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda hazırda məhkəmə iddia tələbi üzrə qeyd olunan pulun cavabdehə verilməsinin, habelə cavabdeh tərəfindən ümumiyyətlə iddiaçı qarşısında müvafiq işlərin görülməsi ilə bağlı hər-hansı öhdəliyin götürülməsi məyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh yataq otağının qapısına hər birinin dəyəri 170 (yüz yetmiş) manat olmaqla 340 (üç yüz qırx) manat, otağa pəncərənin açılması üçün 190 (yüz doxsan) manat, 530 (beş yüz otuz) manatın sayğaclara görə ödədiyi 550 (beş yüz əlli) manatın, qonşuluqdakı evin satılması üçün verilmiş 1500 (min beş yüz) manat, əldən çıxmış fayda kimi 155 (yüz əlli beş) manat olmaqla cəmi 2735 (iki min yeddi yüz otuz beş) manat və ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar