Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2705/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş 47.440 manat maddi ziyan, 233 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2. 178.2.3. 178.2.4, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmuş şəxs Cavabdeh cinayətkar hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 1-1(093)-162/2021 №li hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmün FABULASİ: Cavabdeh məhkum olunub ondan ötrü ki, həqiqi hərbi xidmətdə olarkən təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Belə ki, Cavabdeh Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən “Sərhədçi” X8 rəisinin müavini inzibati idarəetmə bölməsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 2019-cu ilin təxminən iyul ayının sonlarında aralarında dostluq münasibətlərinin olduğu X4 vasitəsilə xidməti otağında İddiaçıla tanış olduqdan sonra sonuncunun ona işsiz olduğunu və iş axtardığını bildirmişdir. Bunu bildikdən sonra Cavabdeh tamah niyyəti ilə yaranmış vəziyyətdən istifadə edərək qanunsuz və əvəzsiz olaraq özgə əmlakını etibardan sui-istifadə etmə, aldatma yolu ilə ələ keçirmək qərarında gəlmişdir. Bu məqsədlə Cavabdeh özünün yüksək vəzifəli şəxslərlə yaxın münasibətdə olduğunu İddiaçı inandırmış və 100.000 (yüz min) manat məbləğində ona pul verməklə İddiaçıla biznes qura biləcəklərini deyərək (Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən lazımsız dəmirləri alıb baha qiymətə satmaqla) onu aldatmış və inandırmışdır. Bundan sonra Cavabdeh 11 avqust 2019-cu il tarixdə Bakı şəhərində xidmət otağında İddiaçı əvvəlcə 29.000 (iyirmi doqquz min) ABŞ dolları və 700 (yeddi yüz) manat, yəni cəmi 50.000 (əlli min) manat, 25 sentyabr 2019-cu il tarixdə isə yenə xidməti otağında 50.000 (əlli min) manat olmaqla ümumilikdə vahid niyyətlə 100.000 (yüz min) manat məbləğində pulu ələ keçirərək İddiaçı külli miqdarda ziyan vuraraq özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Cavabdeh halhazırda Penitensiar Xidmətin Xəzər rayonunda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Bu baxımdan ilk dəfə 15 mart 2022-ci il tarixdə iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, buna baxmayaraq, Xəzər Rayon Məhkəməsinin Hakimi Ramilə Xəzri AR Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsini rəhbər tutaraq 30 mart 2022-ci il tarixli, 2(003)-1541/2022 №-İi qərardad qəbul edərək işi materialları ilə birgə geri qaytarmışdır. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlanmış sorğuya cavab məktubunda Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, 100.000 (yüz min) manat borcun müəyyən hissəsini ödədikdən sonra hələ də 41.000 (qırx bir min) manatı ödənməmiş olaraq qalmışdır. Maddi ziyan olaraq: 47.440 (6440 manat faizi ilə) manat təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin digər iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirakını təmin edilməsi və ya iddia ərizəsinə cavabdehin münasibətinin yazılı surətdə məhkəməyə təqdim edilməsi barədə məktub məhkəmə tərəfindən cavabdehin hazırda cəza çəkdiyi, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməklə göndərilməsinə baxmayaraq, cavabdeh iddiaya dair münasibət bildirirməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Hərbi Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 1-1(093)-162/2021 saylı hökmün surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzanı Bakı Hərbi Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcı 12 noyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir; Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə İddiaçı yalandan tikinti-təmir işlərini bilən hər hansı bir şəxslə birlikdə işləmək istədiyini, belə bir tanışı olarsa onunla əlaqə saxlamasını deyib, 2019-cu ilin təxminən sentyabr ayında İddiaçı bu məqsədlə onunla tanış etdiyi X2 ilə “Sərhədçi” X3 xidməti otağında görüşüb söhbət edən zaman tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni Ağalar Süleymanovun pulunu aldadıb ələ keçirmək qərarına gələrək, 20.000 manat məbləğində pul verməklə şərikli biznes qura biləcəklərini, yəni həyət evlərinin tikintisi və təmiri ilə məşğul olacaqlarını, bununla da daha çox pul qazanacaqlarını deyib onu aldatmış və özünə inandırmışdır. Bundan sonra Cavabdeh gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 2019-cu ilin təxminən sentyabr ayının sonlarında Bakı şəhərində “Sərhədçi” X3 xidməti otağında A.Süleymanovdan əvvəlcə 10.000 manat, 2019-cu ilin təxminən oktyabr ayının əvvəllərində isə yenə də xidməti otağında 10.000 manat olmaqla ümumilikdə vahid niyyətlə 20.000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir xx.xx.2022-ci il tarixli qəbzə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 233 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Hərbi Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 1-1(093)-162/2021 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı əmlakını (1000 manat məbləğində pulunu) aldatma yolu ilə ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmiş və X9 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən aldatma yolu ilə ələ keçirdiyi ona məxsus 100.000 (yüz min) manat borcun müəyyən hissəsini ödədikdən sonra hələ də 41.000 (qırx bir min) manat, faizlə birlikdə 47.440 (6440 manat faizi ilə) məbləğində pul vəsaitinin qaytarmadığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 233 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli, Cavabdeh 41.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “6440 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iddiaçının “faiz borcu” tələbi üzrə qeyd edir ki, birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında olan razılaşmada və ya cavabdehin notariat ərizəsində iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır, faizlərin tutulması hissəsi əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 41.000 manat məbləğində pul vəsaiti, ödənilmiş 233 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 41.000 (qırx bir min) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Ödənilmiş 233 (iki yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2705/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2705/2022
13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver