Məhkəmə qərarları › İş №2(005)-2712/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2712/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2712/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 sentyabr 2019 il tarixli kredit müqaviləsi üzrə banka 7810.26 manat əsas borc, 1111.77 manat faiz borcu, 848.65 manat cərimə və kredit müqaviləsi üzrə 02 mart 2021 il tarixdən, 13 aprel 2021 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 44.75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9815.43 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını və "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 02 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl'’ İKB ASC-dən illik 30 faizlə 12 ay müddətinə 15000 manat kredit götürmüşdür. 18.09.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 02.03.2021 tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 02 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 aprel 2021-dək Cavabdeh1 banka 02 sentyabr 2019 il tarixli kredit müqaviləsi üzrə 7810.26 manat əsas borc, 1111.77 manat faiz borcu . 84X65 manat cərimə və kredit müqaviləsi üzrə 02 mart 2021 il tarixdən, 13 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 44.75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 9815.43 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 02 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsinə əsasən borcluya 15.000 manat məbləğində 12 ay müddətinə, 30 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC-nin 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh1 02.10.2019-02.09.2020-ci il tarixləri üçün ümumilikdə 17031,25 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 02.09.2019-cu il tarixli, 23-MZ-1-0-1638-19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşıyır. İş materiallarında olan 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsinə əlavə saziş 1-dən görünür ki, Cavabdeh1 ilə bank 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsinə bu dəyişiklikləri etmişlər ; Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 (iyirmi beş ) % təşkil edir, müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (üç) ay təşkil edir, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir, müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş İllik faiz dərəcəsi 72(yetmiş iki) % təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh1 02.05.2020-02.12.2020-ci il tarixlər ərzində ümumilikdə 8333,99 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 13.04.2021-ci il il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 7810,26 manat əsas, 1111,77 manat faiz borcu, 848,65 manat dəbbə pulu borcu və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 44,75 manat borc, ümumilikdə 10564,85 manat məbləğində borcu var; İş materiallarında olan İddiaçı ASC-nin 27.07.2021-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 6727,42 manat əsas, 1656,17 manat faiz borcu, 1872,46 manat dəbbə pulu borcu və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 154,4 manat borc, ümumilikdə 9815,43 manat məbləğində borcu var; Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 15.000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 6727,6 manat əsas borc (27.07.2021-ci il tarixli, maliyyə arayışı nəzərə alınmaqla), 1111,77 manat faiz borcu (iddia tələb olunan həcmdə) İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 848,65 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, 02.09.2019-cu il tarixli müqaviləsi üzrə hesablanmış 848,65 manat məbləğində cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 50 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 02.03.2021-ci il tarixdən iddia üzrə tələb edilən tarixədək kimi, illik 5 faiz dərəcəsi ilə hesablanmış 44,75 manat məbləğində faiz borcu tutulmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02 sentyabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6727,42 manat əsas borc, 1111,77 manat faiz, 50 manat cərimə və illik 5 faiz dərəcəsi ilə hesablanmış 44,75 manat məbləğində faiz borc olmaqla, ümumilikdə cəmi 7933,94 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 02.09.2019-cu il tarixli 23-MZ-1-0-1638-19 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6727,42 (altı min yeddi yüz iyuirmi yeddi manat qırx iki qəpik) manat əsas borc, 1111,77 (bir min yüz on bir manat yetmiş yeddi qəpik) manat faiz, 50 (əlli) manat cərimə və illik 5 faiz dərəcəsi ilə hesablanmış 44,75 (qırx dörd manat yetmiş qəpik) manat məbləğində faiz borc olmaqla, ümumilikdə cəmi 7933,94 manat ( yeddi min doqquz yüz otuz üç manat doxsan dörd) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar