Məhkəmə qərarları › İş №2(005)-2718/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2718/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2718/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin tam təmin edilməsi, İddiaçı ilə "Cavabdeh" ASC arasında 26 aprel 2014-cü il tarixdə bağlanmış kredit müqavilsinə xitam verilməsi; İddiaçı əsassız tutulmuş 2000 manat məbləğində pulun “Cavabdeh" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “Cavabdeh" ASC arasında 26 aprel 2014-cü il tarixdə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Müqaviləyə əsasən İddiaçı tərəfindən 2015-ci il tarixədək kreditin ödənilməsi fasiləsiz olaraq icra edilmişdir. 2015-ci il tarixdə manatın dollara nisbəti aşağı düşdüyündən (infilyasiya baş verdiyindən) bu ödənişlərin iddiaçının əmək haqqısına əhəmiyyətli dərəcədə təsir etdiyindən ödənişlərin aparılması dayandırılmışdır. İddiaçı tərəfindən pulun ödənilməsi icra edilmişdir. İnfilyasiyanın kredit öhdəliklərinə restruktizasıyası tətbiq ediləndə bununla bağlı iddiaçıya bank tərəfindən məlumat verilməmişdir. İllər sonra bank heç bir xəbərdarlıq etmədən, məhkəmə qətnaməsi olmadan icra məmuru ilə əlbir olaraq əsassız və şişirdilmiş pul kütləsini iddiaçının əmək haqqısına yönəldilməsi barədə qərara gəlmişlər. Buna əsas verən amillərdən biri bəzi bankların icra işlərində icra məmurları ilə icra işinin həcminə uyğun olaraq qanunsuz 5-15% pulun alınması barədə qeyri-rəsmi rüsumlardır. Digər hal isə bankın iddiaçı ilə aralarındakı bağlanmış müqaviləsidir. Belə ki, müqavilənin 11.11-ci maddəsinin predmeti və təsviri hissəsindən nəzər yetirdikdə tərəflər arasındakı yaranan mübahisələrin məhkəmə qətnaməsi əsasında həll olunması qeyd edilib. Əgər hər hansı bir qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyilsə icra məmuru hansı əsasla iddiaçının əmək haqqısından 50% tutulmalar edilməsi barədə DİN-nın Maliyyə Plan İdarəsinə məktub yollaya bilər?! Belə ki, icra məmuru tərəfindən yönəldilmə əsassızdır. Belə ki, iddiaçının alimentin tutulması ilə bağlı əmək haqqısından 50 % tutulma icra olunur. Qeyd edirik ki, bankla tərəflər arasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli 156 saylı “borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı" barədə qərara əsasən notariat qaydasında təstiq edilmiş əqd belə mövcud deyil. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamsı olmadan Binəqədi İcra şöbəsinin icra məmuru qanunsuz olaraq iddiaçı barəsində icra işi başlamış və əsassız olaraq iddiaçının əmək haqqısından tutulma barədə Azərbaycan Respublikası DİN-nin Maliyyə Plan İdarəsinə məktub göndərmişlər. Hələ bu qanunsuzluqla bağlı iddiaçı 08 10.2020-ci il tarixdə şikayət ərizəsi qeyd etməklə aidiyyəti qurumlara yollamışdır. Lakin şikayətlə bağlı hər hansı bır tədbir görülməmiş, hətta iddiaçının şikayətində qeyd etdiyi xüsusatara belə cavab verilməmişlər. Bildirmək istəyirik ki, iddiaçı tərəfindən fasiləsiz olaraq ödənilmiş aylıq kredit ödənişi və 2015-ci il tarixdə təyin olunmuş rekturizasiya ilə bağlı dolların manata nisbəti hesablanması və iddiaçıya məlumatın verilməməsi iddiaçının 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliyini icra etməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə İddiaçı arasında bağlanmış 16.10.2014-cü il tarixli, CC/25890/45/10 saylı kredit sazişindən görünür ki, Bank illik 28% dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 5500 ABŞ dolları məbləğində kredit vermişdir. 04.11.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrinə pretenziya qaydasında müraciət edilmişdir. Mülki işin materiallarında olan 06.04.2021-ci il tarixli qəzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar, şərtlərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur; 422.2-ci maddəsinə əsasən 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda müqavilə dəyişdirilə bilər; 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox oİan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir; 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə İddiaçı arasında bağlanmış 16.10.2014-cü il tarixli, CC/25890/45/10 saylı kredit sazişinə əsasən, Bank illik 28% dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 5500 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı banak tərəfindən hüquqlarının poulduğunu iddia edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarının araşdırılarkən məhkəmə tərəflər arasında müqavilənin bağlanması zamanı qanunvericiliyin normalarının pozulmasına dair hər hansı bir hal aşkar etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə İddiaçı əsas tələbinin yəni, kredit müqavilənin ləğv edilməsi tələbinin təmin olunmadığını nəzərə alıb hesab edir ki, iddiaçı şəxsin törəmə tələbi olan müqavilə üzrə əsassız hesablanmış 2000 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulub ona ödənilməsi tələbi də rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar