Məhkəmə qərarları › İş №2(005)-273/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-273/2024

25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-273/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “yarımstansiyanın yaşayış binasının daxilindən çıxarılması, bu mümkün olmadıqda digər yaşayış sahəsi ilə əvəzlənməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı, "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, “yarımstansiyanın yaşayış binasının daxilindən çıxarılması, bu mümkün olmadıqda digər yaşayış sahəsi ilə əvəzlənməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə üzrə ona verilmiş ünvan 1 ünvanının alt mərtəbəsində cavabdeh "ArchiCo” MMC tərəfindən yerləşdirilmiş elektrik transformator məntəqəsinin yaşayış binasının daxilindən çıxarılması, mümkün olmadığı halda iddiaçıya oxşar şəraitdə və ölçüdə mənzilin əvəzlənməsi öhdəliyinin cavabdeh "ArchiCo” MMC-nin üzərinə qoyulması, həmçinin cavabdeh "ArchiCo” MMC tərəfindən iddiaçıya dəymiş ziyanın əvəzi olan 7500 pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Archico MMC arasında bağlanmış 09 mart 2018-ci il tarixli müqavilə əsasında cavabdeh təşkilat tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 56 ünvanda yerləşən, 1 mərtəbəli yaşayış evinin söküntüsü eləcə də, həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirməklə mülkiyyətçinin söküntüsü nəzərdə tutulan mənzil mülkiyyətində 140,7 kv.m-dən ibarət, 4 otaqlı mənzilin Dövlət Reyesterdən çıxarışda göstərilmiş ümumi sahəsində 45% əlavə etməklə tikiləcək binanın 132 blokunda ümumi tikinti sahəsi 120, 37 kv metrdən ibarət 2 mərtəbə 3 otaqlı təmirli 93 nömrəli mənzili mülkiyyətçinin sərəncamına verməsi öhdəsinə götürür, həmin müqavilədə 500 manat məbləğində mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə 500 manat vəsait ödənilməsi müəyyən edilmişdir. Lakin sonradan iş üzrə digər şəxslər olan Sara Abbasova, Fəridə Rəhimova və Archico MMC-nin iddia tələbi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1695/2020 saylı qətnaməsi ilə Archico MMC ilə bağlanmış 09 mart 2018-ci il tarixli müqavilə etibarasız hesab edilmişdir. Bundan sonra iddiaçı ilə 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə bağlanmış və ona həmin müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov 56 ünvanda yerləşən mülkiyyətçinin istifadəsində olmuş ümumi tikinti sahəsi 140,74 təşkil edən fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında "şirkət" Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10 (b2 bina) 2-ci mərtəbədə inşa edilən ümumi tikinti sahəsi 83,84 m2 təşkil edən təmirli, 2 otaqlı, 88 nömrəli mənzili mülkiyyətinə veriməsi barədə razılaşmışlar. Qeyd edilən mənzilin 2021-ci ilin sentyabr ayında təhvil verilməsi nəzərdə tutulsa da həmin mənzillər yalnız 2022-ci ilin may ayında hazır olmuş və iddiaçıya təklif edilmişdir. Həmin tarixdə şirkətə məxsus mobil telefondan iddiaçının ünvanına mənzilin 2022-ci ilin may ayından təhvil ala biləcəyi barədə sms bildiriş göndərilmişdir. İddiaçı tərəfindən qeyd edilən dövrdə mənzilə baxış keçirərkən məlum olmuşdur ki, həmin mənzilin altında şirkət tərəfindən müvafiq qanunverciliyin tələbini pozulmaqla yarımstansiya yerləşdirilmiş, həmin transformator birbaşa olaraq iddiaçının mənzilin altında olmaqla güclü səs küy yaratmış və iddiaçının həmin mənzildə yaşamağını imkansız etmişdir. Bu səbəbdən həmin transformatorun götürülməsi barədə şirkətə müvafiq olaraq dəfələrlə şifahi formada haqlı narazlıq bildirilmiş, şirkət həmin transformatorun izoliyasiya ediləcəyini və həmin problemin tezliklə aradan qaldırılacağını qeyd etsə də, ötən müddətdən hazırkı tarixə kimi qeyd edilən vəziyyət aradan qaldırılmamışdır. Nəticədə iddiaçı tərəfindən qeyd edilən müddətdən 2023-cü ilin mart ayına kimi o, kirayələrdə qalmağa məcbur olmuş, nəhayət şirkətə bu barədə rəsmi bildiriş və məkub ünvanlanmağına baxmayaraq heç bir əməli tədbir görülməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ötən müddət ərzində qeyd edilən səbəblərdən evə köçə bilmədiyindən kirayələrdə qalmaq məcburiyyətində qalmış, daha sonra müvafiq maddi imkanı əl vermədiyindən və şirkət tərəfindən ona hər hansı yardım ediləmədiyindən məcburiyyət qarşısında qalıb 2023-cü ilin mart ayında həmin evə köçmüş, lakin hazırda həmin evdə qeyd edilən transformator səsi ona yaşamaqa imkan vermir. Hesab edir ki, həmin transformatorun orada quraşdırılması iddiaçının hüquqlarının pozulmasına səbəb olur və cavabdeh şirkət tərəfindən müqavilə öhdəliklərinin tam icra edilməməsi və qüsurlu icra edilməsi ilə nəticələnmişdir. Hazırda həmin Transformatorlar qanunverciliyin tələbini pozmaqla iddiaçıya müvafiq olaraq məhrum edilmiş mülkiyyət hüququ əvəzində şirkət tərəfindən təqdim edilmiş ünvan 3 ünvanında yaşamaq hüququnu məhdudlaşdırılmaqla təxminən 2022-ci ilin mayından 2023-cü ilin mart ayına kimi yaşamaq hüququndan məhrum etmiş, habelə hazırkı tarixdə də yaşamaq hüququnu məhdudlaşdırır. Buna görə də, iddiaçı tərəfindən ya transformatorun götürülməsi və ya müvafiq olaraq onun oxşar başqa mənzillə təmin edilməsi barədə müraciətlərini cavabsız qoymuşdur. Qeyd edilən şirkət tərəfindən həmçinin iddiaçının həmin transformatorun qoyulması səbəbindən orada yaşaya bilmədiyi müddəti üçün, habelə 2021-ci ilin sentyabr ayında təhvil verilməli olan mənzilin verilməməsinə görə, ötən müddət ərzində qaldığı kirayəyə görə iddiaçıya vurduğu dəymiş ziyanı ödəməmiş, hazırda da ödəməkdən yayınmışdır. Hazırda şirkət tərəfindən iddaçıya müvafiq olaraq müəyyən zərər pulun ödənilməsi təklif edilsə də, həmin məbləğ əvəzində iddiaçıdan tamamı ilə qanunsuz tələblər irəli sürülərək, bütün iddialarından imtina edilməsi təklif edilmişdir. Şirkət tərəfindən isə iddiaçıya yazılmış cavab məktubunda bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqı ödənilməsi nəzərdə tutulmamış, habelə, bunla bağlı iddiası Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. İddiaçı tərəfindən mübahisəli mənzili söküldüyü yəni mülkiyyət hüququndan məhrum olunduğu müddət üçün müvafiq mənzillərin iddiaçıya verilməli olduğu dövr 09 mart 2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinə qədər olan dövrdür və həmin dövrdə iddiaçı ilə cavabdeh arasında bununla bağlı iki müqavilə imzalanmışdır. Birinci müqavilə 09 mart 2018-ci il tarixli olmaqla, həmin müqavilə üzrə cavabdeh şirkət tərəfindən iki il üçün ümümilikdə iki mənzilə görə 1000 manat yəni hər mənzil üçün o cümlədən həmin mənzillərdən biri olan hazırkı mənzilin təhvil verilməsinə görə 500 manat ödənilməsi nəzərdə tutulmuş və şirkət tərəfindən ilkin olaraq iki il üçün İddiaçı 24 000 manat pul ödənilmişdir. Bundan sonra "xxxx" MMC-in və qeyrilərinin iddiası əsasında 09 mart 2018-ci il tarixli müqavilə etibarsız sayılarkən, qanununu qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixlii, 2(103)-1695/2020 saylı qətnaməsi həmçinin ArchiCo MMC-in İddiaçı kirayə haqqı kimi ödənilmiş pulun geri tələb edilməsinə dair iddiasını rədd etmiş. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evini sökməklə sonuncunu kirayədə yaşamaq və kirayə haqqı kimi ödəmək məcburiyyətində qoyduğundan həmin pulun geri tələb edilməsi əsassızdır. Bu baxımdan mübahisəli mənzilin İddiaçı təklif edildiyi vaxt 2022-ci ilin may ayı olsa da, lakin cavabdehin təqsiri ucbatından iddiaçı qeyd edilən mənzilə 2023-cü ilin mart ayında köçdüyündən həmin dövr üzrə də, cavabdeh təşkilat tərəfindən iddiaçıya dəymiş ziyan kimi müvafiq kompensasiya ödəməlidir. Cavabdeh təşkilat tərəfindən iddiaçıya kirayə pulu ödəməli olduğu dövr 2020-ci ilin mart ayından 2022-ci ilin may ayınadək olan dövrü və 2022-ci ilin may ayından 2023-cü ilin mart ayınadək olan dövrə əhatə edir. (21-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları qanunu qüvvəsini almış qətnamə olduğu üçün həmin dövr nəzərə alınmadan). Həmin dövr üçün isə cavabdeh təşkilat iddiaçı ilə bağladığı müqavilə üzrə bir qism ödəniş etmişdir. 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayı üzrə ödəməli olduğu kirayə haqqını 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə üzrə ödəmişdir. Həmin yeni müqavilə bağlanarkən aparılmış danışıq zamanı şirkət tərəfindən mübahisəli evin sentyabr ayında təhvil veriləcəyini bildirildiyindən kirayə pulu nəzərdə tutulmamışdır. Habelə kompensasiya kimi göstərilən 8500 manat ödəniş isə məhz əvvəlki müqavilə bağlanan dövrədək yəni 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan dövr üçün şirkət tərəfindən ödənilməli olan kirayə pulu hesablanaraq daxil edilmişdir. Yəni hazırkı müqavilədə nəzərdə tutulmuş kompensasiya kimi göstərilmiş 8500 manat məbləğində pul yeni müqavilə üzrə kirayə pulu əvəzinə ödənilən pul məbləği olmamışdır. Belə bir halda həmin dövrdən sonra yəni, yeni müqavilə bağlanan dövrdən hər hansı bir ödəniş nəzərdə tutulmamışdır. Qeyd edilən mənzilin hansı tarixdə təhvil verilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmayaraq, nəticə etibarı ilə iddiaçının hüquqları pozulmuşdur.Cavabdeh şirkət tərəfindən müqavilə öhdəliklərinə vaxtında icra edilmədiyi və qüsürlu icra edildiyini 2022-ci ilin yanvar ayı da daxil olmaqla -2023-cü ilin mart ayınadək olan dövr üçün əvvəlki formada yəni 500 manat olmaqla iddiaçıya dəymiş ziyanın əvəzi kompensasiya şəkilində ödənilməlidir. Çünki, məhz qanunu qüvvəsini almış məhkəmə qətnaməsində də qeyd edildiyi kimi cavabdeh təşkilat İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evini sökməklə sonuncunu kirayədə yaşamaq və kirayə haqqı kimi ödəmək məcburiyyətində qoyuduğundan iddiaçıya yuxarıda qeyd edilmiş dövr üzrə yəni 2022-ci ilin yanvar ayı da daxil olmaqla-2023-cü ilin mart ayınadək olan vurduğu ziyanın əvəzini 7500 manat olan pulu ödəməlidir. Cavabdeh təşkilatın aqrumenti ondan ibarətdir ki, məhz müqavilədə kirayə pulunun ödənilməsi nəzərdə tutulmamış, habelə bunla bağlı müvafiq məhkəmə qərarı mövcuddur. Müqavilədə kirayə haqqının ödənilməməsinin nəzərdə tutulması müddəası cavabdeh təşkilatın iddaçı İddiaçı məhrum etdiyi mülkiyyət hüququ üzrə müvafiq mənzilə təmin edəcəyi dövrə kimi ona vurduğu zərərin əvəzini ödəmək məsuliyyətindən azad etmir və həmin dövr üzrə iddiaçının düşdüyü ziyanın əvəzini ona ödəməlidir. Yəni İddiaçı məhrum olunmuş evinə görə kirayədə qaldığı dövr üçün ödədiyi məbləğin əvəzi cavabdeh təşkilat tərəfindən qarşılanmalıdır ki, həmin öhdəlik qismən icra edilmişdir.(bu fakt özü də qanunu qüvvəsini almış məhkəmə qərarında bir daha təsdiqini tapmışdır). Müqavilədə kirayə haqqının ödənilməməsi nəzərdə tutulmamışdırsa, həmçinin mənzilin cavabdeh təşkilat tərəfindən hazırlanıb təhvil verilmə vaxtı da nəzərdə tutulmamış, mahiyyət etibari ilə cavabdehin məntiqi ilə nəzər yetirsək onda cavabdeh şirkət mənzili təhvil vermə kimi öhdəliyi də yoxdur və bu da olduqca absurt yanaşma olduğunu təsdiq edir. Digər tərəfdən sözügedən müqavilədə kompensasiya ödənilməsi nəzərdə tutulsa da yuxarıda qeyd edildiyi kimi o haqqını 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə üzrə ödənilmiş yox, məhz 2020-ci ilin aprel ayından 2021-ci ilin avqust ayınadək olan dövrün ödənişi olmuşdur. Cavabdehin öhdəliyi icra etməməsi və qüsurlu icra etməsi nəticəsində iddiaçı yeni mənzilinə köçə bilməmiş, bu halda həmin dövr üçün də cavabdehin öhdəliyi yaranır və bu zaman hüquqdan sui-istifadə edilməsinə yol verilə bilməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, əmlak artıq satıldığından, yarımstansiyanın sökülməsi hissəsində iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Bildirmişdir ki, tərəflər arasında 2018-ci ilin mart ayında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı faktiki sahəsi 202 kv.m olan sahə əvəzində 2 yaşayış sahəsi ilə təmin olunmalı və hər yaşayış sahəsinə görə aylıq 500 manat olmaqla, cəmi 1000 manat vəsait ödənilməli idi. Həmin müqavilə üzrə iddiaçıya 24.000 manat vəsait ödənilmişdir. Sonradan, 3-cü şəxslərin çıxarışlarının mövcud olması səbəbindən 2018-ci il tarixli müqavilə apellyasiya icraatı zamanı etibarsız hesab edilmiş və həmin hissədə şikayət verilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra tərəflər arasında 2021-ci ilin avqust ayında bağlanan ikinci müqavilə əsasında iddiaçıya 17.000 manat ödənilmişdir. Həmin müqaviləyə görə, kirayə haqqının deyil, birdəfəlik kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş və mənzilin konkret hansı tarixdə təhvil verilməli olması göstərilməmişdir. Lakin, 2-ci müqavilə üzrə ödənilən 17.000 manat vəsait kompensasiyanı deyil, həmin dövrə qədər ödənilməmiş kirayə haqqını əhatə edir. Belə ki, hər 2 müqavilə arasındakı dövr 40 ay 12 gün təşkil edir ki, cəmi ödənilən 41.000 manat vəsait də həmin dövr üçün kirayə haqqını əhatə etməkdədir. Həmçinin, 2-ci müqavilə bağlanılan zaman iddiaçıya guya sentyabr ayında mənzilin təhvil veriləcəyi şifahi formada vəd edilmişdir. Halbuki, yalnız 2022-ci ilin may ayında mənzilin iddiaçıya təhvil verilməsi barədə SMS-bildiriş daxil olmuşdur. Hazırki iddia tələbində nəzərdə tutulan məbləğ 2022ci ilin yanvar ayından hesablanmışdır, çünki həmin tarixə qədər olan dövr üçün qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Belə ki, cavabdeh 2022-ci ilin may ayında öhdəliyini icra etdiyindən, iddiaçı həmin tarixə qədər kirayə mənzildə qalmağa məcbur olmuşdur. Eyni zamanda, ekspert rəylərindən görünür ki, 2022-ci ilin may ayından mübahisəli mənzildə yaşamaq iddiaçıdan asılı olmayan səbəblərdən (səs səviyyəsinin normadan yüksək olması) mümkün olmamışdır. İddiaçının səs səviyyəsi ilə bağlı müraciətlərindən sonra, gündüz vaxtı həmin səs minimallaşdırılsa da, gecə vaxtı dəyişilməz olaraq qalmışdır. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hər iki müqavilədən aylıq kirayə haqqının 500 manat məbləğində hesablandığı üçün, hazırda qeyd edilən aylara görə aylıq kirayə haqqını 500 manatdan tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, o, gündüz vaxtı üçün səs minimallaşdırıldıqdan sonra da, həmin mənzildə yaşamadığını, gecə vaxtı mübahisəli mənzilə səs səviyyəsini yoxlamaq üçün getdiyini bildirmişdir. Həmçinin o, ötən müddətdə kirayədə qaldığı mənzilə münasibətdə müqavilə bağlamadığını,ancaq ev sahibinin kart hesabına aylıq 615 manat ödəniş etməsinə dair bank hesabından çıxarışları olduğunu, onun tərəfindən mübahisəli mənzilin 3-4 ay əvvəl artıq satıldığını qeyd etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2016-cı il tarixli 197 saylı sərəncamının, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanılmış 03 fevral 2017-ci il tarixli müqavilənin, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 25 may 2018-ci il tarixli 182 saylı sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli, 344/S/D1 və 345/S/D1 nömrəli müqavilələr bağlanmışdır. Yaşayış kompleksi icazələr əsasında inşa edilərək, istismara qəbul edilmiş, mənzillər sakinlərə təhvil verilmişdir. Eyni zamanda kommunikasiya infrastukturu müvafiq icazələr, texniki şərtlər və təsdiq edilmiş texniki şərtlərə uyğun qurulmuş və istismara qəbul edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı hər hansı ziyan vurulmamışdır. İddiaçı Cavabdeh MMC-yə qarşı «pul və s. tələbinə» iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmiş, eyni zamanda iddiaçının ümumiyyətlə mübahisəli mənzilə subyektiv hüququ olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh MMC-nin və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1695/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh MMC-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilməməsi, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X8, X9, X11 və X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi göstərilməklə ödənilmiş məbləğin geri qaytarılması, əmlakın qeydiyyatının ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 və X6 cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddialarının təmin edilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli bağlanmış 97 saylı və xx.xx.2018-ci il tarixli 98 saylı müqavilələr etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3998/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, cavabdehlər F.Ə.Rəhimov, S.A.Abasova və F.Ə.Rəhimovanın tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1515/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli və 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarış X5 və X10 aid hissələrdə ləğv edilməsi, iddia qalan hissədə təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 673/2022 saylı qətnaməyə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, MMC mübahisəli fərdi yaşayış evinin söküntüsü ilə əlaqədar İddiaçı mülkiyyətində 140.74 kv.m-dən ibarət, 4 otaqlı mənzilin Dövlət Reyestrindən Çıxarışda göstərilmiş ümumi sahəsi 45% əlavə etməklə tikiləcək binanın B2 blokunda ümumi tikinti sahəsi 120.37 kv.m-dən ibarət, 2 mərtəbədə, 3 otaqlı təmirli 93 nömrəli mənzilini İddiaçı sərəncamına verməyi, mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə yeni mənzil təhvil verilənə qədər 500 manat məbləğində vəsait ödəməyi, kirayə haqqı mənzil təhvil veriləndə 24 aylıq bir dəfəyə 12.000 manat, 12 aydan sonra kompensasiya olaraq 10.500 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 344/S/D1 №-li müqaviləyə əsasən, ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8.500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. MMC ilə İddiaçı arasında bağlanmış 345/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8.500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli 3-16-16/2-4/77 №-li ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda səs-küyün səviyyəsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin, xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”na uyğundur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-4/949 №-li ekspert rəyindən görünür ki, 13 avqust 2024-cü il tarixdə saat 22:00-da ünvan 4 ünvanında keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda səs-küyün səviyyəsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin, xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” ilə gecə saatları üçün müəyənləşdirilmiş yol verilən səviyyədən artıq olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC mübahisəli fərdi yaşayış evinin söküntüsü ilə əlaqədar İddiaçı mülkiyyətində 140.74 kv.m-dən ibarət, 4 otaqlı mənzilin Dövlət Reyestrindən Çıxarışda göstərilmiş ümumi sahəsi 45% əlavə etməklə tikiləcək binanın B2 blokunda ümumi tikinti sahəsi 120.37 kv.m-dən ibarət, 2 mərtəbədə, 3 otaqlı təmirli 93 nömrəli mənzilini İddiaçı sərəncamına verməyi, mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə yeni mənzil təhvil verilənə qədər 500 manat məbləğində vəsait ödəməyi, kirayə haqqı mənzil təhvil veriləndə 24 aylıq bir dəfəyə 12.000 manat, 12 aydan sonra kompensasiya olaraq 10.500 manat ödəməyi öhdəsinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1695/2020 nömrəli qətnaməsinə əsasən MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli bağlanmış 97 və 98 nömrəli müqavilələr etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Daha sonra MMC İddiaçı aralarında bağlanmış 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10, mərtəbə 2, 88 saylı mənzilin təhvil verilməsinə dair öhdəlik götürmüşdür. MMC-yə məxsus mobil telefondan iddiaçının ünvanına qeyd olunan mənzilin 2022-ci ilin may ayından təhvil ala biləcəyi barədə sms bildiriş göndərilmişdir. Mənzilə baxış keçirəndə iddiaçıya məlum olmuşdur ki, mübahisəli mənzilin altında yarımstansiya yerləşdirilmişdir. İddiaçı yarımstansiyanın güclü səs küy yaratması səbəbindən mübahisəli mənzilə yalnız 2023-cü ilin mart ayında köçə bilmiş, lakin həmin evdə qeyd edilən transformator səsinin yaratdığı maneələrə görə mənzildə yaşaya bilməmişdir. Qeyd olunan halın araşdırılması üçün məhkəmə tərəfindən audio və videoyazıların məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli 3-16-16/2-4/77 №-li ekspert rəyinə görə mübahisəli mənzildə keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda səs-küyün səviyyəsi müəyyən edilmiş normalara uyğun olduğu nəticəsinə, lakin mərkəzin 05 sentyabr 2024-cü il tarixli 3- 16-16/2-4/949 №-li ekspert rəyinə əsasən isə mübahisəli mənzildə vibrasiya və səs-küyün gecə saatları üçün müəyənləşdirilmiş yol verilən səviyyədən artıq olması nəticəsinə gəlinmişdir. Hazırda iddiaçı məhkəmədə onu mübahisələndirir ki, yuxarıda qeyd olunan vibrasiya və səs-küyün normadan artıq olması nəticəsində iddiaçı 2023-cü ilin mart ayına kimi kirayələrdə qalmağa məcbur olmuş, qeyd edilən mənzilin 2021-ci ilin sentyabr ayında təhvil verilməsi nəzərdə tutulsa da həmin mənzil yalnız 2022-ci ilin may ayında hazır olmuş və iddiaçıya təklif edilmişdir. 2022-ci ilin yanvar ayı da daxil olmaqla - 2023-cü ilin mart ayınadək olan dövr üçün əvvəlki formada yəni 500 manat olmaqla iddiaçıya dəymiş ziyanın əvəzi kompensasiya şəkilində ödənilməlidir. Bundan başqa iddiaçı məhkəmənin sonuncu iclasında mübahisəli mənzili satdığını bildirmiş, bu səbəbdən də hazırda 12 avqust 2021-ci il tarixdə, 344/D1 saylı müqavilə öhdəliklərinin tam icra edilməməsi və qüsurlu icra edilməsi səbəbindən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ev 10, mərtəbə 2, 88 saylı mənzildən istifadəsi qeyrimümkün olduğundan iddia tələbini yalnız dəymiş ziyanın əvəzinin ödənilməsi hissəsində müdafiə etdiyini bildirərək, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC iddia tələbini qəbul etməyərək, iddiaçını MMC-yə qarşı belə bir iddia irəli sürməsinə subyektiv hüququnun olmadığını, tərəflərindən müqavilə öhdəliyinin icra edilərək, mənzilin təhvil verildiyini bildirir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında mübahisə müqavilədən irəli gələn öhdəlik münasibətlərinin lazımınca icra edilməməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə həmin çərçivədə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın 1.1-ci bəndinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra - normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. 1.2-ci bəndinə əsasən, bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele- , kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. 1.3-cü bəndinə əsasən, bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. Məhkəmə onu da vurğulayır ki, hazırkı mübahisə üzrə tələbin əsaslılığına qiymət vermək üçün ilk növbədə cavabdehin hüquqa zidd hərəkətlərinin nədə ifadə olunması, həmin hərəkətlər nəticəsində iddiaçıya zərər vurub-vurulmadığı araşdırılmalıdır. İddiaçı iddia edir ki, özünə məxsus yaşayış sahəsinin altında yerləşən yarımstansiyadakı vibrasiya və səs-küyün normadan artıq olması səbəbindən həmin mənzildə yaşaya bilmir. Belə ki, həmin yarımstansiyanın yaratdığı maneçiliyə görə ona məxsus yaşayış sahəsində yaşayış qeyri-mümkündür və bu səbəbdən qeyd edir ki, cavabdeh MMC aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Məhkəməyə yazılı etirazla müraciət edən cavabdeh isə mübahisəli mənzildəki normadan artıq səs-küyə görə MMC-nin cavabdehlik daşımadığını, cəmiyyətin binanı sakinlərə təhvil verməklə öz üzərlərinə götürdükləri öhdəliklərini icra etdiklərini bildirir. Göründüyü kimi, cavabdeh MMC iddiaçının mübahisəli mənzildən təyinatı üzrə istifadəsinin mümkün olmamasını yuxarıda qeyd edilən arqument ilə əsaslandırır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinin tələbinə əsasən, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən isə yaşayış sahəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Həmin Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəllənin 13.3-cü maddəsi). Lakin məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd edilən arqumenti ilə razılaşmaq olmaz. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh MMC xx.xx.2021-ci il tarixli müqaviləni imzalamaqla, iddiaçını söküntüsü aparılmış mənzilinin əvəzində yeni mənzillə təmin edəcəyi barədə öhdəlik götürmüşdür. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh MMC-nin sözügedən müqavilə üzrə iddiaçını inşa etdikləri yaşayış binasında mənzil ilə təmin (şərtləşdirilmiş ölçüdə, yerdə və s. formada) etməsi, cavabdehin öhdəliklərinin tam bitmiş hesab edilməsi üçün əsas ola bilməz. Mülki və mənzil qanunvericiliyinin müddəalarına əsasən, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə, adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli, o cümlədən iddiaçının daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) mənzil sahəsi ilə sonuncunu təmin etməli olduğu halda, bunu etməmişdir. Mülki mübahisənin bu halı iş üzrə mötəbər sübut olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-4/949 №-li ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, ekspertin gəldiyi nəticəyə görə müəyyən olmuşdur ki, 13 avqust 2024-cü il tarixdə saat 22:00-da ünvan 4 ünvanında keçirilmiş baxış və laborator müayinələr zamanı aparılmış ölçmələrin nəticələrinə görə qeyd olunan ünvanda səs-küyün səviyyəsi “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin, xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” ilə gecə saatları üçün müəyyənləşdirilmiş yol verilən səviyyədən artıq olmuşdur. Bu baxımdan məhkəmə bildirir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə, qanunvericiliyin sübutlarla bağlı tələbini əsas götürüb qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta bir mənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübutedilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Buna görə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi səbəbindən iddiaçıya dəymiş maddi ziyan ödənilməlidir. Məhkəmə hesab edir ki, zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Belə ki, tərəflər arasında əvvəllər mövcud olmuş xx.xx.2018-ci il tarixli fərdi yaşayış evinin söküntüsü ilə əlaqədar bağlanmış müqavilə etibarsız hesab edilsə də, həqiqi vəziyyətə məhz bu münasibətlər nəticəsində mövcud olan qiymətlər, yəni kirayə haqqı əsas götürülməklə hüquqi qiymət verilməlidir. Hər bir halda, cavabdehlə iddiaçı arasında əvvəllər razılaşdırılmış kirayə haqqının məbləği kimi 500 manat pul vəsaiti əsas götürülmüşdür ki, həmin məbləğin həcmi işin hallarına görə də ağlabatan məbləğdir. Bir digər mübahisəli hal isə maddi ziyanın vurulduğu vaxt dövrü ilə bağlıdır. Bununla bağlı məhkəmə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3998/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə işin müəyyən olunmuş halını qeyd etməyi zəruri hesab edir. Həmin qətnamədə qeyd edilir ki, ... iddiaçı qeyd olunan məbləğlərin kirayə haqqı olduğunu bildirsə də, xx.xx.2021-ci il tarixli müqavilələrdə tərəflər belə razılığa gəlmişlər ki, müqavilələr üzrə kirayə haqqının ödənilməsi nəzərdə tutulmur. Bu məsələyə qiymət verməyi davam etdirərək məhkəmə bildirir ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-673/2022 saylı qətnaməsi ilə iddiaçının sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə cavabdehdən kirayə haqqının ödənilməsi barədə tələbi rədd edilmişdir. Göründüyü kimi, iddiaçı həmin tələbləri cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə istinad edərək, kirayə haqqı kimi tələb etmişdir. İddia tələbləri isə tərəflər arasında bağlanmış müqavilədə belə bir şərtin nəzərdə tutulmaması səbəbindən təmin edilməmişdir. Hazırda isə iddiaçı yarımstansiyanın çıxarılması və maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı yarımstansiyanın çıxarılması və maddi ziyanın ödənilməsini digər əsaslardan çıxış edərək irəli sürmüşdür ki, həmin iddianı irəli sürməkdə də qismən haqlı olmuşdur. Göründüyü kimi iddiaçının maddi ziyanın ödənilməsini nəzərdə tutan tələbi iki dövrlə əhatə olunur. Birincisi 2022-ci ilin yanvar ayı daxil olmaqla xx.xx.2022-ci il tarixədək olan dövr (cavabdeh MMC-nin mənzilin təhvil verilməsi ilə bağlı göndərdiyi sms bildirişdəki tarix). İkincisi isə həmin tarixdən 2023-cü ilin mart ayınadək olan dövr (iddiaçının mübahisəli mənzilə köçdüyü tarix). Beləliklə məhkəmə, 2022-ci ilin yanvar ayı daxil olmaqla cavabdehin mənzili təhvil vermək barədə bildirişinin tarixi arasında olan dövrə görə iddia tələbini əsaslı hesab edərək, yuxarıda qeyd olunan mövqeyini davam etdirib hesab edir ki, 2021-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə iddia tələbinin rədd edilməsi hazırda iddiaçının 2022-ci ilin yanvar ayından 2022-ci ilin may ayınadək olan (4 aylıq) dövrü əhatə edən müddət üçün maddi ziyanın ödənilməsi barədə tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. İlk öncə ona görə ki, qeyd olunan tələbləri irəli sürərkən iddiaçı ayrı-ayrı əsaslardan çıxış etmişdir, ikincisi isə ona görə ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə mübahisəli mənzilin təhvil veriləcəyi tarix nəzərdə tutulmasa da, tərəflər arasında əvvəllər mövcud olmuş xx.xx.2018-ci il tarixli müqavilə ilə iddiaçının mülkiyyətində olan mənzilin söküntüsü aparılmış, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, mənzil yalnız xx.xx.2022-ci il tarixdə təhvil verilmə üçün hazır edilmişdir. Müqavilədə mənzilin təhvil verilməsi müddəti ilə bağlı şərt olmasa da, məhkəmə hesab edir ki, 2018-ci ildən 2022-ci ilədək müddətdə iddiaçıya mənzilini təhvil verməməklə, ona maddi zərər vurmuşdur. Bundan əlavə məhkəmə xx.xx.2022-ci il tarixindən 2023-cü ilin mart ayınadək olan (10 aylıq) dövr üzrə də iddia tələbini əsaslı hesab edir. Bu hissədə öz mövqeyini mötəbər sübut olan 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-4/949 №-li ekspert rəyinə istinad etməklə əsaslandırır, həmin rəydən göründüyü kimi qeyd olunan ünvanda səs-küyün səviyyəsi gecə saatları üçün müəyyənləşdirilmiş yol verilən səviyyədən artıq olmuşdur. Bununla da iddia tələbinin bu hissədə də dəlilləri öz təsdiqini tapır. Yuxarıda qeyd olunanların kontekstində məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mənzilin təhvil verilməsi ilə bağlı öhdəliyini lazımi qaydada icra etməməklə, iddiaçının əmlakından məhrum olduğu müddətdə onun məhz kirayə haqqı qismində ödəməli olduğu pul vəsaiti qismində məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 14 aylıq müddət üçün (2022ci ilin yanvar ayından 2023-cü ilin mart ayınadək olan tarix)) 7000 (yeddi min) manat (14 x 500 AZN) pul tutulmalıdır. Eyni zamanda məhkəmə, İddiaçı Məhəmməd oğlunun “yarımstansiyanın yaşayış binasının daxilindən çıxarılması, bu mümkün olmadıqda digər yaşayış sahəsi ilə əvəzlənməsi” hissəsində iddia tələbini müdafiə etməməsi ilə bağlı izahatlarını əsas götürüb, həmin hissədə iddia tələbinin rədd edilməsi qənaətinə gələrək, özünün bu mövqeyini mülki qanunvericiliyin prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, yəni qüsurlu icra etməsi nəticəsində iddiaçı yeni mənzilinə köçə bilməmiş, 2022-ci ilin yanvar ayından 2023-cü ilin mart ayınadək, iddiaçı kirayədə yaşamalı olduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 7000 (yeddi min) manat pul tutulmalıdır. Çünki, hazırda mübahisələndirilən iddia tələbi üzrə dəymiş zərərin əvəzinin tələb edilməsi (iddiaçının iradə ifadəsinin ziddinə əmlakından uzun müddət istifadə etmək imkanından məhrum olduğuna görə) mülki qanunvericilin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına əsasən, “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia tələbi qismən təmin edildiyindən 88,66 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində xərc Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 7 000 (yeddi min) manat maddi ziyanın əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 88,66 manat məbləğində dövlət rüsumu Dövlət büdcəsinin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat xərc Cavabdeh MMC-dən, tutulsun, Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar