Məhkəmə qərarları › İş №2(005)-2743/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2743/2021

31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2743/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oglu və anası X5 rayonu, Gen.Şıxlinski küçəsi, 37 saylı binada 3 ildən artıq müddətdir ki, qonşu olaraq aralarında yaxınlıq münasibəti olmuşdur. Cavabdeh özünə Bakı şəhəri, Ramana qəsəbəsində ev tikmiş, cavabdehin anası Solmaz iddiaçını da qonşu kimi həmin evə baxmağa aparmışdır. Cavabdeh oglu (anası Solmaz ilə birlikdə) həmin evin tikintisinin başa çatdırılması üçün iddiaçıdan borca pul almış, pulun əvəzində isə onun tərəfindən Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən təzə tikdiyi evi iddiaçının adına keçirməyi və iddiaçıya verməyi vəd vermiş, bu minvalla müxtəlif vaxtlarda iddiaçıdan hissə-hissə olmaqla ümumilikdə 36.000 (otuz altı min) manat məbləğində pul almışdır. Qeyd olunan evlə bağlı cavabdeh iddiaçının adına Suraxanı rayonu, Zığ Bələdiyyəsindən 21.12.2018-ci il tarixli 802 saylı arayış almış, daha sonra 27.02.2019-cu il tarixdə 010/3/201 -TŞ saylı su təchizatına dair arayış alaraq iddiaçının adına fərdi yaşayış evinə su xətti çəkdirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh oglu Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən təzə tikdiyi evi başqa şəxsə sataraq, iddiaçının pulunu mənimsəmişdir. İddiaçı ondan pulunu tələb etsədə bu günə kimi iddiaçının pulunu qaytarmamışdır. Onun barəsində Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə şikayət etmişdir. Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin 09 noyabr 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərarı ilə X1 və X3 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət işinin başlanılması rədd edilmiş, aralarında olan pul və ev verilməsi öhdəliyinin yerinə yetirilməsi ilə bağlı məsələnin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edilməsi qərara alınmışdır. Həmin qərar üzrə izahatı alnımış Cavabdeh oglu bildirmişdir ki, həqiqətən iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə olmaqla pul məbləği almış, əvəzində Suraxanı rayonu Zığ qəsəbəsində tikdiyi evi iddiaçıya verəcəyinə vəd vermiş, evə dair iddiaçının adına bir nccə arayışlar almış, sonradan guya pul məbləğində iddiaçı ilə razılığa gələ bilmədiyindən evin verilməsindən imtina elmiş və nəticədə iddiaçının bu günə 19.850 manat məbləğində borclu olduğunu etiraf etmişdir. Cavabdeh qarşı “Pul tələbinə dair" Nərimanov rayon Məhkəməsində iddia qaldırılmış, işin gedişi zamanı (21.10.2020) iddia tələbinin dəyişdirilməsinə dair yazılı ərizə təqdim edərək Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsindəki ünvanda olan evdən istifadə edərək yaşamağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli, 2(005)-1815/2020 saylı qətnaməsi ilə İddiaçı Ağababa qızının Cavabdeh qarşı "evdən istifadə etməklə yaşamağı" tələbinə dair iddia rədd edilmişdir. Həmin iş üzrə Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, hazırda iddiaçıya 20.000 (iyirmi min) manat borcu vardır. İddiaçıdan aldığı borcun əvəzinə Suraxanı rayonu, Zığ qəsəbəsi, Allahverdiyev yaşayış ünvanında tikdiyi özbaşına tikilini verməyi təklif etmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Ağababa qızının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçıya vurulmuş ziyan və ya pul tələbinə dair Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(103)-1249/2021 saylı qətnaməsi ilə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin (005)-1815/2020 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Odur ki, iddiaçı bu iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Diqləm oğlu məhkəməyə ərizə təqdim edərək iddiaçıya 20.000 (iyirmi min) manat məbləğində borcunun olduğunu və borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 23.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri, Xətai rayonu, Polis İdarəsinin 35-ci polis bölməsinin 09.11.2019-cu il tarixli cinayət işinin başlanmasını rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı, X2 və Cavabdeh izah edilmişdir ki, evin tikintisi üçün pulun verilməsi, aralarında olan evin təhvil verilməsi və öhdəlyin yerinə yetirilməsi ilə bağlı məsələnin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət edilməsi qeyd edilmişdir. Cavabdeh Diqləm oğlunun 31 may 2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçıya 20.000 (iyirmi min) manat məbləğində borcunun olduğunu və borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1981-ci ildə İmişlidə anadan olmuş və Bakı şəhəri, Nərimanov ray, Mayakovski küç, ev.9, m. 4 ünvanında qeydiyyatdadır. Xətai RPİ tərəfindən verilmiş 25.05.2005-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov ray,Gen.Şıxlinski küç, ev 37 m. 162 ünvanında qeydiyyatdadır. Xətai rayon İcra Hakimiyyəti Xətai rayonu Mənzil Kommunal Təsərüffatı Birliyi 99 saylı Mənzil Komunal İstismar Sahəsinin 28.11.2019-cu il tarixli 911 nömrəli arayışın surətindən görünür ki, Gen. Şıxlinski küçəsi, 37 saylı evin 162 mənzilində yaşayır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin21.10.2020-ci il tarixli 2(005)- 1815/2020 saylı qətnaməsi ilə İddiaçı Ağababa qızının Cavabdeh qarşı “evdən istifadə etməklə yaşamağı” tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.02.2021-ci il tarixli 2(103)- 1249/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1815/2020 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Prokurorluğunun İddiaçı ünvanalanmış 05.04.2021-ci il tarixli №18/282-21 saylı məktubdan görünür ki, “dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28-ci bəndinə əsasən qanunamüvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəktləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülkiprosessual qanunverciliyin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməlidir. Odur ki, Azərbaycan Respublikası MPMnin 25.1-ci maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X6 Bakı şəhəri Ramana qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün müxtəlif vaxtlarda İddiaçı hissə-hissə olmaqla pul vəsaitini almış, cavabdeh isə 20.000 manat pulu qaytaracağını bildirsə də, həmin pulu qaytara bilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçıya 20.000 (iyirmi min) manat məbləğində pulu qaytarmalı olmasını etiraf etmiş və bu məbləğinin hissə-hissə qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı aldığı məbləğ əsassız varlanmaya səbəb olmuşdur. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı iddiaçıya həmin pul məbləğini ödəməlidir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 20.000 (iyirmi min) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Belə ki, iddiaçı şəxsin tələb etdiyi müvafiq məbləğdə pul vəsaiti Cavabdeh Diqləm oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar