Məhkəmə qərarları › İş №2(005)-2746/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2746/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2746/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “məhkəmə əmri ilə təyin edilmiş borc öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “məhkəmə əmri ilə təyin edilmiş borc öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-757/2016 saylı məhkəmə əmri təyin edilmiş tam olaraq borc ödənildiyindən, hesablanmış borc öhdəliyinin əsassız hesab edilərək silinməsi və xitam olunması, habelə İddiaçı cavabdeh ləğvetmə prosesində olan Cavabdeh ASC-yə borcunun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, “Muğanbank" ASC-nin “Xəzər" filialından xx.xx.2013-cü il tarixli 86İ/13 saylı kredit müqaviləsinə əsasən İddiaçı 2.000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviiəsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra edilmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-757/2016 saylı məhkəmə əmrinə əsasən İddiaçı və X1 929.23 (doqquz yüz iyirmi doqquz manat 23 qəpik) manat əsas borc, 487.95 (dörd yüz səksən yeddi manat 95 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1.417,18 (bir min dörd yüz on yeddi manat 18 qəpik) manat müraciətlə ilə bağlı ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq banka ödənilməsi əmr edilmişdir. Ödənilmiş 1.237 (bir min iki yüz otuz yeddi) manat məbləğində vəsait kredit borcu üzrə silinmişdir. İddiaçı və X2 Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-757/2016 saylı məhkəmə əmrinə əsasən ləğv prosesində olan Cavabdeh ASC-yə 180.18 (bir yüz səksən manat 18 qəpik) manat kredit və iddianın irəli sürülməsi ilə bağlı ödənilmiş 20 (iyirmi) manat məbləğində borc öhdəliyi mövcuddur. Hazırki ərizə isə qeyd olunan məhkəmə əmrinə əsasən ödənilməli olan borc məbləği ilə bağlıdır. Belə ki, iddiaçı – icra sənədi üzrə borclu İddiaçı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-757/2016 saylı məhkəmə əmri ilə müəyyən edilmiş borcun tam olaraq ödənilməsinə əsaslanaraq hazırki tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi, onun silinməsini tələb etdiyi borc məbləği üzrə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və qismən icra edilmiş məhkəmə əmri olduğundan, işə iddia icraatı qaydasında mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Belə ki, iddiaçı banka olan borcunu tam ödədiyini bildirib, hesablanmış borc öhdəliyinin əsassız hesab edilərək silinməsini, borcunun olmamasını müəyyən edilməsini və öhdəliyə xitam verilməsini xahiş etsə də, qeyd edilən halların araşdırılması yalnız icra icraatı çərçivəsində mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hazırki iş üzrə iddiaçının silinməsini tələb etdiyi borc məbləği – öhdəliyi qanuni qüvvəyə minmiş məhkəmə əmri əsasında mövcuddur. Qanuni qüvvəyə minmiş Məhkəmə aktının icrası ilə bağlı hazırki tələblə məhkəməyə müraciətin prosessual forması isə iddia ərizəsi ilə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında “ərizə” ilə müraciətdir. Yəni hazırki iş icra icraatı çərçivəsində (8 indeksi ilə) baxılmalı olan işdir. Buna görə də həmin borca dair yaranmış mübahisə üzrə iddiaçının icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Bu kimi mübahisələrin icra qaydasında həll olunması, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş qaydaya riayət edilməməklə verilmişdir ki, bu da ərizənin məhkəmənin icraatına qəbul edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası MPM-nin: -114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. -153.6-cı maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı “məhkəmə əmri ilə təyin edilmiş borc öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “məhkəmə əmri ilə təyin edilmiş borc öhdəliyinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından yolverilməzliyə görə imtina olunsun. İddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə edilmiş 30 (otuz) manat (qəbz nömrəsi **********) dövlət rüsumu İddiaçıa geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. İddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar