Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2749/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 06 oktyabr 2010-ci il təvəllüdlü X5 və 15 may 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 220 manat müəyyən edilməklə, həmçinin, əlavə olaraq 50 manat, ümumilikdə 490 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin (hakim Vahid Sadıqovun sədrliyi ilə) xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq Cavabdeh ilə birgə nikahdan doğulmuş 06 oktyabr 2010ci il təvəllüdlü X5 və 15.may 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 120 manat, ümumilikdə, 240 manat X2 ödənilməsi qət edilmişdir. Cavabdeh uşaqlarının saxlanması üçün heç bir maddi kömək göstərməmişdir. Qəbələ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 120 manat aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. İddiaçı da, çox çətinliklə dolanır. Uşaqlar böyüdükcə, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün aliment məbləği yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat aliment müəyyən edilmişdir. 120 manat aliment məbləği qızlarının ən azından yaxşı tərbiyə olunmaları üçün heç də, yetərli deyil. Cavabdeh övladları ilə ümumiyyətlə, maraqlanmır. Hətta, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri qəsdən, qərəzli olaraq ödəmir. Alment məbləğinin borcu 10 000 min manatı keçmişdir. Uşaqların bütün qayğılarını, ehtiyaclarını tamamilə iddiaçı çəkməkdədir. Böyüdükcə uşaqların da atalarına münasibətdə ehtiyac və tələbatları artsa da, cavabdeh onlara münasibətdə heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni yazılı ərizə ilə məhkəməyə müraciət edərək, anasının ağır onkoloji xəstə olması və ona qulluq etməsi səbəbindən yaşadığı Qəbələ rayonundan Bakı şəhərinə gəlmək imkanı olmadığını bildirmiş və işin aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli qərardad qəbul etməklə vəsatətin rədd olunması qənaətinə gəlmiş və işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(025)-1051/2018 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında Qəbələ rayon İHB-nın Bunud kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə 13 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 06 oktyabr 2010-ci il təvəllüdlü X5 və 15 may 2013-cü il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq 06 oktyabr 2010ci il təvəllüdlü X5 və 15 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət olunmuşdur. Qəbələ rayon Bunud kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ 467367 nömrəli doğum haqqında şəhadətnamədən aydın olur ki, X5 06 oktyabr 2010-cu il tarixdə Oğuz rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Qəbələ rayon Bunud kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİ 087648 nömrəli doğum haqqında şəhadətnamədən aydın olur ki, X6 13 may 2013-cü il tarixdə Qəbələ rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 06 oktyabr 2010-ci il təvəllüdlü X5 və 15 may 2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(025)-1051/2018 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, 06 oktyabr 2010-ci il təvəllüdlü X5 və 15 may 2013-cü il təvəllüdlü X1 Xəyalə Həbib qızının yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh cəmi 240 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda isə İddiaçı bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində sabit aliment, həmçinin əlavə xərclərlə əlaqədar 50 manat sabit pul məbləğinin tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı şəhəri Qəbələ Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(025)-1051/2018 saylı qətnaməsi ilə hər uşağa görə 120 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən 120 manat məbləğdə alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin hər ay 220 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay uşaq üçün 200 manat məbləğində, müəyyən edilməlidir. Məhkəmə “uşaqlara görə əlavə xərclərdə iştirak etməsi üçün 50 manat sabit pul məbləğində əlavə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları mülki işə baxan məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla tətbiq edilməldir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün əlavə xərclərin əvəzinin tutulmasıı tələb etsə də, iddia tələbinin bu hissədə əsaslı olduğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə “aliment məbləğinin artırılmasının iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanması” hissədə iddia tələbi ilə bağlı qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 06 oktyabr 2010-ci il təvəllüdlü X5 və 15 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 06 oktyabr 2010-ci il təvəllüdlü X5 və 15 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2749/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2749/2023
22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver