Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2761/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017ci il tarixli 2(005)-3153/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin xx xxxx 2020-ci il tarixdən Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(005)-3153/2017 saylı qətnaməsi ilə xx.xx.2002ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə 136.60 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi qət edilmişdir. Hazırda yaşayış durumu qənaətbəxş səviyyədə deyil, uşağın maddi təminatı hər ay artır və bunları qarşılamaqda əziyyət çəkir. Cavabdendən tutulan alimentin miqdarı uşağın layiqli həyat şəraitinin təmini üçün kifayət etmir. Ona görə də, alimentin miqdarının artırılaraq xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin xx xxxx 2020-ci il tarixdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(005)-3153/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh sabit pul məbləğində 136.60 (yüz otuz altı manat altmış qəpik) manat alınaraq ünvan 2 mənzil 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6810/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(005)- 3153/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İ 110555 seriyalı Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxxx 2010-cu il tarixdə 275 nömrəli qeyd edilmişdir. Qadına “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan İ-AK № 703314 nömrəli xx xxxx 2003-cü il tarixdə X1-Peterburq şəhərinin Frunse rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2002-ci ildə anadan olmuşdur. Beləliklə, məhkəmədə iddiaçının izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(005)- 3153/2017 saylı qətnaməsi ilə xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh sabit pul məbləğində 136.60 (yüz otuz altı manat altmış qəpik) manat alınaraq ünvan 2 mənzil 1 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırki iddia ilə ölkədə uşağın saxlanması üçün yaşayış minimumu haqqında qanuna əsasən aliment məbləğinin artırıldığını bildirir. Bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilərək sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Odur ki, iddia qismən təmin edilməli, alimentin tutulma vaxtı bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-3153/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment hesablanaraq İddiaçı, habelə dövlət rüsumunun məbləği 30 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 3153/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment hesablanaraq İddiaçı ödənilsin. Cavabdehdən dövlət rüsumunun məbləği 30 manat tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2761/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2761/2020
25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver