Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2770/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8557.07 ( səkkiz min beş yüz əlli yeddi manat yeddi qəpik) manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin xx.xx.2012-ci ildən xx.xx.2019-cu ilə qədər baş mühasib vəzifəsində işləmiş Cavabdeh xx.xx.2014-cü il tarixində 1500 ( bir min beş yüz), 11.05 2016-cı il tarixində 3000 (üç min) manat və xx.xx.2017-ci il tarixində 2000 (iki min) manat avans məbləği götürüb. xx.xx.2014-cü il tarixli avans məbləği xx.xx.2015-ci İl tarixinə qədər aylıq əmək haqqından tutuluraq ödənilmişdir. xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərində götürülmüş ümumi 5000 (beş min) manat avans məbləğindən ümumilikdə şirkətin hesabına 1310 (bir min üz yüz on) manat məbləğ geri qaytarılmışdır. Hal-hazırda xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli ərizələr üzrə götürülmüş avans məbləğləri üzrə Cavabdeh hal-hazırda “xxxxxxxxx” MMCyə 3690 (üç min altı yüz doğsan) manat borcu var. Bundan başqa İddiaçı MMC-nin xx.xx.2012-ci ildən xx.xx.2019- cu ilə qədər baş mühasib vəzifəsində işləmiş Cavabdeh tərəfindən özünə, həyat yoldaşı Əliyeva Afaq və övladları Babayev Faiq, Babayev Eldarın adına ümumi dəyəri 2587,30 ( iki min beş yüz səksən yeddi manat otuz qəpik) manat məbləğinə təyarə biletləri alınmış və təyarə biletlərinin məbləğləri İddiaçıMMC-nin hesabından ödənilmiş və eləcədə X1 otel ödənişləri olan 2279.77 ( iki min iki yü/. yetmiş doqquz manat yetmiş yeddi qəpik) manat məbləğini də “İddiaçı’’ MMC-nin hesabından ödəmişdir. Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8557.07 ( səkkiz min beş yüz əlli yeddi manat yeddi qəpik) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8557.07 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddia tələbi rədd edilməlidir. Birinci onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibət faktiki olaraq əmək münasibətidir. Bu səbəblə də onlar arasında yaranmış mübahisəyə mülki qanunvericilik deyil, əmək qanunvericiliyi tətbiq edilməlidir. Əgər əksi olarsa o zaman tərəflər arasında olan mübahisənin sərhədlərinin müəyyən edilməsi mümkün ola bilməz. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi ödənişlər birmənalı olaraq əmək münasibətləri çərçivəsində yaranmış tələblərdir. Belə ki iddia ərizəsində qeyd edildiyi kimi avans məbləğləri əmək haqqının qabaqcadan alınmış hissəsidir. Digər tələblər isə iddiaçının əmək funksiyası ilə bağlı edilmiş ödənişlərdir. Bu səbəbdən də tərəflər arasında yaranmış mübahisə mülki deyil, əmək mübahisəsidir. Belə olan halda Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən iddiaçı tələbetmə müddətini ötürmüşdür. Belə ki, qeyd edilən normaya əsasən “işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində çüraciət edə bilər” Məhkəmə tərəfindən mübahisə mülki mübahisə kimi dəyərləndirilsə belə avans ödənişləri üzrə də 3 illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də avans ödənişləri üzrə də iddia tələbi rədd edilməlidir. Digər tələblər üzrə isə iddiaçı qeyd edilən biletlərin ödənişlərini və otelin xərclərini cavabdehin razılığı və tələbi olmadan yerinə yetirdiyinə görə iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş və iş üzrə təqdim olunmuş: Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixdə Cavabdeh İddiaçı MMC-nin direktoru F.A.Nəcəfova ərizə ilə müraciət edərək, ona aylıq əmək haqqından tutulmaq şərtilə 1500 AZN məbləğində pul verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə Cavabdeh İddiaçı MMC-nin direktoru F.A.Nəcəfova ərizə ilə müraciət edərək, ona aylıq əmək haqqından tutulmaq şərtilə 300 AZN məbləğində pul verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Cavabdeh İddiaçı MMC-nin direktoru F.A.Nəcəfova ərizə ilə müraciət edərək, ona aylıq əmək haqqından 200 manat tutulmaq şərtilə 2000 AZN məbləğində pul verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan 161 nömrəli xx xxx 2016-cı il tarixli Ödəniş tapşırığından görünür ki, 3000 manat məbləğində pul avans ödənişi (qaytarılmaq şərti ilə borc) kimi İddiaçı MMC tərəfindən Cavabdeh verilmişdir. İş materiallarında olan 526 nömrəli xx xxxx 2017-ci il tarixli Ödəniş tapşırığından görünür ki, 2000 manat məbləğində pul avans ödənişi (qaytarılmaq şərti ilə borc) kimi İddiaçı MMC tərəfindən Cavabdeh verilmişdir. İş materiallarında olan 73.02 saylı Hesab kartoçkasından görünür ki, Cavabdeh əmək haqqından sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə olmuşdur. İş materiallarında olan xx.xx.2018-xx.xx.2018 tarixlərində satılmış aviabiletlərin siyahısından görünür ki, Afaq Əliyeva, Cavabdeh, Babayev Heydər və Babyev Faiqin adına ümumi dəyəri 2587,30 manat məbləğində təyyarə biletləri alınmış və otel ödənişi olan 2279,77 manat İddiaçı» MMC-nin hesabından ödənmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan arayışa əsasən, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8557,07 manat borcu təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırda iddia tələbinə əmək qanunvericiliyinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 175.3-cü maddəsinə əsasən, işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192.1-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2-ci maddəsinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 198-ci maddəsinə əsasən Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 201.3-cü maddəsinə əsasən, əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Beləliklə, məhkəmədə müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-dən müxtəlif vaxtlarda 5000 manat pul avans olaraq almış, ümumilikdə iddiaçının hesabına əmək haqqından 1310 manat geri qaytarmışdır. Hal-hazırda götürülmüş avans məbləğləri üzrə Cavabdeh 3690 manat borcu var. Bundan başqa cavabdeh tərəfindən ailə üzvləri Afaq Əliyeva, Babayev Heydər və Babayev Faiqin adına və özünə ümumi dəyəri 2587,30 manat məbləğində təyyarə biletləri alınmış və otel ödənişi olan 2279,77 manat İddiaçı MMC-nin hesabından ödənmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etmir, iddiaçı ilə cavabdehin arasında yaranmış münasibətin faktiki olaraq əmək münasibətləri olduğunu, bu səbəbdən də əmək qanunvericiliyinin müddəalarının tətbiq edilərək, AR Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş edir. Məhkəmədə sübut olunur ki, cavabdeh tərəfindən İddiaçı MMC-dən avans olaraq götürülmüş borc məbləğini tərəflər arasındakı əmək müqaviləsinə xitam verildiyi müddətədək hər ay əmək haqqından hissə-hissə tutulmaqla ödəmişdir. Belə ki, cavabdehin əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Habelə, İddiaçı MMC cavabdehin özü və ailə üzvləri üçün 2587,30 manat məbləğində təyyarə biletləri və otel ödənişi olan 2279,77 manat məbləğində işəgötürənə vurulmuş maddi ziyanın tələb edilməsi üçün əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş müddəti ötürmüşdür. AR Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən, İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilərdi. Lakin göründüyü kimi, iddiaçı poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, borc məbləğinin və ona vurulmuş maddi ziyanı məhkəmə müstəvisində mübahisələndirmiş, bu səbəbdən də belə bir iddia irəli sürmək üçün prosessual müddəti ötürmüşdür. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2770/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2770/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver