Məhkəmə qərarları › İş №2(005)-2771/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2771/2020

03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2771/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh “X7 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “X7 İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əldən çıxmış faydanın və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5996,52 manat məbləği vaxtında onlara ödəmədikləri üçün depozit əmanəti, 10 il müddətinə 8000,15 manat əldən çıxmış faydanın onun xeyrinə tutulması, vəkilə ödədiyi 110 manat, hüquqi xidmətə görə ödədiyi ümumi 450 manatın, dövlət rüsumları 70 manatın pul cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, omim mərhum həyat yoldaşı ilə cavabdeh arasında bağlanan 2008-ci müqavilə üzrə 11.000 manat ödənildikdən sonra 2010-cu il tarixində həmin mənzildən həyat yoldaşı imtina etdi və həmin müqavilə ləğv edildi. Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən ona yəni müqavilə üzrə alıcı X3 vərəsəlik üzrə çatacaq 11.000 manat, hüquqi xidmətə görə ödənilən vəsaiti və dövlət rüsumumun Akkord ASC-dən tutularaq ona ödənilməsi təmin edilmişdir. Həmin iş üzrə birinci instansiya məhkəməsində cavabdeh, X7 İnvestisiya Korporasiya ASC keçirilmiş məhkəmə prosesslərində və iddiadan xəbərsiz olduğunu apellyasiya şikayətində bildirmişdir. Bundan əvvəl o dəfələrlə 2017-ci il tarixdən şifahi və sonradan pretenziya məktubuna əsasən müraciət edərək, mərhum həyat yoldaşı Bağırlı Zavur tərəfindən ödənilən 11.000 manatın geri qaytarılmasını tələb etsə də, müsbət nəticə verməmiş və nəticədə o məhkəməyə müraciət etmişdir. Müraciət etdiyi iddia üzrə tələbi təmin edilmiş və 11.000 manat maddi və həmçinin hüquqi xidmətə görə ödədiyi ödənişi təmin ediblər. Lakin sonradan ilkin ödənişin çıxılması səbəbi ilə qəbzləri hesablayaraq həmin məbləğ 7008 manat hesablanmış və ilkin ödəniş çıxılmaqla 5983,92 manat ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, hazırki tələbi 5996,52 manat məbləği xx.xx.2020-ci il tarixində icra şöbəsi tərəfindən ödənilmişdir. 5996,52 manat məbləği vaxtında onlara ödəmədikləri üçün o depozit əmanəti 10 il müddətində 5000,15 manat gəlirindən mərhum olunmuşdur. 5996,52 manat məbləğin 10 illik 11 faiz gəliri 5000,15 manatı pulu 10 gün müddətində, yəni xx xxxx 2020 ci il tarixədək ödəməlisiniz. Həmçinin həyat yoldaşını psixoloji sarsıntılara çatdırdıqlarına görə də əlavə olaraq müraciət edərək 3000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X7 İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək, yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı bundan əvvəl Akkorda qarşı maddi və mənəvi ziyan ödənilməsi tələbinə dair iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, iddia xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 671/2019 saylı qətnamə ilə iddia qismən təmin olunmuşdur. Akkordun qətnamədən verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq, xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8242/2019 saylı qətnamə ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli , 2(005)-671/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnaməyə əsasən Akkord iddiaçının xeyrinə 5983,92 manat maddi zərər, 12,6 manat dövlət rüsumu, cəmi 5996,52 mar tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 8242/2019 saylı qətnaməsi icra olunmuşdur. X2 hazırkı iddiası ilə əvvəlki iddiasının əsası və predmeti əslində eynidir. O, əslində hazırkı iddiasında da əvvəlki iddiasında olduğu kimi maddi və mənəvi ziyan tələb edir. O, hazırkı iddiasında tələbini mənəvi zərərə görə 3000 manat və 5000,15 manat maddi ziyanı toplayaraq, cəmi 8000,15 manat əldən çıxmış fayda şəklində yazaraq formal ola iddianın predmetini və əsasını dəyişmiş hesab edərək məhkəməni yanıltmaq istəmişdir. Beləliklə, göründüyü kimi İddiaçı təkrar eyni əsas məhkəməyə müraciət etmişdir. Ona görə icraata xitam verilməlidir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-671/2019nömrəli xx.xx.2019cu il tarixli Qətnaməsinin surətinə əsasən İddiaçı cavabdeh "X7 İnvestisiya Korporasiyası” ASC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilərək, cavabdeh "X7 İnvestisiya Korporasiyası” ASC-dən ödənilmiş 11000 manat məbləğində puldan ilkin ödəniş məbləği çıxılmaqla maddi ziyan, 250 manat hüquqi xidmətlər, 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləği İddiaçı xeyrinə tutulması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8242/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh "X7 İnvestisiya Korporasiyası” ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-671/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, "X7 İnvestisiya Korporasiyası” ASC-dən İddiaçı xeyrinə 5983,92 (beş min doqquz yüz səksən üç manat doxsan iki qəpik) manat maddi zərər, 12,6 (on iki manat altmış qəpik) manat dövlət rüsumu, cəmi 5996,52 (beş min doqquz yüz doxsan altı manat əlli iki qəpik) manat tutulması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-45/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli Qərarın surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 22(103)-8242/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; 315808 saylı, xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, 15 saylı Vəkil Bürosuna 110 manat pul ödənilmişdir; İşd olan digər qəbzlərlə xx.xx.2018-ci ildə 50 manat, xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat hüquqi yardım üçün pul ödəmişdir. xx.xx.2020 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında başqa mülki mübahisə olmuş, hazırkı iş üzrə iddiaçının xeyrinə 5983,92 (beş min doqquz yüz səksən üç manat doxsan iki qəpik) manat maddi zərər, 12,6 (on iki manat altmış qəpik) manat dövlət rüsumu, cəmi 5996,52 (beş min doqquz yüz doxsan altı manat əlli iki qəpik) manat tutulması qət edilmiş, həmin iş üzrə yekun məhkəmə aktının qüvvəyə minməsi xx xxxxxx 2020-ci il tarixində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-45/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə mülki iş yekunlaşmışdır. Hazırda iddiaçı ona zərər dəyməsini onunla əsaslandırır ki, “X7 İnvestisiya Korporasiyası” ASC məhkəmə qətnaməsini gec icra etdiyi üçün onun xeyrinə tutulan puldan istifadə edə bilməmişdir. Buna görə də, iddiaçı 8000,15 manat əldən çıxmış faydanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; bu səbəblə də cavabdehin təqsirliliyi məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bununla yanaşı qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı 8000,15 manat əldən çıxmış faydanın onun xeyrinə tutulmasını tələb etsə də, ona öhdəliklərin icra edilməməsinə görə hər hansı gəlir, artım, bəhər və s. əldə edilməsindən məhrum olması sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia tələbin göstərilən 8000,15 manat əldən çıxmış faydanın onun xeyrinə tutulması hissədə rədd edilməlidir. İddiaçı cavabdehin onun vəsaitini saxladığı üçün ona zərər vurulmasına istinad etsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. Digər tərəfdən, iddia tələbinin «vəkilə ödədiyi 110 manat, hüquqi xidmətə görə ödədiyi ümumi 450 manatın, dövlət rüsumları 70 manatın pul cavabdehdən onun xeyrinə tutulması» hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hüquqi xidmətlərə görə pul vəsaitini müxtəlif vaxtlarda ödəmiş, həmin pulun məhz hazırkı mülki işlə bağlı olduğu müəyyən olunmur. İddiaçının dövlət rüsumlarının tutulması ilə bağlı tələbi isə əsassızdır, belə ki, həmin rüsumlar 2(005)-671/2019 nömrəli mülki işə baxılarkən məhkəmə (eləcə də, apellyasiya və kassasiya instansiyası) tərəfindən iddianın təmin olunmasına mütənasib olaraq tərəflər arasında bölünmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh “X7 İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əldən çıxmış faydanın və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “X7 İnvestisiya Korporasiyası” ASC-yə qarşı “əldən çıxmış faydanın və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar